Bakı Biznes Universitetində Zəfər Günü qeyd olunub - FOTO
5 Noyabr 2021 22:24 SiyasətBakı Biznes Universitetinin qazi olmuş məzun və tələbələrinin Almaniyada müalicəsini universitet öz üzərinə götürüb
Noyabrın 5-də Bakı Biznes Universitetində 8 Noyabr - Zəfər Günü ilə bağlı möhtəşəm tədbir keçirilib.
Əvvəlcə universitetin rektoru iqtisad elmləri doktoru, professor İbad Abbasov tədbir iştirakçıları ilə birgə 44 günlük Vətən Müharibəsində Bakı Biznes Universitetinin məzun və tələbələrindən ibarət olan şəhid, qazi və iştirakçıların xatirəsinə yaradılmış guşəni ziyarət edərək qarşısına gül dəstələri qoyublar.
Daha sonra universitetin rektoru, professor İbad Abbasov Bakı Biznes Universitetinin şəhid məzunlarının ailəsi ilə görüşərək onların qayğı və problemləri ilə maraqlanıb. Görüş zamanı rektor şəhid ailələrinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması, maddi durumuna kömək məqsədilə onlara müəyyən qayğılar göstərilməsi ilə bağlı göstərişlər verib.
Tədbirin əvvəlində Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov 8 Noyabr - Zəfər Günü ilə bağlı çıxış edərək bu günün Azərbaycan xalqının tarixinə ən şərəfli bir tarix olaraq yazıldığını vurğulayıb. O, həmçinin bu şərəfli günü bizə yaşadan ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin güclü iradəsindən, şanlı ordumuzun qəhrəmanlığından və bütövlükdə xalqımızın rəşadətindən bəhs edib. Rektor qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yüksək döyüş qabiliyyətinə malik qəhrəman Azərbaycan Ordusu döyüş meydanında əsl peşəkarlıq nümayiş etdirərək, torpaqlarımızın işğaldan azad olunması əməliyyatını uğurla həyata keçirdi. 30 ilə yaxın müddət ərzində işğal altında qalan torpaqlarımız rəşadətli Ordumuzun qəhrəman övladlarının sayəsində 44 gün ərzində azad olundu.
Rektor, çıxışında Bakı Biznes Universitetinin qazi olmuş məzun və tələbələrinin sağlamlıq problemlərinə də toxunaraq onların mərhələlərlə Almaniyada müalicəsini universitet olaraq öz üzərinə götürdüklərini bəyan edib. Rektor daha sonra müharibə iştirakçıları və qazilərin iş imkanları haqqında danışaraq bu barədə də onlara köməklik göstəriləcəyinə söz verib. Rektor həmçinin müvəqqəti əmək qabiliyyətini itirmiş qazilərə minimum həddə ömürlük təqaüd təsis etdiyini bildirib.
Tədbirin sonunda Bakı Biznes Universitetinin bədii yaradıcılıq kollektivinin iştirakı ilə geniş konsert proqramı olub.

