İki əsrlik Qarabağ münaqişəsinə birdəfəlik son qoyuldu
4 Noyabr 2021 16:14 Siyasətİstiqamət-Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi"ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması
İki əsrlik Qarabağ münaqişəsinə birdəfəlik son qoyuldu
Azərbaycan bu günlərdə böyük fəxarətlə 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbənin birinci ildönümünü qeyd edəcək. Birmənalı şəkildə qeyd etmək olar ki, 30 il işğal altında qalan torpaqlarını düşmən tapdağından azad edən, ölkənin ərazü bütövlüyünü təmin edən rəşadətli Azərbaycan Ordusunun Zəfər bayramını təntənəli şəkildə qeyd etməyi haqq etdi. Artıq qürur hiss ilə deyə bilərik ki, Qadabağ Azərbaycandır, Şuşa azaddır. Hər gününü sonsuz ümidlə, həyacanla, sevinc və göz yaşları ilə yaşadığımız möhtəşəm 44 gün sözün əsil mənasında Azərbaycan dövləti və xalqına qələbə hissi yaşatdı. Məhz bu baxımdan 44 günün hər günü bizim üçün şanlı tarixdir. Onu da qeyd etməliyiyk ki, bu sevinci, fərəh hissini bizə Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və rəşadətli Azərbaycan Ordusu yaşatdı. Nəzərə almaq lazımdır ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi-siyasi qələbəsi ilə bitən bu savaş ilk növbədə dünyaya Azərbaycan qüdrətini nümayiş etdirmiş oldu. İşğalçı Ermənistan 30 ilə yaxın müddətdə büynəlxalq təşkilatların yaratdıqları ikili standartlar prinsipi və cəzasıqlıq mühitindən yararlanaraq məkirli oyunlarından əl çəkmədi. Azərbaycana qarşı bütün dövrlərdə təxribatlar törədildi. Amma Azərbaycan dövləti və onun uzaqgörən lideri Prezident İlham Əliyev hər zamankı kimi səbr nümayiş etdirdi, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinin tərəfdarı oldu. Ermənistan isə status-kvonun saxlanması üçün bütün çirkin oyunlara əl atdı. Lakin regionda baş verən proseslərə, Ermənistanın havadarlarının ciddi səylərinə baxmayaraq Prezident İlham Əliyevin möhkəm iradəsi və "dəmir yumruğu" ədalətli qələbəni təmin etdi.
Millət vəkili Azər Badamov hesab edir ki, 44 günlük Vətən müharibəsində nail olduğumuz Qələbə Azərbaycanın mövcudluq tarixinin ən uca zirvəsidir: "Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi əsasında hakimiyyətə qayıdışı ilə bu gün bir ilini qürurla və sevinclə qeyd etdiyimiz tarixi Qələbənin əsasları qoyulmuşdu. 1994-cü ildə Ali Baş Komandan Heydər Əliyevin rəhbərliyi ilə yenicə formalaşdırılmış ordumuz əks hücuma keçərək Füzuli rayonunun 21 kəndini və Horadiz qəsəbəsini, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini işğaldan azad etməklə azğınlaşmış erməniləri geri oturdaraq atəşkəsə nail olunmuşdur. Ulu Öndər Heydər Əliyevin bünövrəsini qoyduğu ordumuz Prezident İlham Əliyevin rəhbərliyi ilə günü-gündən güclənərək müasirləşdi. Təbii ki, ordunun gücləndirilməsi üçün ölkənin iqtisadi gücü formalaşmalı idi. Son 18 ildə Ümummilli Liderin siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin təkmil islahatları nəticəsində Azərbaycan iqtisadi müstəqilliyinə nail oldu, dünyada öz sözünü deyən və haqq səsini müdafiə edə bilən ölkəyə çevrildi. Cənab İlham Əliyev yenidən müharibənin yaşanmasını, şəhidlərin verilməsini istəmirdi. Ona görə də hər dəfə düşmən təxribatlarının qarşısı alınmaqla münaqişənin ədalətli həllinə danışıqlar yolu ilə nail olmaq istəyirdi. Amma Ermənistanın xalqımızın hisslərinə toxunan və təhqiredici hərəkətləri ötən il 27 sentyabrda son qərarımızı verməyə vadar etdi. Əlbəttə ki, Azərbaycan xalqı və əsgəri öz torpağını erməni tapdağından azad etməyə hazır idi. Zaman da onu göstərdi ki, Azərbaycan dünya müharibə praktikasında yeniliyə imza atdı, ilk dəfə müasir texnoilogiyalardan istifadə etdi. Ali Baş Komandanın seçdiyi çox düzgün döyüş taktikası sayəsində 44 günlük müharibənin hər gününü addım-addım irəliləməklə Qələbəyə yaxınlaşdıq. Nəhayət, 8 noyabrda Şuşanı işğaldan azad etməklə düşmən ordusunu tamamilə məhv və masa arxasında danışıqlardan imtina edən Paşinyanı naməlum şəraitdə üçtərəfli Bəyanatı imzalamağa məcbur etdik".
Milli Məclisin üzvü Hicran Hüseynova qeyd edib ki, Prezident İlham Əliyev ölkəmizi yad təsirlərdən qorumağı bacardı: "Dövlət başçısı dünyaya "Bakı prosesi" layihəsini təqdim etdi. O, islamofobların və infoimperialistlərin müsəlman şərqində uğurla həyata keçirdikləri "lidersizləşdirmə, ideologiyasızlaşdırma və dövlətsizləşdirmə" siyasətinin ölkəmizdə həyata keçirilməsinin qarşısını ustalıqla aldı. Bu hücuma qarşı dəqiq və olduqca incə düşünülmüş milli vətənpərvərlik, milli mənəviyyat və milli ailə dəyərləri sipərini çəkdi. İlham Əliyev "neft kapitalını insan kapitalına çevirək" şüarı ilə kreativ gənclik yetişdirmək məsələsini strateji vəzifə kimi müəyyənləşdirdi və bununla da Azərbaycanın gələcək inkişafını təmin etdi. Qanunvericilik bazasının təkmilləşdirilməsi, hüquq və azadlıqların təmin olunması istiqamətində görülən tədbirlər, siyasi plüralizmin dəstəklənməsi, çoxpartiyalı sistemin inkişafı və digər istiqamətlər üzrə prioritet hesab olunan prinsiplər ölkədə davamlı demokratik cəmiyyətin inkişafından xəbər verir. Prezident İlham Əliyev öz fəaliyyəti ilə həm partiya sədri, həm prezident, həm də Ali Baş Komanda kimi hər bir vətəndaşımızın maraqlarını müdafiə etmiş, hər bir azərbaycanlının prezidenti olduğunu dəfələrlə sübuta yetirmişdir. Nəhayət, 44 günlük Vətən Müharibəsi nəticəsində uzunmüddətli işğala son qoyaraq ərazi bütövlüyümüzü, suveren hüquqlarımızı bərpa etdi. Hələ 2003-cu ildə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqına müraciət edərək, özünün siyasi varisi İlham Əliyevə dəstək göstərməyə çağırış etdi. Özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi dahi şəxsiyyət əmin idi ki, onun axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri xalqın köməyin və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək. Tarix bu fikirlərin nə qədər doğru olduğunu bir daha sübut etdi".
Qətiyyətlə demək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti, xalqı və ordusu məqsədə çatmaqdan ötrü bütün gücünü və imkanlarını ortaya qoydu, dərhal səfərbər olunaraq qüdrətli, nəhənğ yumruğa çevrildi. Çünki, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu müharibəyə aşkar və məxfi şəkildə bütün bacarıq və qabiliyyəti, istedad və xarizması ilə hazırlaşmışdı. Qətiyyətli, prinsipial Lider nəyi, nə vaxt və necə edəcəyini dəqiq müəyyənləşdirmişdi. Bunun nəticəsi də Ermənistan üçün çox ağır oldu. İlham Əliyev qısa vaxt - 44 gün ərzində dəmir yumruğu ilə düşmənin başını əzib, belini qırdı. Yeni taktika və strategiya tətbiq edərək Ermənistan ordusunu məhv etdi, qorxaqlar və fərarilər yığnağına çevirdi. Ali Baş Komandan İlham Əliyev qoyduğu şərtlər əsasında düşmənə təslim aktını, üçtərəfli bəyanatı imzalatdırdı, Ağdam, Laçın və Kəlbəcəri bir güllə belə atmadan, dinməz-söyləməz qaytarmağa məcbur etdi. Azərbaycan xalqının 30 illik həsrətinə son qoyuldu və İlham Əliyev əsrlər sonra ilk dəfə olaraq Qüdrətli Sərkərdə kimi itirilmiş torpaqları qaytardı. İki əsrlik Qarabağ münaqişəsini birdəfəlik, həm də uğurla həll etdi. Azərbaycan xalqını dünyaya məğrur, döyüşkən, öz torpaqlarına sahib çıxan xalq kimi yenidən tanıtdı.
Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir