Bu da prezidentin müharibəyə qədər uzun illər apardığı siyasətin nəticəsidir
4 Noyabr 2021 18:05 Siyasət"Qarabağ zəfərinin əldə olunmasında bir neçə əsas komponent həlledici rol oynayırdı. Bunlar Azərbaycan xalqının tarixən öz ərazilərinə, öz dövlətinə, müstəqilliyinə bağlı olması ilə əlaqədar idi. Azərbaycan xalqı nə qədər müəyyən mənada ruhdan düşmüş olsa da, bu torpaqların qayıdacağına inamını, ümidini heç vaxt itirmədi. Bu itməyən ümüd qələbəni təmin edən əsas komponentlərdən biriydi."
Bunu "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib. Onun sözlərinə görə, Qarabağ zəfəri Azərbaycan tarixinin ən məzmunlu və ən böyük hadisələrindən biridir. Bu zəfər tarixi hər bir azərbaycanlının qürur duyduğu, millətinin xarüqələr yaratdığı tarixlərdən biri kimi yaddaşlarda qalacaq.
" Qarabağ zəfəri məzmun etibarilə bizim ölkəmizin, müstəqil Azərbaycanın tarixində tamamilə yeni bir dövr açdı. Yeni bir mərhələnin ən müxtəlif əlamətləri artıq göz qabağındadır. Qarabağ zəfərindən başlayan mərhələdə tamamilə yeni dünyagörüşünə və yeni mənəviyyata, şərəf, ləyaqət prinsiplərinə malik olan bir toplum formalaşdı. Zəfərimizdən sonra Azərbaycan xalqı məğlub psixologiyadan və əhval -ruhiyyədən tamamilə çıxdı. Qarabağ zəfərindən sonra bizim ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Hər bir azərbaycanlıya qürur hissi yaşada biləcək proseslərin başlanğıcı oldu. 30 illik erməni işğalına son qoyuldu və erməni faşizminin bu bölgəni əbədi və dəhşətli əsarət altına sala bilməsi kimi bir təhlükənin qarşısı bəlkə də neçə yüzilliklərlik aradan qaldırıldı. Əlbəttə bu böyük zəfərin qazanılması öz-özünə baş verməmişdi. Bu Azərbaycan xalqının böyük əziyyətləri, qanı, canı hesabına, Azərbaycan oğullarının rəşadəti və igidliyi sayəsində əldə olundu. Təbii ki, Qarabağ zəfərinin əldə olunmasında bir neçə əsas komponent həlledici rol oynayırdı.Bunlar Azərbaycan xalqının tarixən öz ərazilərinə, öz dövlətinə, müstəqilliyinə bağlı olması ilə əlaqədar idi. Azərbaycan xalqı nə qədər müəyyən mənada ruhdan düşmüş olsa da, bu torpaqların qayıdacağına inamını, ümidini heç vaxt itirmədi. Bu itməyən ümüd qələbəni təmin edən əsas komponentlərdən biriydi. Azərbaycan ordusunun fiziki və hərbi texniki nöqteyi- nəzərdən tam şəkildə formalaşdırılması, qələbəmizi şərtləndirən mühüm komponentlərdən birdir. Azərbaycan dövlətinin iqtisadi gücü və potensialı, iqtisadi sisteminin yaranması və ölkə daxilində sabitliyin əsas faktorlarından birinə çevrilməsi sözsüz ki qələbəmizi təmin edən növbəti komponentdir. Azərbaycanın xaricdə fəaliyyət göstərən aktiv diaspor nümayəndələrinin verdiyi dəstək burda da öz rolunu oynadı. Azərbaycan mediasının informasiya dəstəyi öz rolunu və təsirini göstərdi. Azərbaycanın dünyada olan dostlarının, birinci növbədə qardaş Türkiyənin və onun prezidentinin hərtərəfli dəstəyi bizim qələbəmizi təmin eden əsas faktorlardan biri kimi çıxış etdi. Bütün bunlarla yanaşı sadaladığım bu qədər faktorları eyni bir araya gətirə biləcək güc vardı. Həmən güc məhz Azərbaycan Prezidentinin, İlham Əliyevin ortaya qoyduğu siyasət və dərin düşüncə tərzi idi. Şəxsən prezidentin apardığı daxili və xarici siyasət kursunun nəticəsidir ki, bu komponentlərin hamısını bir araya gətirmək , birləşdirmək və vahid bir gücə, selə, axına çevrilərək düşmənin üzərinə yönəltməyə imkan verdi.Tarixdə bəzi ölkələr var ki, onun iqtisadi qüdrəti, böyük ordusu və xalqının döyüş əzmi də olub. Amma göstərilən bu komponentlər heç də həmişə qələbə ilə nəticələnməyib. Ancaq konkret Azərbaycanın nümunəsində 2020-ci ilin sentyabr-oktyabr müharibələrində əlimizdə olan hərbi siyasi-iqtisadi potensiallarını birləşdirərək, vahid bir gücə çevirən və onu düşmənin üstünə yönəldən vahid mərkəzləşdirici bir qüvvə vardı. Bu da şəxsən Azərbaycan prezidentinin dühası idi. Onun təşkilatçılıq qabiliyyəti, apardığı daxili və xarici siyasət idi. Ölkəmizin aktivində olan güc komponentlərinin müəyyən bir hissəsi təbii olaraq Azərbaycanda vardı. Bu Azərbaycan xalqının döyüşkənliyi, öz dövlətçiliyinə, tarixinə bağlılığı ilə əlaqəliydi. Amma elə komponentlər də vardır ki, bu komponentləri illərdir aparılan siyasət nəticəsində yaratmaq mümkün idi. Məsələn ordu quruculuğu, ordu birdən-birə gəlib bu həddə çatmamışdı. Təbii ki, son 15 ildə aparılan siyasət nəticəsində qurulan düzgün işlər nəticəsində ordumuz həm fiziki, həm də hərbi texniki təminat baxımından belə güclü səviyyəyə gəlib çıxmışdı. Azərbaycanın iqtisadiyyatı belə həddə qədər gəlib çatmamışdı. Aparılan siyasət, bizim neftimizin dünya bazarlarına çıxarılması və ölkənin çox güclü valyuta ehtiyatlarının toplanması təbii ki, ölkənin böyük iqtisadi gücünün formalaşmasına gətirib çıxardı, hansı ki, bu da prezidentin müharibəyə qədər uzun illər apardığı siyasətin nəticəsidir. Ölkədə sabitlik, hansı ki, bu sabitlik cəmiyyətin gücü ilə dövlətin gücünü birləşdirməyə çox yaxşı imkan verdi. Bu da öz-özünə əmələ gələn sabitlik deyildi. Bu sabitliyin də əldə olunması üçün prezident illər boyu məqsədyönlü daxili və xarici siyasət kursu aparmışdı. Nəticədə ölkədə həm siyasi həmrəyliyə, həm də dövlətlə cəmiyyətin siyasi birliyinə nail olmaq mümkün oldu. Beləliklə qələbəmizi təmin edən çoxlu sayda əsas və qeyri -əsas həlledici və nisbətən ikinci dərəcəli faktorlar var. Bu faktorların hamısının birləşdirilməsi və vahid bir qüvvə kimi düşmənin üzərinə yönəldilməsi, bizim 9 Noyabrda qələbəmizi təmin edən əsas səbəblərə çevrildi. Hansı ki, bu güclərin birləşdirilməsi və vahid bir qüvvənin formalaşmasında da prezidentin apardığı daxili və xarici siyasət çox böyük rol oynadı"
Mehriban Xəlilli