Böyük Qayıdış başlayıb - biz qururuq, yaradırıq və yaşadacağıq!- Nurlan Qələndərli

"Azərbaycan xalqı öz adını tarixə müzəffər xalq kimi yazmağı bacarıb, İkinci Qarabağ müharibəsində qazanılmış qələbə Azərbaycan dövlətinin gücünü bütün dünyaya nümayiş etdirib. İftixarla qeyd etmək istəyirəm ki, Zəfər Gününü şərəflə və qürurla qeyd edirik".

Bu sözləri Olaylar.az-a politoloq Nurlan Qələndərli deyib.

"Ümumiyyətlə, 44 günlük müharibənin Azərbaycanın mütləq qələbəsi ilə nəticələnməsi, torpaqlarımızın işğaldan azad edilməsi təkcə ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpası deyil. Bu, eyni zamanda, həm respublikamız, həm də region üçün yeni siyasi-iqtisadi reallıqlar formalaşdıran, mühüm strateji perspektivlər təmin edən əhəmiyyətli geosiyasi amildir. Digər mühüm məqam budur ki, Azərbaycan milli güc kontekstində beynəlxalq hüquq normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı mühüm presedent yaratdı və yeni strateji yanaşmanın - baxışın ortaya çıxmasını şərtləndirdi. Yəni 30 ilə yaxın Ermənistanın işğalçı siyasətindən, təxribatçı hərəkətlərindən, təcavüzkar, destruktiv mövqeyindən əziyyət çəkən Azərbaycan öz iqtisadi potensialı, siyasi imkanları, diplomatik resursları və hərbi qüdrəti vasitəsilə torpaqlarını azad etdi, ərazi bütövlüyünün bərpasına nail oldu. Dolayısıyla, bu, bir dövlətin öz milli gücü vasitəsilə beynəlxalq hüquq normalarının tələblərinin yerinə yetirilməsini təmin etməkdir. Məlumdur ki, BMT-nin 4 qətnaməsi uzun illər ərzində kağız üzərində qaldı. İstər ATƏT-in Minsk qrupunun həmsədrləri, istərsə də beynəlxalq təşkilatlar və ayrı-ayrı güc mərkəzləri Ermənistanı işğalçı siyasətinə son qoymağa məcbur edə bilmədilər, yaxud bunu etmədilər. Lakin beynəlxalq münasibətlər sistemində mövqeyini ardıcıl olaraq gücləndirən Azərbaycan döyüş meydanında öz sözünü deyərək hərbi-siyasi yolla münaqişəni həll etdi.
Beləliklə, ölkəmiz məlum qətnamələrin icrasının təmin edilməsinə müvəffəq oldu. Bu, heç şübhəsiz, dünya siyasi tarixinin çox əlamətdar hadisələrindən biri, eləcə də ədalətin və beynəlxalq hüququn təntənəsidir.
Azərbaycanın yaratdığı geostrateji reallıqlar regionda dayanıqlı sülhün, etibarlı təhlükəsizliyin və perspektiv çoxtərəfli əməkdaşlığın təmin olunması üçün həm unikal, həm də universal imkanlar formalaşdırır.  Bütün bu reallıqlar təkcə Azərbaycan dövləti üçün deyil, həm də region xalqları və ölkələri üçün gələcək inkişaf və rifah naminə strateji əhəmiyyət daşıyır, mühüm perspektivlər vəd edir.
İşğaldan azad edilmiş ərazilərdə bərpa prosesinə start verilməsi və infrastruktur layihələrinin reallaşdırılması Azərbaycanın Şərqi Zəngəzuru və Qarabağı cənnətə çevirməklə bağlı strateji hədəflərinə qətiyyətlə irəlilədiyini göstərir. Xüsusi vurğulamaq istəyirəm ki, 44 günlük İkinci Qarabağ - Vətən müharibəsindən 1 il ötsə də, tarixi qələbə ovqatında Zəfər yürüşü davam edir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərləri bu yürüşün davamı - qələbə təntənəsidir. Ümumiyyətlə, Azərbaycan Prezidentinin işğaldan azad olunmuş torpaqlarımıza hər səfəri müzəffər xalq kimi qayıtdığımızı, qurucu xalq kimi yaradacağımızı nümayiş etdirir. Bir sözlə, Böyük Qayıdış başlayıb - biz qururuq, yaradırıq və yaşadacağıq!"

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31