Azərbaycan xalqının birlik və həmrəyliyi - Tarixi zəfərimizi şərtləndirən başlıca faktorlardan biridir - MVP rəsmisi
4 Noyabr 2021 14:55 SiyasətTarixi, eyni zamanda şərəfli, qürurlu günlərə şahidlik edirik. Vətən müharibəsinin başa çatması, zəfər əldə etməyimizin 1 ilinə. Keçən ilin bu günlərində Azərbaycan tarixi zəfərə imza ataraq 30 ilə yaxın işğal altında olan ərazilərini düşmən tapdağından azad etdi, erməni qəsbkarlarını öz yurd-yuvalarından qovdu. Döyüş meydanında biabırçı məğlubiyyətlə üzləşən işğalçı Ermənistan məcburiyyət qarşısında qalaraq kapitulyasiyaya getdi və beləliklə 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq 10 noyabr bəyanatı imzalandı.

Azərbaycanın işğalçı Ermənistan üzərində tarixi qələbəsini şərtləndirən və düşməni kapitulyasiyaya vadar edən bir neçə səbəb vardı ki, burada əsas amillərdən biri də Azərbaycanda mövcud olan ümumxalq birliyinin təntənəsi idi. Milli Vəhdət Partiyasının sədr müavini Süleyman İsmayılbəyli deyir ki, 44 günlük Vətən müharibəsi günlərində ümumxalq birliyi özünü bütün istiqamətlərdə göstərdi. İstər siyasi, istər milli, istərsə də digər istiqamətlərdə xalq bir oldu, düşmənə qarşı birgə mübarizə apardı: "Çünki bu Azərbaycan xalqının çoxdankı arzusu idi ki, Qarabağ uğrunda savaş başlasın və qürurunu, şərəfini bərpa etsin, ərazi bütövlüyünün bərpasına nail olsun. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı ermənilərdən fərqli olaraq ona görə bir, həmrəy idi ki, haqq işi uğrunda mübarizə aparırdı. Azərbaycan xalqının igid oğulları torpaqlarını düşmən tapdağından azad etmək üçün döyüşürdü. Hər bir vətəndaş, döyüş bölgəsində olan hər bir əsgər və zabit ancaq irəli getmək barədə düşünürdü. Erməni anaları müharibənin ilk günlərində məğlubiyyətin qaçılmaz olduğunu və saysız-hesabsız itkilər verildiyini görərək övladlarını hərbi xidmətdən yayındırmağa çalışdığı halda, Azərbaycan anaları övladını Qarabağ uğrunda mübarizəyə, müharibəyə sevinclə, fərəhlə yola salırdı".
Milii Vəhdət Partiyasının sədr müavini deyib ki, 44 günlük Vətən müharibəsində ölkəmizdə yaşayan etnik xalqların nümayəndələri də Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində başlamış müharibənin ön sıralarında, doğma vətənlərinin müdafiəsində idilər. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər: "Bu da öz-özlüyündə Azərbaycanda milli və dini tolerantlığın, Azərbaycanda yaşayan bütün xalqların, dini kofessiyaların nümaayəndələrinin ölkəmizdə rahat, təhlükəsiz yaşamasının əyani göstəricisidir ki, onlar da bütün situasiyalarda Azərbaycan dövlətinin yanında yer alırlar. 44 günlük Vətən müharibəsi zamanı da bunun əyani şahidi olduq. Elə Birinci Qarabağ müharibəsi zamanı da Azərbaycanda yaşayan etnik xalqların yüzlərlə igid oğulları düşmənlə mübarizədə Azərbaycan Ordusunda yer almış, öz qəhrəmanlıqları ilə dastan yazmışdılar".
Süleyman İsmayılbəyli onu da deyib ki, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanda siyasi sahədə də milli birlik və həmrəylik nümayiş olundu və bu da qələbəmizi şərtləndirən başlıca amillərdən idi: "Ümumiyyətlə, yaxın tariximizdə dövlət, dövlətçilik və ümummilli məsələlərdə, eləcə də Qarabağ məsələsində hər zaman Azərbaycanda bütün istiqamətlərdə olduğu kimi siyasi sahədə də həmrəylik nümayiş etdirilib, ölkənin siyasi cameəsi bu kimi situasiyalarda dövlətin, dövlətçiliyin yanında yer alıblar. Əslində sivil, Azərbaycan kimi demoktratiyanın inkişaf etdiyi ölkələrdə belə olur. Ölkənin taleyüklü məsələlərində iqtidar-müxalifət ayrıseçkiliyi, hakimiyyət mübarizəsi arxa plana keçir. 44 günlük Vətən müharibəsində də Azərbaycanın siyasi cameəsi məhz bu prizmadan çıxış etdi, bu mövqeni ortaya qoydu.Mütləq əksəriyyət siyasi partiyalar Qarabağ savaşında, Vətən müharibəsində dövlətin, onun rəhbərinin yanında yer aldılar və hesab edirəm ki, bu amilin özü də tarixi zəfər əldə etməyimizdə mühüm faktorlardan biridir".
MVP rəsmisi sonda onu da vurğulayıb ki, milli birlik və həmrəylik əsasında taruxi zəfərə imza atan Azərbaycan xalqı, Azərbaycan dövləti elə bu birlik və həmrəyliklə də işğaldan azad edilmiş ərazilərimizi yenidən qurur, Qarabağı yenidən cənnət məkana çevirir.
Məhəmməd