"28 il Qarabağda dalğalanmayan bu bayraq 2020-ci ildən bütün Qarabağda dalğalanır"- Rəfail Becanov

Noyabrın 9-da  Azərbaycan Respublikasında Dövlət Bayraq günü kimi qeyd olunur. Bayraq gününün  Azərbaycan Respublikası üçün vacib əhəmiyyətlərindən söz açan siyasi ekspert   Rəfail Becanov bildirib ki, 2009-cu ildən etibarən üçrəngli, ay-ulduzlu bayrağımızın da rəsmi günü var - Bayraq Günü. Bu gün 1918-ci ilin 9 noyabrında Azərbaycan Xalq Cümhuriyəti tərəfindən Azərbaycan bayrağının dövlət bayrağı kimi qəbul edilməsi əsasında təyin edilib.  Əslində Azərbaycan Xalq Cümhuriyətinin yaranmasından 23 gün sonra bayrağı təsdiqlənmişdi. Lakin o bayraq qırmızı rəngdə idi. 1918-ci ilin noyabrın 9-da isə indiki ücrəngli, ay-ulduzlu bayraq dövlət rəmzi kimi qəbul edildi.

"Azərbaycan xalqının böyük əksəriyyəti bilir ki, bu bayrağın ideya müəllifi böyük türkoloq, türk dünyasının böyük fikir və ideya adamı Əli bəy Hüseynzadədir. Əli bəy Hüseynzadə "Füyuzat" jurnalında bu ideyanı belə açıqlayırdı - türk hissiyyatlı, islam etiqadlı, Avropa düşüncəli.
Azərbaycan Demokratik Cümhuriyəti Şərqin ilk demokratik respublikasıdır. Adından da göründüyü kimi demokratiyanı dövlət prioriteti elan bir dövlətin rəmzində demokratiyanın prinsipləri ehtiva olunmalıydı. Üçrəngli bayrğımız məhz milli, dini və demokratik prinsipləri özündə ehtiva edirdi.
Bolşeviklərin Azərbaycanı işğal etməsindən sonra 70 il biz o bayrağın həsrətində qaldıq. Lakin Azərbaycan Xalq Cümhuriyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin dediyi kimi oldu - "Bir kərə yüksələn bayraq, bir daha enməz".
Ötən əsrin 80-ci illərinin sonunda başlayan Milli Azadlıq Hərəkatı nəticəsində üçrəngli bayrağımız meydanlarda dalğalanmağa başladı. O bayrağın meydanlarda dalğalanması üçün qanımız töküldü, döyüldük, həbslərə düşdük. O bayrağı ilk dəfə tikib ərsəyə gətirənlər, meydana gətirənlər, dağlağalandıranlar haqqında mediada çox yazılıb. Media arxivlərimizi axtarsaq onlarla yazı, müsahibə tapmaq olar. O bayrağı əlimizdən almaq, dalğalanmasına, yüksəlməsinə imkan tanımayanlar da oldu. Sövet milisi, "KQB"-si, partiya nomenklaturası, bir sözlə imperiyanın tör-töküntüləri bayrağımızın yüksəlməsindən qorxurdular. Amma bacarmadılar. Rəsulzadənin dediyi oldu. Bir kərə yüksələn bayraq bir daha enmədi. İmperiyanın gücü çatmadı  və  bu bayraq dövlət bayrağımıza çevrildi. Milyonların iradəsi o bayrağı yüksəklərə qaldırdı. İndi o günləri xatırlayanda qürur hissi keçiririk. Hansı oddan-alovdan keçdik.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı muxtar respublikanın bayrağı kimi qəbul olundu. Bu, qürurverici bir hadisə olmaqla yanaşı, Azərbaycanın müstəqilliyinin dönməzliyi və əbədiliyinə başlayan yolumuz idi.
Naxçıvanda qəbul olunan bu qərardan sonra Azərbaycanın o vaxtkı rəhbərliyi məcburiyyət qarşısında 1991-ci il fevralın 5-də anoloji addım atdı və üçrəngli, ay-ulduzlu bayrağımız Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq edildi.
2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi ilə bağlı Sərəncam imzaladı.Məhz həmin Sərəncama əsasən, noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü elan edilib.
İndi daha da xoşbəxtik. 28 il   Qarabağda dalğalanmayan bu bayraq 2020-ci ildən bütün Qarabağda dalğalanır. Bu, qürurdur! Azərbaycan xalqı indi özünü xoşbəxt sayır. Bu il daha fərqli bayraq günümüzdür"

 Mehriban Xəlilli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31