Elman Vəliyev: "Azərbaycan tərəfi 30 illik status-kvonu birdəfəlik dəyişdi"

"Azərbaycan tərəfi 30 illik status-kvonu birdəfəlik dəyişdi. Status-kvo ilə status məsələsi eyni prosesləri ehtiva etmir." 

Bu sözləri  Olaylar.az-a 10 noyabr bəyannaməsinin tarixi əhəmiyyəti barəsində açıqlama verən politoloq Elman Vəliyev deyib.  O  bildirib ki, üçtərəfli bəyanatın əhəmiyyəti ondadır ki, tərəflər arasında atəşkəsi bərqərar etdi. İllərdi bir-birləri ilə mübarizə aparan iki dövlət arasında qalıcı sabitlik yaratdı. 

"Bu bəyanat Ermənistanın hərb meydanında məğlub olduğunun əyani sübutdur. Həmçinin bəyanat vasitəsilə Azərbaycan 3 rayonunu qan tökülmədən geri aldı. Bu bölgə üçün çox mühüm əhəmiyyət kəsb edən bir anlaşmadır. Bəyanatın vacib müddəaları vardır ki, bəziləri həyata keçirilib, bəziləri isə hələ də gözləmə mövqeyindədir. Kommunikasiyaların açılması, tərəflər arasında delimitasiya və demarkasiyası məsələlərinin həll edilməsi və s. Bu bəyanat atəşkəs rolunu oynasa da, tərəflər arasında sülhə nail deyil. Amma yaxın zamanlarda tərəflər arasında bu istiqamətdə müsbət addımlar atılacaq. Delimitasiya və demarkasiyası problemləri öz həllini tapacaq. Çünki tərəflər bu barədə ciddi işlər görürlər. Əlbəttə ki, delimitasiya zamanı Qarabağa  Azərbaycan ərazisi kimi möhür vurulacaq. Qarabağda erməni ordusu olmayacaq. Orda yaşayan ermənilər isə Azərbaycan qanunları içərisində yaşayacaqlar.

Üçtərəfli bəyanatın müddəalarınfan biri də Rusiya sülhməramlıların bölgədə 5 illik qalmasıdır. Sülhməramlıların məramnaməsi ondan ibarətdir ki, tərəflər arasındakı atəşkəs qorusun. Ancaq biz gördük ki, sülhməramlılar öz səlahiyyətlərini tam şəkildə həyata keçirmirlər. Bunu Prezident də bəyan elədi. Zənn etmək olar ki, Rusiya sülhməramlıların müddətinin artırılmasını istəsin. Amma buna ehtiyac yoxdur. Bu o vaxt ola bilər ki, sülhməramlıların müddətinin bitməsinə 6 ay qalmış tərəflər razılıq versin. Amma hesab edirəm ki, Azərbaycan öz ərazilərini qorumaq gücündə olduğuna görə bu lüzumlu deyil.
Amma Azərbaycan tərəfi də yenə də öz humanistliyini, böyüklüyünü göstərərək ermənilərə Qarabağda yaşamaq hüququ verir. Bunu Prezident İlham Əliyev də çıxışında dilə gətirdi.
Həmçinin Zəngəzur dəhlizinin  açılması da reallıqdır. Bu dəhliz vasitəsilə Azərbaycan Türkiyə ilə, Naxçıvanla  birbaşa əlaqə saxlaya biləcək.  Üçtərəfli bəyanatda nəqliyyat yolları haqqında bənd var. Ermənistan da bu yollardan yararlana bilər. Belə deyək də, Ermənistan üçün tək çıxış yolu kompromisə getməkdir.
 
Azərbaycan tərəfi 30 illik status-kvonu birdəfəlik dəyişdi. Status-kvo ilə status məsələsi eyni prosesləri ehtiva etmir. Qarabağın 30 illik status-kvosu ondan ibarət idi ki, Ermənistanın işğalı altında idi. Ancaq bu  işğala indi son qoyuldu. Status məsələsinə gəldikdə isə, Ermənistan tərəfi qondarma respublikanın statusunu, yəni müqəddəratını təyin etməyə çalışır, amma bu reallığa keçməyəcək. Azərbaycan tərəfi heç bir statusdan söhbət gedə bilməyəcəyini bəyan  elədi. Bəzi erməni havadarları status məsələsini dilinə gətirsə də bunun əhəmiyyəti olmayacaq. Qarabağ Azərbaycan ərazisidir! Onun statusu budur"   

       Mehriban Xəlilli                       

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31