Regionun inkişafını təmin edəcək ZƏFƏR QƏLƏBƏSİ
4 Noyabr 2021 10:50 Siyasət44 günlük Vətən müharibəsində qələbəni təmin edən Azərbaycan paralel olaraq regionda yeni reallıqlara da imza atmış oldu. Yeni siyasi düzənin davamı olaraq region dövlətiəri üçün iqtisadi əməkdaşlıq prespektivləri vəd edən layihələr təqdim edildi, yeni iqtisadi platformalar ortaya qoyuldu. Yeri gəlmişkən xatırladaq ki, ölkəmiz bütün regionun inkişafına xidmət edən layihələrin təşəbbüskarıdır. Əslində Azərbaycan prespektivli iqtisadi təşəbbüslərlə uzun illərdən bəri çıxış edirdi, lakin bölgənin geosiyasi vəziyyəti onların reallaşmasına maneə olurdu. Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı BMT-nin 4 qətnaməsini təkbaşına icra edən Azərbaycan həmin layihələrin reallaşmasına da şərait yaratmış oldu. Hazırda Azərbaycan özünün milli maraqları əsasında müstəqil xarici siyasət yürüdür və dünya miqyasında etibarlı tərəfdaş kimi tanınır. Torpaqlarının iyirmi faizinin 30 ilə yaxın işğal altında qalmasına, bir milyondan artıq qaçqın və məcburi köçkününün olmasına baxmayaraq, Azərbaycan məqsədlərinə doğru daim inamla irəliləyib, öz hədəflərindən yayınmayıb. Ölkəmiz təkcə region dövlətləri ilə deyil, eləcə də Avropa İttifaqı ölkələri ilə iqtisadi əməkdaşlıq edir. Daha dəqiq, Azərbaycan Şərqi Avropanın enerji təhlükəsizliyini təmin edən ölkədir. Bu gün Avropa İttifaqının üzvü olan bəzi ölkələr özlərinin ehtiyaclarının təxminən 40-50 faizini Azərbaycan nefti hesabına təmin edirlər. Azərbaycanın təşəbbüsləri region dövlətlərin iqtisadi inteqrasiyası üçün yeni platforma formalaşdırıb.
Azərbaycanın Zəfər Qələbəsi regiona yeni iqtisadi əməkdaşlıq formatları gətirib. Regionun inkişafı üçün əlavə stimul olacaq yeni əməkdaşlıq formatlarının eyni zamanda ölkələrin inkişafında müsbət tendensiyalar yaradacağı şübhə doğurmur. Həmçinin, Türkiyə, İran, Rusiya və Azərbaycan arasında həm üçtərəfli, həm də ikitərəfli formatlarda fəal əməkdaşlıq imkanları yaranır. Sözügedən amil tarixi, iqtisadi, nəqliyyat, geosiyasi və ən başlıcası, bu regionda təhlükəsizliyin möhkəmləndirilməsi baxımından olduqca önəmlidir. Qonşu ölkələr arasında strateji tərəfdaşlıq üçün yaradılmış yeni perspektivləri nəzərdən keçirdikdə aydın olur ki, Türkiyə və Rusiyanın yaxınlaşması strateji əhəmiyyət kəsb edir. Türkiyə və Rusiya həm ikitərəfli gündəlikdəki bir çox məsələlər barəsində, həm də regional təhlükəsizlik məsələlərində qarşılıqlı anlaşmanın yüksək səviyyəsinə nail olublar. Enerji layihələri, iqtisadi, investisiya xarakterli layihələr bu ölkələrin yaxınlaşmasına xidmət edir. Rusiya və Türkiyənin əməkdaşlığı regional təhlükəsizliyin mühüm amilidir. Bu baxımdan qeyd etmək olar ki, regionda keyfiyyət etibarilə yeni inkişaf dövrünə qədəm qoyulub ki, nəticə etibarilə Azərbaycanın tarixində yeni səhifə başlanır. Belə ki, Azərbaycanın quruculuq missiyası başlanır, bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq.

Millət vəkili Vüqar Bayramov bildirib ki, təkcə Zəngəzur dəhlizi türk dünyası üçün birləşdirici rol oynamaqla yanaşı, iqtisadi inteqrasiya üçün də zəmin yaradır. Belə ki, Zəngəzur dəhlizi yalnız Qafqaz üçün deyil, daha geniş anlamda region üçün strateji əhəmiyyətə malik olacaq: "Söhbət 1.1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan türkdilli ölkələri strateji və iqtisadi baxımdan birləşdirəcək dəhlizdən gedir. Belə ki, Türkiyə 761.4 milyard dollar, Qazaxıstan 181.7 milyard dollar, Özbəkistan 57.9 miyard dollar, Azərbaycan 48 milyard dollar, Türkmənistan 48 milyard dollar və Qırğıxstan 8.5 milyard dollar nominal ÜDM-ə malikdirlər. Bu isə ondan xəbər verir ki, Zəngəzur dəhlizi kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək. Zəngəzur dəhlizinin istifadəyə verilməsi eyni zamanda Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirəcək. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına, həm də maliyyə dəstəyi nümayiş etdirir. Bu Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq".V. Bayramov nəzərə çatdırıb ki, dəhliz Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri də gücləndırəcək, ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artıracaq: "Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsi ilə birləşəcək".
Nurlan