Milli Məclisdə UNİCEF-in nümayəndəsi ilə görüş keçirilib

 

Noyabrın 2-də Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov UNİCEF-in Azərbaycan Nümayəndəliyinin yeni rəhbəri Aleks Haykensi ilə görüşüb.
Görüşdə Əhliman Əmiraslanov ötən  illər ərzində Azərbaycanın UNİCEF ilə birgə əməkdaşlığı sahəsində əldə olunan nailiyyətlər barədə  məlumat verib və bu əməkdaşlığın bundan sonra da uğurla davam etməsinə əminliyini vurğulayıb. 
UNİCEF-in Azərbaycan Nümayəndəliyinin rəhbəri Aleks Haykens öz növbəsində,  Azərbaycan hökuməti və UNİCEF-in birgə fəaliyyəti nəticəsində  həyata keçirilmiş layihələrin əhəmiyyətini qeyd edərək, bu günə qədər görülən işləri yüksək qiymətləndirib və UNİCEF-in Azərbaycan nümayəndəliyi olaraq  səhiyyə qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində hər zaman Azərbaycan Parlamenti, xüsusilə də Səhiyyə komitəsi ilə əməkdaşlığa hazır olduğunu bildirib. 
Söhbət zamanı hal-hazırda UNİCEF-in Azərbaycandakı fəaliyyətinin əsas prioritet sahələri olan yeni doğulan körpələrin ana südü ilə qidalanması və məktəbəqədər təhsil müəssisələrində uşaqların keyfiyyətli qidalanması problemləri ətrafında geniş fikir mübadiləsi aparılıb, adıçəkilən  istiqamətlərdə birgə layihələr çərçivəsində gələcək fəaliyyət istiqamətləri müzakirə olunub.

Alim Hüseyinli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31