Türk Şurası dövlətlərinin baş prokurorları erməni cinayətlərinin üstünə yeni birgə yürüş perspektivi açır...
1 Noyabr 2021 20:53 SiyasətƏliməmməd Nuriyev: "Regionda təhlükəsizliyin qorunması məqsədilə türkdilli dövlətlərin baş prokurorlarının bir araya gəlməsi yüksək qiymətləndirilməlidir"
Məlum olduğu kimi, noyabrın 1-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının ilk iclası keçirilib.
İclasda Türkiyə, Özbəkistan və Qırğız respublikalarının Baş Prokurorları, Qazaxıstan Baş prokurorunun birinci müavini, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası baş katibinin müavini, Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidenti və digər qonaqlar iştirak edib.
"Türkdilli dövlətlərin baş prokurorlarının ölkəmizdə toplanmasının 44 günlük müharibə zamanı Ermənistanda döyüşmüş muzdluların qısa zamanda tapılmasına köməyi olacaq"
Türkdilli ölkələrin baş prokurorlarının Bakıda toplanmasının əhəmiyyəti və bu yığıncağın erməni cinayətlərinə hüquqi qiymət verilməsindəki rolu barədə Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev bunları dedi: "44 günlük Vətən müharibəsi zamanı Ermənistan tərəfində muzdlular döyüşüb. Bu fakt hər kəsə bəllidir. Həmin muzdlular beynəlxalq axtarışa verilib. Bu barədə Baş prokurorun bəyanatı da olmuşdu.
Türkdilli dövlətlərin baş prokurorlarının ölkəmizdə toplanmasının həmin cinayətkarların qısa zamanda tapılmasına köməyi olacaq. Həmçinin, birinci və ikinci Qarabağ müharibələri zamanı ermənilərin mülki əhalini hədəf alması, sadə insanları öldürməsi, Gəncə, Bərdə və digər rayonlara bomba atması kimi məsələlər türkdilli ölkələrin prokurorlarının, hüquq işçilərinin diqqətinə çatdırılmalıdır".
Həmsöhbətimiz hesab edir ki, narkotiklərin qanunsuz dövriyyəsi, kibertəhlükəsizlik, terrorizmə qarşı mübarizədə türkdilli ölkələrin baş prokurorlarının Bakıya toplanması əhəmiyyətlidir. İnsan alveri, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı birgə regional əməkdaşlıq olduqca vacibdir. Həmçinin, regionda təhlükəsizliyin qorunması məqsədilə türkdilli dövlətlərin baş prokurorlarının bir araya gəlməsi də yüksək qiymətləndirilməlidir.