ZƏNGƏZUR: gündoğardan günbatara... ƏKBƏR QOŞALI YAZIR
31 Oktyabr 2021 21:00 SiyasətƏkbər Qoşalı
Azərbaycan Vətən Müharibəsindəki tarixi Zəfərimizin birinci ildönümü ərəfəsindəyik.
44 gün! - Ermənilər və havadarları 27-30 ilin ardından ən azı 15 il müddət keçsə və çox böyük itkilər verilsə dəxi bizim indiki qələbəmizi təsəvvür etmirdi. - Bizə zəfər yaraşdırmırdılar. 44 günə həll etdiyimiz işi bizim 44 ilə də çözə bilməyəcəyimiz düşüncəsinəydilər, qaliba. Bəli, biz demək olar ki, mümkunsüzü mümkün etmişik. Bəlağətə varmaq istəmirəm amma bu, Vətən eşqinin təntənəsiydi! Dövlət-xalq birliyi, ordunun peşəkarlığı, gənclərin vətəncanlılığı, əlbəttə, dövlət başçısının prinsipiallığı düsmənin belini qıran əsas amil oldu. Qardaş Türkiyənin yuksək mənəvi, siyasi dəstəyi əvəzsizdi; Pakistanın mənəvi, siyasi dəstəyi çox qiymətliydi, digər mənəvi, siyasi dəstəkləri də həmişə sayğı ilə xatirlayacağıq: "heç kim unudulmur, heç nə yaddan çıxmır"! - Məhz belə mənəvi, siyasi dəstəklər sayəsində dünya erməniliyi ha çabalasa da, Paşinyan telefonlardan asılı qalsa da, erməniyanlılar çox da qələt qarışdıra bilmədi.
Və Qarabağda Zəfər qazandıq! Zəfərin birinci ildönümündə Zəfərdə Qarabağı görmək ayrı bir zövqdür: torpaq yolu, dəmir yolu, hava yolu, ürək yolu... - Qarabağa həyat qaytarır, can qaytarır, canlar qaytarır. Prezidentin Zəngəzurun gündoğarı ilə bağlı qəbul etdiyi qərarlar, Zəngəzurun gunbatarı ilə bağlı yaratdığı inam yalnız Qarabağı deyil, necə deyərlər, "Qarabağ+1"i ifadə edir - yol göstərir, üfüq cızır... Bir üfüq ki, ora, necə deyim, bir çox halda, tarixdə ilk dəfə tuneller vurularaq, körpülər salınaraq, sıfırdan yollar çəkilərək hərəkət müəyyənləşir. Düşünün ki, bu işlər torpağının üstü xarabazara, altı üstünə çevrilmiş ərazidə yaradılır. - 24/7 iş rejimli inşaat gedir: yalnız ev-eşik deyil, mədəniyyət, mənəviyyat, səmimiyyət, ruhaniyyət, insaniyyət, iqtisadiyyat, üfüqiyyət... - yaxşı nə varsa sa, o qayıdır...

Zəfər Bayramının
birinci qutlma ilində Qarabağda, Zəngəzurun gündoğarında doğrudan- doğruya
yeni mənzərə şəkillənir.
Əziz şəhidlərimizin qanı bihudə axmayıb; yaralı qazilərimizin yarasını öz canımızda hiss edirik; müharibənin bütün iştirakçılarına salam-sayğımız var! Biz, şəhid ailələri, qazilər, arxa cəbhə fəalları, yanar ürəkli hər vətəndaşımız, düşüncə yiyələrimiz, elmli, helmli insanlarımız, ağzıdualı ata-analar, bir sozlə, xalqımız, dövlətimizlə - hamımızla bir bütünük. Bir bütünük ki, Qarabağda Zəfəri, Zəfərdə Qarabağı yaşayırıq. Zəfərdə Qarabağ nə deməkdir? - Qarabağ xarabazarlığı ilə, erməni vandallığı ilə, sönüklüyü, ruhsuzluğu, küskünlüyü ilə Qarabağ ola bilməzdi! Qarabağdakı Zəfər Zəfərdəki Qarabağla sürətli və keyfiyyətli abadlıq, quruculuqla taclandırılır.
Vətən Müharibəsi və savaşsonrası dövründə Ali Baş Komandan İlham Əliyevin hərbi və siyasi-diplomatik meydandakı məharəti, prinsipiallığı, liderliyi, titanik fəaliyyəti ləyaqətli hərb və sülhün "mətn-mundəricə"sidir.
Prezidentin strateji və taktiki qərarları, Vətən qarşısındakı tarixi xidmətləri ona bəslənən ümumxalq məhəbbətini daha da artırıb. Azərbaycan xalqı müdrikdir, uzaqgörəndir. Yaşadığımız ən yeni tarix bizə öyrədir ki, dövlət başçısı da müdrik və uzaqgörən olunca, xalqın müdrikliyi və uzaqgörənliyi ikiqat güc qazanır və qarşıya qoyulan görəvlər daha tez, daha az itki və daha təsirli şəkildə yerinə yetirilir.
Ünlü TASS informasiya agentliyi baş direktorunun I müavini Mixail Qusman BakuTV-yə müsahibəsində
maraqlı məqamlara toxunub. O, Azərbaycan Prezidenti, Ali Baş komandan İlham Əliyevin yanaşmasının informasiya müharibəsində baş verənlərin gedişatını tamamilə dəyişdiyi fikrindədir.
Dövlət başçısının qərarları milli maraqlarımızın həyata keçirilməsini, ölkəmizin beynəlxalq nüfuzunun daha da artırılmasını, güclü dövlət və çağdaş toplum quruculuğunun universal və ardıcıl şəkildə gerçəkləşdirilməsini təmin edir.
44 günlük Vətən Müharibəsindəki tarixi Zəfərdən sonra toplumumuz, ümumilikdə aid olduğumuz bölgə yeni gercəkliyə qovuşub. Bu yeni gerçəkliyin müəllifi odur - Azərbaycan Prezidenti, Müzəffər Ordunun Ali Baş Komandanı İlham Əliyev!
Savaşsonrası dövrdə, işğaldan azad olunmuş əraziləri ən çağdaş standartlara, yeni cağırış və tələblərə uyğun bərpa etmək özü ayrıca bir tarixi xidmətdir: sürətli minatəmizləmənin təşkili, ağıllı yaşayış məntəqələri, nizamlı infrastruktur quruculuğu və s. dediklərimizə sübutdur. Burada ikinci bir plan da var: o da, yaranmış geniş imkanları Azərbaycanın bölgədə yeni strateji çıxarlarının gerçəkləşdirilməsi üçün də səfərbər etməkdən ibarətdir.
Qısa zaman içində ölkəmizin imkanları hesabına, dost ölkələrin nüfuzlu şirkətlərini cəlb etməklə Füzuli Beynəlxalq hava limanının tikilib istifadəyə verilməsi, yaxın perspektivdə Zəngilan və Laçında daha iki hava limanının tikintisinin planlaşdırılması, işğaldan azad olunmuş ərazilərimizi bir-birinə bağlayan çağdaş yol-nəqliyyat infrastrukturunun yaradılması qürurla vurğuladığımız hadisələrdir.
Respublikamızın əsas hissəsini Naxçıvanımızla və ardınca qardaş Türkiyə ilə bağlayacaq Zəngəzur dəhlizinin təməlinin atılması Azərbaycan Prezidentinin qətiyyətinin üfuqlərini göstərməkdədir.
Sonucda bölgənin beynəlxalq logistika mərkəzinə çevrilməsinə tanıq olacağımız aşkardır.
Beləliklə, işğaldan azad olunmuş ərazilərimiz həm təhlükəsiz, komfortlu yaşayış, həm logistika imkanları, turizm potensialı ilə (buna bab infrastrukturla) göz oxşayacaq.
Üstəlik, istehsal obyektlərinin yaradılması istiqamətində görülən ardıcıl işlər bölgənin yeni gerçəklik və imkanlarının konturlarını aydın göstərir.
Son bir ay ərzində Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə (Suqovuşan qəsəbəsi, Talış kəndi, habelə, Cəbrayıl, Xocavənd, Füzuli, Zəngilan, Qubadlı) 8 dəfə səfər edib. Eyni istiqamət, cəmi 1 ay, 8 səfər və bu səfərlərdə verilən ismarıclar, kəsilən lentlər, atılan təməllər... - Qarabağ belə canlanır!
Dövlət başçısı bərpa-quruculuq (bir çox hallarda yenidənqurma) işləri ilə yerində tanış olur, gərəkən tapşırıqlar verir, prosesi şəxsən nəzarətdə saxlayır; bu da işlərin yüksək sürət və keyfiyyətlə, çağdaş yanaşma və meyarlar əsasında aparılmasını təmin edir.
Prezident İlham Əliyevin Qarabağ ağırlıqlı iş cədvəli və titanik səyləri azadlıqdan abadlığa - erməni vandallığının acı izlərindən mədəniyyətin gülər üzünə keçidi təmin edir.
Qarşıya qoyulan ülvi hədəflərə çatmaq üçün yürüdülən məqsədyönlü siyasət nəticəsində xarabalıqlar gülüstana çevrilir. Bizim deyib, yazdıqlarımız bir yana, ermənilər özləri deyir, yazır, bağırır, kövrəlir, qəzəblənir ki, "bizim 30 il hec nə etmədiyimiz torpaqlarda Azərbaycan bir neçə aya qaynar həyata keçidin yollarını, qapılarını geniş açıb". Yaramazlar bu fərqi gorüncə, yazınca, onu da idrak edir, etirafda bulunurlar ki, "demək, oralar bizim olmayıb, demək qaytarılacağını bütün erməni liderləri bilib ki, daşı daş üstə qoymayıblar"... Bu idrakın ardınca erməni toplumunda, onların ictimai süurunda başqa sürəc gəlməlidir - mən onu gözləyirəm...
Bəli, yadelli işğalçının inanılmaz dərəcədə dağıtdığı Qarabağı, bu torpağın əsil yiyəsi qan qoyub azad etdi, can qoyub yenidən abad edir. Qarabağ tanınmaz dərəcədə dəyişir. Üstəlik, Zəngəzurun gündogarı yeni və çağdaş şəkillənmə qazanmaqla qalmayıb, bu adlanma ilə ictima fikir (Azərbaycanda və Ermənistanda) yeni məzmun qazanmış olur.
Kürədək, Yevlaxadək... nə bilim, dənizdən-dənizədək
sərsəmləyən ermənilər indi hər gün efirin, ekranın Azərbaycan üzündən Zəngəzur eşidir, Zəngəzur görür, Zəngəzur qorxusunu yaşayır...
Xalqımızın diləkləri gerçəkliyə çevirilir.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər QOŞALI