Əliyev, Putin və Paşinyan BU TARİXDƏ Soçidə görüşəcək – İDDİA
29 Oktyabr 2021 20:23 Siyasət"Paşinyan-Putin-Əliyev üçtərəfli görüşü noyabrın 9-da Rusiyanın Soçi şəhərində baş tutacaq".
Olaylar.az Busaat.az-a istinadən xəbər verir ki, bu barədə erməni mətbuatı rus KİV-nə istinadla məlumat yayıb. Qeyd olunur ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Mane Gevorqyanın məsələni təkzib də etməyib. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan oktyabrın 27-də respublika parlamentində bildirib ki, yaxın vaxtlarda Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşünün keçirilməsi nəzərdə tutulmur. Mirzoyan qeyd edib ki, noyabrda görüşün keçirilməsi nəzərdə tutulmayıb, lakin mütəmadi olaraq müxtəlif formatlarda görüşlər üçün təkliflər daxil olur. Nazir bildirib ki, regionda sərhədlərin müəyyənləşdirilməsi və kommunikasiyaların açılması ilə bağlı sənədlərin imzalanması təmin edilmir. Onun fikrincə, görüşlər praktiki əhəmiyyət kəsb edir. O diqqətə çatdırıb ki, müzakirələrdə ilk növbədə erməni əsirlərin azad edilməsi və regionda gərginliyin azaldılması məsələləri yer alacaq.
Məlumat üçün bildirək ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüş tarixi ilə bağlı oktyabrın 23-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a bildirib ki, danışıqların vaxtı barədə vaxtında məlumat yaxın günlərdə veriləcək. Amma bunun üçün tərəflərin danışıqların aparılması ilə bağlı razılığa gəlmələri vacibdir. O cümlədən, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası, nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı sənədlərin imzalanacağı bildirilib.
Qeyd edək ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin əvvəlki görüşü yanvarda baş tutub. Tərəflər regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası üçün işçi qrupunun yaradılması barədə razılığa gəliblər.