“ Regionda əməkdaşlıq bütün tərəflərin maraqlarına uyğundur”- Nəsimi Məmmədli

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli hava limanı ilə Azərbaycana səfərinin tarixi önəminə dair Olaylar.az-a açıqlama verən politoloq Nəsimi Məmmədli bildirib ki,Füzuli hava limanının açılışı və Ermənistan ərazisindən keçərək Azərbaycanın qərb bölgələrini Naxçıvan MR-a birləşdirəcək "Zəngəzur dəhlizi"nin təməlinin qoyulması önəmli tarixi əhəmiyyətli məsələlərdir. 

"Xüsusilə də bu mərasimin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə həyata keçirilməsi özlüyündə növbəti önəmli diplomatik mesajdır. İlk növbədə Türkiyə ilə  Azərbaycan arasındakı münasibətlərin uzun müddətli və möhkəm təməllər üzərində olduğunun mesajı bir daha verildi. İki ölkə münasibətlərinin dostluq, qardaşlıq, strateji müttəfiqlik üzərində olduğunu və üçüncü ölkəyə qarşı yönəlmədiyini sübut etdi.

Türkiyə prezidentinin Azərbaycana intensiv səfərləri və Qarabağda bərpa prosesində iştirakı sülh prosesinə də müsbət təsir edə bilər.Zəngəzurdan yolun açılması 10 noyabr üçtərəfli "Atəşkəs Bəyanatı"nın tələbidir. Həmin sənədin 9-cu bəndində öz əksini tapıb.

Ermənistanın rəsmi şəxslərinin "Zəngəzur dəhlizi"nin açılmayacağı barədə səsləndirdikləri bəyanatlar daxili auditoriyanı sakitləşdirməyə yönəlib. Məsələ reallaşanda deyəcəklər ki, biz "Zəngəzur dəhlizi"nə imkan vermədik, amma nəqliyyat əlaqəsinin açılması öhdəliyinə görə ərazimizdən yolu açmışıq. Bu məsələ Ermənistan tərəfindən sadəcə söz oyunudur. Mütləq həll olunmalıdır. Regionda əməkdaşlıq bütün tərəflərin maraqlarına uyğundur"

Mehriban Xəlilli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31