Azərbaycan-Türkiyə birliyi regionda sülhün və təhlükəsizliyin qarantıdır
28 Oktyabr 2021 13:08 SiyasətTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfəri tarixi əhəmiyyət kəsb edir. Çünki bu səfər zamanı Azərbaycan-Türkiyə qardaşlığını təcəssüm etdirən və regionun gələcək inkişafında önəmli rol oynayacaq addımlar atıldı. Azərbaycan və Türkiyə prezidentlərinin Füzuli Beynəlxalq Hava Limanının açılışını birgə etməsi rəmzi məna daşıyır. Tarixi türk torpağı olan Qarabağın işğaldan azad edilməsi Azərbaycan qədər Türkiyənin də qələbəsi idi və 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi mənəvi və siyasi dəstək bunu bir daha təsdiqləyir. Bu hava limanı həmçinin Zəngəzur dəhlizinin də əhəmiyyətini artıracaq. Millət vəkili, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva hesab edir ki, Azərbaycan və Türkiyə prezidentləri Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini qoymaqla həm də Zəngəzur dəhlizinin əsasını qoymuş oldular: "Bu dəhlizin bərpası nəinki Azərbaycanın, həmçinin regionun iqtisadi inkişafına böyük töhfələr verəcək. Bu dəhliz vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Azərbaycana quru yolla birləşdirilməsi də bu tarixi diyarımızın Azərbaycan iqtisadiyyatına daha da reinteqrasiyasına səbəb olacaq. Beləliklə, Zəngəzur dəhlizinin Azərbaycan iqtisadiyyatında çox böyük rolu olacaq. Bu dəhlizin ən üstün cəhətlərindən biri ondan ibarətdir ki, nəinki Azərbaycanla Naxçıvan arasındakı nəqliyyat əlaqələrinin şaxələndirməsinə, həmçinin Xəzər və Aralıq dənizlərindən başlayaraq Cənub- Şərqi Asiya və Mərkəzi Asiya ilə Avropa arasındakı nəqliyyat-logistika xətti olacaq. Zəngəzur dəhlizi Azərbaycanı öz ayrılmaz hissəsi olan Naxçıvanla, həmçinin Türkiyə ilə birləşdirəcək". S.Fətəliyeva qeyd edib ki, Zəngilanda dövlət başçılarının mətbuata birgə bəyanatla çıxışları zamanı Prezident İlham Əliyevin dediyi kimi, bu gün regional işlərdə, hətta dünya çapında Türkiyə və Azərbaycan əməkdaşlığı, qardaşlığı önəmli amilə çevrilib: "Cənab Prezident vurğuladı ki, bu gün Türkiyə Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə artıq dünya çapında böyük gücə çevrilib və heç kim Türkiyəyə öz iradəsini diktə edə bilməz. Dövlətimizin başçısı Zəngəzur dəhlizinin önəmini də qeyd edib. Zəngilan Şərqi Zəngəzur bölgəsində yerləşir və buradan keçən Zəngəzur dəhlizi bütün Türk dünyasını birləşdirəcək. Həm Azərbaycan, həm Türkiyə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addımlar atır. Bu addımların yaxın gələcəkdə öz bəhrəsini verəcəyi şübhəsizdir.
Türkiyə Prezidenti isə qeyd etdi ki, Azərbaycan bütün dünyaya örnək olacaq inkişaf modeli ilə bu bölgənin inkişafı üçün fəaliyyətini davam etdirir. Türkiyə bu fəaliyyətlərdə qardaş Azərbaycana bütün imkanları ilə dəstək olmaqda davam edəcək. Cənab Rəcəb Tayyib Ərdoğan işğaldan azad olunmuş bölgələrdə önəmli layihələrin əsasının qoyulduğunu diqqətə çatdıraraq deyib ki, bu coğrafiyadan keçəcək avtomobil yolları və dəmir yolu xətləri təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün region ölkələri üçün iqtisadi və ticari fürsətlər yaradacaq. Gün gələcək Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik və bölgənin tranzit, logistika mərkəzinə çevrilmə imkanı möhkəmlənəcək. Bir sözlə, bu layihələr kənarlaşdırıcı deyil, əhatəedicidir. Bu prosesdə sərhədlərin müəyyənləşdirilməsi və qarşılıqlı olaraq tanınması zəruridir. Mehriban qonşuluq münasibətlərinin əsasını da bu anlayış təşkil etməkdədir. Türkiyə Prezidentinin dediyi kimi, bu məsələlərdə Ermənistan Azərbaycan ilə problemlərini həll etmək istiqamətində səmimi bir iradə göstərməlidir. Əgər Azərbaycan ilə bağlı səmimi iradə ortaya qoyarsa, Türkiyənin Ermənistan ilə əlaqələrinin də normallaşması üçün bir maneə qalmayacaq. Hesab edirəm ki, Ermənistan bu çağırışlardan nəticə çıxarmalı, normal münasibətlərin qurulması istiqamətində irəli sürülən təşəbbüslərə qoşulmalıdır. Əks halda, itirən Ermənistanın özü olacaq. Güclənən Azərbaycan-Türkiyə birliyi isə regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın əsasını təşkil etməkdədir".
Milli Məclisin deputatı Kamilə Əliyeva qeyd edib ki, 2020-ci il oktyabrın 25-də Azərbaycanın tarixinə daha bir şanlı səhifə yazıldı. Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Qubadlı rayonu igid Azərbaycan əsgərləri tərəfindən işğaldan azad edildi. İşğaldan əvvəl Qubadlıda 30 min əhali yaşayırdı. Ermənilər tərəfindən məcburi qovulan qubadlılar respublikamızın müxtəlif rayonlarına üz tutdular. Ölkəmiz üçün çətin və ağır olan bu günlərdə onlar yataqxanalarda, məktəblərdə, yük vaqonlarında yerləşdirildi. Buna baxmayaraq qubadlılar sınmadılar, öz doğma yurdlarına dönəcəklərinə inandılar. Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin qayğısı ilə bütün məcburi köçkünlər kimi qubadlıları da yeni inşa edilmiş mənzil və evlərə köçürüldü. Onlar üçün lazımi şərait yaradıldı. Lakin qubadlılar öz doğma yurdlarına dönməyi arzulayırdılar. Onlar üçün ən əziz yer öz dədə-baba yurdları idi: "Azərbaycanın cənub-qərbində yerləşən Qubadlının Ermənistanla 120 kilometrlik sərhəd xəttinin mövcud olduğunu xatırladan deputat bildirib ki, ermənilər digər ərazilərdə olduğu kimi Qubadlıda da əsil barbarlıq törətmişdilər. Azərbaycana və bütün türk dünyasına məxsus bütün tarixi-mədəni, dini abidələrimiz dağıdılıb, təhqir edilib. Azərbaycanlılar ermənilərdən fərqli olaraq başqa xalqların və millətlərin dini abidələrinə hörmətlə yanaşır və onları öz tarixi sərvətləri kimi qoruyurlar. Bu gün də Bakının mərkəzində erməni kilsəsi var və bu kilsə əla vəziyyətdədir. Hətta bu kilsənin kitabxanasındakı erməni dilində yazılan dini kitablar belə qorunub saxlanılır. Qubadlının işğaldan azad olunmasında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin başçılığı ilə Azərbaycan Ordusu böyük qəhrəmanlıq göstərdi. Ermənilər 27 il bu ərazidə güclü istehkamlar qurmuş, ətraf yüksəkliklərdə çoxlu sayda hərbi texnika və qüvvələr yerləşdirmişdilər. Buna baxmayaraq Azərbaycan Ordusu bu istehkamları və onların texnikasını, canlı qüvvələrini darmadağın etdi. Ermənilər Azərbaycan əsgərinin qorxusundan öz silahlarını belə atıb qaçırdılar. Qubadlı da işğaldan azad edildikdən sonra ermənilər müharibədə uduzduqlarını başa düşməyə başladılar. Azərbaycan Ordusu bütün istiqamətlərdə düşməni sıxışdırırdı. Ordumuz qarşısında aciz qalan ermənilər cəbhə xəttindən uzaqda yerləşən Gəncə, Bərdə və digər rayonlarımızda dinc əhalimizi atəşə tutur, qətlə yetirirdilər. Azərbaycan əsgəri isə öz sözünü döyüş meydanında deyirdi. Ordumuz mülki erməni vətəndaşlarına bir güllə belə atmadı. Qubadlı işğaldan azad edildikdən sonra əsas hədəf Qafqazın konservatoriyası, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhəri idi. 2020-ci il noyabrın 8-də Ordumuz Şuşa şəhərini də işğaldan azad etdi. Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə yazılacaq bir əməliyyat idi. Azərbaycan əsgərləri yüngül silahlarla dağları aşaraq Şuşa şəhərinə daxil oldular". Düşmənin Ordumuz qarşısında diz çökdüyünü vurğulayan deputat bildirib ki, Azərbaycan Vətən müharibəsində Zəfər qazanaraq öz ərazi bütövlüyünü bərpa edib: "Bütün dünya Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin başçılığı ilə Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan danışır. Vətən müharibəsinin ilk saatlarından qardaş Türkiyə Cümhuriyyəti və türk xalqı bizimlə bir olduğunu bütün dünyaya bəyan etdi. Bu siyasi və mənəvi dəstək xalqımızı və Ordumuzu daha da ruhlandırdı".
Alim