Füzuli aeroportu: Humanitar, iqtisadi, siyasi və hərbi baxımdan strateji əhəmiyyətə malik hava limanı

Dərin tarixi köklərə, strateji əməkdaşlığa malik olan iki qardaş ölkə, Azərbaycan və Türkiyə yenidən tarix yazdı, yeni bir tarixə imza atdı. Erməni işğalından azad edilən Qarabağın hava məkanını da dünya, Avropa üçün açıq elan etdilər. Təbii ki, Füzuli beynəlxalq hava limanını istifadəyə verməklə. Danılmaz faktdır ki, sözügedən hava limanının istifadəyə verilməsi sıradan bir hadisə deyildi. Qeyd etdiyimiz kimi bu bir tərədən Qarabağın hava məkanının açılışı idisə, digər tərəfdən Qarabağda qalıcı sülh və sabitliyin mövcud olacağının nümayişi idi. Təbii ki, bunu da məıhz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak etməklə təsdiqləmiş oldu.

Təsadüfi deyil ki, Rəcəb Tayyib Ərdoğanın Füzuli beynəlxalq hava limanının açılışında iştirak etməsi bir sıra sualların da meydana çıxmasına səbəb olub. Gündəmdə olan ən mühüm sual ondan ibarətdir ki, Füzuli aeroportu hərbi məqsədlər üçün istifadə edilə bilərmi?

Baş verənlərə diqqət çəkən "Atlas" Araşdırmalar Mərkəzinin siyasi eksperti Turan Rzayev deyib ki. Füzuli Beynəlxalq Hava Limanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbayan Prezidenti İlham Əliyevin iştirakı ilə təntənəli surətdə açıldı. Xüsusilə açılışa Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın gəlməsi hava limanının həm türk dünyası, həm də region üçün nə dərəcədə əhəmiyyətli olduğunu bir daha sübut etdi: "Füzuli hava limanı bütövlükdə Qarabağın bərpası, gələcək perspektivdə isə regiona investisiya, turistlərin cəlb edilməsi baxımdan vacibdir. Lakin təkcə humanitar, iqtisadi, siyasi baxımdan deyil, hərbi baxımdan da Füzuli aeroportu kifayət qədər strateji əhəmiyyətə malikdir. Məsələ ondadır ki, Füzuli Hava Limanından hərbi məqsədlər üçün də istifadə edilə bilər. Nəzər almaq lazımdır ki, hava limanında hələ əlavə işlər görüləcək və yeni uçuş zolaqları əlavə ediləcək. Bu uçuş zolaqları niyə məhz hərbi təyyarələr üçün nəzərdə tutulmasın? Digər bir nüans da Azərbaycanın uzun müddətdir hərbi hava qüvvələrini yeniləmək, islahatlar aparmaq istəyidir. Bu istiqamətdə yaxın aylarda hərbi hava qüvvələrinə yeni döyüş təyyarələri alına bilər. Füzuli hava limanının istifadəyə verilməsi və hərbi hava qüvvələrinə yeni döyüş təyyarələrinin alınması onu deməyə əsas verir ki, Füzuli hava limanının hərbi məqsədlər üçün istifadə edilməsi planlaşdırılır:.

Ekspert hesab edir ki, prinsip etibarilə bu mümkündür: "Dünya təcrübəsində də belə nümunələr var. Türkiyənin müxtəlif bölgələrində yerləşən hava limanlarında xüsusilə hərbi helikopterlər və döyüş təyyarələri üçün yerlər var. Bu hava limanının təhlükəsizliyi ilə yanaşı, ölkənin müxtəlif regionlarına və ölkə daxili hərbi əməliyyatlarda hava dəstəyi təmin etməyə imkan yaradır. Füzuli aeroportunda da bunu etmək olar. Nəzər alsaq ki, yekun sülh müqaviləsi hələ ki, imzalanmayıb və Qarabağda sepratçılar var. Bu hələ bir müddət regionda gərginliyin artma ehtimalını aktual olaraq saxlayır. Gələcəkdə baş verə biləcək ehtimal erməni təxribatına qarşı Füzuli aeroportundan həm də hərbi məqsədlər üçün istifadə etmək lazımddır. Füzuli aeroportunun hərbi məqsədlər üçün istifadə edilməsini zəruri edən bir digər məsələ də Şuşadır. Belə ki, hava limanı ilə Şuşa arasında cəmi 100 kilometr məsafə var. Bu, gələcəkdə Şuşaya ediləcək istənilən hərbi təxribatın qarşısını almaq üçün ideal məsafədir. Yəni Füzuli hava limanından qalxan döyüş təyyarələri Ermənistanın və separatçıların ehtimal təhdidlərininin qarşısını vaxtında ala bilər. Bu, həm də Azərbaycan Ordusunun Qarabağda manevr imkanlarını gücləndirir:.

Turan Rzayev bildirib ki, Füzuli hava limanının hərbi məqsədlər üçün istifadə edilməsi həm də Rusiya sülhməramlılarına nəzarət baxımından vacibdir: "Məsələ ondadır ki, hazırda Rusiya Müdafiə Nazirliyi Qarabağa yükü Ermənistan üzərindən daşıyır. Bu isə öz növbəsində həmin yüklərin tərkibi, nə məqsədlə aparılması kimi problemlər yaradır. Yüklər Füzuli hava limanından da daşına bilər. Hətta bu Kremldən tələb edilməlidir. Azərbaycan ərazisinə yüklər Azərbaycan ərazisindən aparılmalıdır. Bu zaman Azərbaycan Füzuli Hava Limanından ermənilərin yaşadığı əraziyə daşınan yüklərə nəzarət imkanı əldə edə biləcək".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31