"İllər keçəcək və biz indiki, ondan əvvəlki səfərlərdə görülən işlərdə nə qədər böyük addımların atıldığının bir daha şahidi olacağıq"- Mübariz Göyüşlü
28 Oktyabr 2021 09:35 Siyasət"Biz hazırda Azərbaycanla Türkiyə arasında çox böyük tarixi hadisələrin şahidi oluruq. Bəlkə də hər iki dövlətin tarixində olmadığı qədər möhtəşəm hadisələri yaşamaqdayıq".
Bu sözləri Olaylar.az-a Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərini şərh edən Müasir İnkişaf İctimai Birliyinin idarə heyətinin sədri Mübariz Göyüşlü deyib.
"Azərbaycan 44 günlük müharibədən sonra azad etdiyi torpaqlarda çox böyük quruculuq, abadlıq işləri aparır. Biz istər müharibəyə qədərki, istər müharibə zamanı, istərsə də müharibədən sonrakı proseslərdə Türkiyənin Azərbaycana hər zaman çox yaxından dəstəyini, qardaşlıq köməyini görürük. Təbii ki, bu proseslərin başında hər iki dövlətin rəhbərləri,-İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan durur. Ərdoğanın Şuşa səfəri çox tarixi bir hadisə oldu, bəyannamə imzalandı. Bu birmənalı şəkildə Türkiyənin Azərbaycana böyük dəstəyini, Azərbaycanda, Qarabağda mövcudluğu bir daha fərəhlə təsdiqlənmiş oldu və bu istər Ermənistana, istər onun havadarlarına bir mesaj oldu. Ərdoğanın səfəri, Füzuli Beynəlxalq Hava Limanının açılışının həyata keçirilməsi, Zəngəzur dəhlizinə gedən yolun salınmasının əsasının qoyulması, eyni zamanda, "Dost Aqropark"ın tikintisinin əsasının qoyulması iki dövlətin qardaşlıq nümunəsi və Türkiyənin Azərbaycandakı bütün azad olunmuş ərazilərdə görülən işlərdə birmənalı dəstəyini ifadə etdi. Füzuli Hava Limanını "Qarabağın giriş qapısı" da adlandıra bilərik. Onun açılışı, istifadəyə verilməsi, həmçinin, qısa müddətdə, cəmi 8 ay ərzində möhtəşəm tikilinin istifadəyə verilməsi onu göstərir ki, Azərbaycan və Türkiyə Qarabağla bağlı məsələdə Azərbaycanın ərazi bütövlüyünün qorunmasında və möhkəmlənməsində, bölgədəki sülhdə, sabitlikdə çox mühüm rol oynayırlar və hər iki dövlət bu məsələdə qətiyyətlidir. Mən hesab edirəm ki, Türkiyənin Azərbaycana bu şəkildə dəstəyi və Ərdoğanın son səfəri, orada səslənən bütün mesajlar ilk növbədə Ermənistana qisasçılıq hissi ilə, orada müəyyən qruplar var ki, revanşist fikirlər səsləndirilib, onlara yaxşı cavabdır. Eyni zamanda və əsasən də Ermənistana dəstək olaraq, Ermənistanı onun arxasından iş görməyə çalışan böyük dövlətlərə, beynəlxalq təşkilatlara, daim ikili standartlarla çıxış edənlərə çox gözəl cavab oldu. Səfər zamanı keçirilən mətbuat konfransında səslənən bəyanatlar və ordakı fikirlər, hesab edirəm ki, bölgədə marağı olan dövlətlər tərəfindən ciddi şəkildə öyrənilir, öyrəniləcək və onlar bu mesajlardan dərs çıxaracaqlar. Azərbaycan Türkiyənin dəstəyi ilə istər hərbi sahədə, istər iqtisadi, təhsil, mədəniyyət və digər sahələrdə öz imkanlarını və potensialını daha da gücləndirir. Çünki, Türkiyə dünyanın ən böyük və güclü dövlətlərindən biridir və onun liderinin, Ərdoğanın istər indiki , istər bundan əvvəlki səfərləri hesab edirəm ki, Azərbaycanı həm bölgələdə, həm dünyada daha da güclənməsinə gətirib çıxaracaq. Eyni zamanda, iki dövlətin bir yerdə Türk Dövlətlərinin Əməkdaşlıq Şurası çərçivəsində və digər aparıcı təşkilatların birgə əməkdaşlığı ilə həm regionda, həm beynəlxalq aləmdə aparıcı güc mərkəzlərinə çevrilməkdə davam edəcəkdir. Bütövlükdə mən bu səfəri çox yüksək qiymətləndirirəm və bir daha təkrar etmək istəyirəm ki, bəlkə də biz bu hadisələrin müasiri olduğumuza görə bu hadisələrin, atılan addımların, verilən qərarların önəmini, böyüklüyünü, vacibliyini tam şəkildə dərk edə bilmirik. Amma zaman, illər keçəcək və biz indiki, ondan əvvəlki səfərlərdə görülən işlərdə nə qədər böyük addımların atıldığının bir daha şahidi olacağıq".
Röyalə Xəyal