“Regionda Azərbaycan-Türkiyə əməkdaşlığı üçün yeni dövr başlanıb”

Oktyabrın 26-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri  yeni inşa olunmuş Füzuli Beynəxalq Hava Limanının  açılışında  iştirakı və Zəngəzur dəhlizinin təməlinin  qoyulmasının tarixi əhəmiyyətinə dair açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, Azərbaycan və Türkiyə arasında olan münasibətlər tarixi köklərə malikdir. Bu münasibətlər indiki zamanda keyfiyyətcə yeni müstəviyə daxil olub. Türkiyə iyul hadisələrində də, Vətən müharibəsində də, Vətən müharibəsindən sonrakı zaman kəsiyində də  Azərbaycanı müdafiə etdi. Müxtəlif telefon danışıqları, təmaslar, ölkəmizin haqq işinin müdafiə edilməsinə yönəlmişdi. Qeyd edək ki, Vətən müharibəsindən sonra işğaldan azad edilən Şuşada  imzalanan Şuşa bəyənnaməsi müttəfiqlik  münasibətlərini formalaşdırır. Eyni zamanda, 2010-cu ildə imzalanmış strateji-tərəfdaşlıq sazişi də  başqa bir formada transformasiyasını özündə əks etdirir. Artıq Türkiyə NATO-dakı öz hərbi gücü, potensialı ilə Qarabağın, eləcə də Şərqi Zəngəzurun təhlükəsiziliyinin təmin olunmasında yaxından iştirak edir. Eyni zamanda, Rusiya-Türkiyə monitorinq mərkəzi sülhün qorunması istiqamətində müşahidəçi statusunda fəaliyyət göstərir. Regionda Azərbaycan-Türkiyə əməkdaşlığı üçün yeni dövr başlayıb. Artıq yeni geosiyasi reallıqlar şəraitində, "3+3" platformasını Azərbaycan, eləcə də Türkiyə təbliğ edir. Regionda sülhün, təhlükəsizliyin və sabitliyin qorunması istiqamətində iki dövlətin təşəbbüsləri təqdir olunur. Digər dövlətlərin bu təşəbbüsə qoşulması istiqamətində fəaliyyət həyata keçirlir. Hətta Rusiya bu platformaya çox müsbət yanaşır. Ermənistanın son dövrlər Zəngəzur dəhlizinin açılması ilə bağlı işçi qrupun iclaslarına qatılması və burada iştirak etməsi onu göstərir ki, Ermənistan da bu platformada iştirak edəcək. Eyni zamanda Gürcüstanın da bu layihədə əvvəlcədən müəyyən mənfi baxışları olsa da, onlar da bu layihədə iştirak etməkdə maraqlıdır. İran tərəfinin layihədən yayınmaq üçün etdiyi müxtəlif fəaliyyətləri regionda müşahidə olunurdu. Həmçinin də gərginliyin artırılmasına xidmət edən açıqlamalar müşahidə edirdik. Lakin bütün atılan niyyətlər özünü doğrultmadı. Düşünürük ki, Zəngəzur dəhlizinin "3+3" formatında reallaşması ən məqbul variantdır.

"Digər təfərdən Füzuli Beynəxalq Hava Limanının açılış mərasimində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın  Azərbaycan ərazisinə gəlməsi qardaşlığın, birliyin göstəricisidir. Regionda infrastruktur layihələrində də Türkiyənin şirkətləri yaxından iştirak edib. Bu iştirak qardaşlığı, birliyi, həmrəyliyi təşbiq edir, dostluq tellərini daha da möhkəmləndirir və gələcək prespektivlər üçün yaxşı imkanlar formalaşdırır. Bundan sonra da Türkiyə və Azərbaycan birgə fəaliyyət göstərəcək. Bu ölkənin təhlükəsizliyi baxımından da çox önəmlidir. Zəngəzur dəhlizinin açılmasından sonra Azərbaycanla Türkiyə arasında əlaqə təmin olunur.  Azərbaycanın  digər  bölgələri ilə Naxçıvan arasında biz əlaqəni görəcəyik. Son nəticədə Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinə müsbət mənada təsir edən yaxşı imkanlar formalaşacaq. Artıq  iqtisadi sahədə prefersional ticarət istiqamətində saziş imzalanıb. Bütün bunlar onu göstərir ki, hər bir seqmentdə Türkiyə ilə Azərbaycan arasında əməkdaşlıq daha da dərinləşir, bu əməkdaşlığın çox yaxşı gələcəyi var və bu əməkdaşlıq qardaşlıq və möhkəm təməllər üzərində formalaşdırılıb."

  Mehriban Xəlilli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31