“Geosiyasi reallıq  məhz belə dəyişdirilir”- Deputat

"Cənab Ərdoğanın Azərbaycana səfəri zamanı diqqətimi çəkən məqamlardan biri Zəngilan rayonunda "Dost Aqropark"ın təməlinin qoyulmasıydı. Demək,  artıq Türkiyə şirkətləri, iş adamları  işğaldan azad olunan torpaqlarımızda təkcə subpodratçı deyil, həm də yatırımçı kimi çıxış edirlər ki, bu da çox önəmlidir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə,  ən maraqlı məqam isə ondan ibarətdir ki, qiymətli  mərmər ətiylə tanınan 10 min baş anqus cinsindən olan qaramalın saxlanacağı bu aqropark da, İsrailin tikdiyi min baş camış üçün nəzərdə tutulmuş ferma kimi  məhz Zəngilandadır: " O Zəngilanda ki bəzi qonşular hərtərfli dəstək verdikləri Ermənistanın izniylə işğal altında olarkən oradan həm də otlaq və yem bazası  kimi faydalanırdılar. İnidi isə qardaş Türkiyə orada aqropark, dost İsrail camışçılıq ferması tikir, 44 günlük savaş zamanı qəbrdəki bir sıra dövlətlərdən fərqli  mövqe sərgiləyən, Azərbaycanın torpaq bütünlüyünü dəstəkləyən İtaliya isə həmən fermada yüksək keyfiyyətli  "motsarella", "burrata" və digər növ  pendirlərinin istehsalını həyata keçirməyə hazırlaşır.

Xatırlayırsınızsa, Prezident İlham Əliyev ötən il etdiyi çıxışlarında özəlliklə vurğulayırdı ki, 44 günlük savaş zamanı  hansı dövlətin özünü necə apardığını heç vaxt unutmayacağıq. İşğaldan azad olunan torpaqlardakı quruculuq işlərinə də ilk növbədə məhz o dövlətlərin şirkətləri dəvət olunacaq ki, haqqın, beynəlxaq normaların, Azərbaycanın yanında yer alırlar.  Yəqin cənab Prezidentin "Bizim sözümüz imzamız qədər keçərlidir" fikrini xatırlayırsınız. Bax, sözün imzalığı budur! İşğalçı Ermənistana hər cür dəstək verənlərin otlaq və örüşlərindən faydalandıqları Zəngilanda 44 günlük savaş zamanı yanımızda yer alan dövlətlərin şirkətləri quruculuq prosesinə cəlb edilir, yatırım qoyurlar. Geosiyasi reallıq  məhz belə dəyişdirilir! Elə bəzi dövlətlər də məhz bundan qıcıqlanmırlarmı?"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31