"Regionda yeni təhlükəsizlik düzəni formalaşıb" - Hikmət Hacıyev
26 Oktyabr 2021 11:43 SiyasətXəbər verdiyimiz kimi, oktyabrın 25-də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Beynəlxalq Antiterror Təlim Mərkəzində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətinin təşkilatçılığı ilə "Milli təhlükəsizlik" mövzusunda kursun açılış mərasimi keçirilib.
Olaylar.az xəbər verir ki, mərasimdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də çıxış edib.
O, çıxışında hər bir dövlətin prioritet məsələsi olan milli təhlükəsizliyin etibarlı təmin olunmasından danışıb. H.Hacıyev bu sahədə fəaliyyətin həyata keçirilməsində ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə hazırlanmış Milli Təhlükəsizlik Konsepsiyasının önəmindən bəhs edib. 30 ilə yaxın müddət ərzində dövlətimizin təhlükəsizliyi əleyhinə yönəlmiş başlıca amilin Ermənistan tərəfindən aparılan işğalçılıq siyasəti olduğunu bildirən şöbə müdiri qeyd edib ki, Müzəffər Ali Baş Komandanın qətiyyətli sərkərdəliyi altında Azərbaycan Ordusunun Vətən savaşında qələbə çalmaqla erməni faşizmini məhv etməsi nəticəsində regionda yeni təhlükəsizlik düzəni formalaşıb.