Azərbaycanın regionda irəli sürdüyü layihələr regionda maraqlı olan digər dövlətlərin də maraqlarına xidmət edir
25 Oktyabr 2021 15:29 Siyasət"Azərbaycanla İran İslam Respublikasının münasibətlərində müşahidə olunan gərginliyin aradan qalxmasının başlıca səbəbləri sırasında təbii ki, yenə də geosiyasi proseslər dayanır".
Bu sözləri Olaylar.az-a açıqlamasında AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə deyib.
"Gərginliyin yaşandığı dönəmdə İran İslam Respublikası müxtəlif dövlətlər vasitəsilə Azərbaycana təsir göstərməyə çalışdı. Eyni zamanda, müəyyən diplomatik danışıqlarda da İranın bu cür cəhətləri müşahidə olunmaqda idi. Lakin aparlan bu danışıqlardan sonra İran İslam Respublikası aydın şəkildə başa düşdü ki, Azərbaycanla təhdid dilində danışmaq olmaz. Azərbaycanın regionda irəli sürdüyü layihələr təkcə Azərbaycanın deyil, regionda maraqlı olan bir çox digər dövlətlərin də maraqlarına xidmət edir və onlar tərəfindən müəyyən məsələlər dəstəklənir. Başqa bir məsələ ondan ibarət idi ki, İran İslam Respublikası gördü ki, Azərbaycan özünün tələblərini, o cümlədən, İran İslam Respublikasından və Azərbaycanın müvəqqəti olaraq sülhməramlıların nəzarəti altında olan ərazilərinə gedən maşınların dayandırılması ilə bağlı tələbələri də haqlı tələblərdir. Məhz bütün bunları gördükdən sonra, artıq son günlərdə İran İslam Respublikasının Azərbaycan siyasəti ilə bağlı bəzi geriyə doğru addımlar atdığı müşahidə olunmaqdadır.
Təbii ki, ölkələrin bir-birinin daxilində müəyyən formalaşdırmağa çalışdıqları maraq qrupları olur. Hesab edilirdi ki, Azərbaycanda olan və İrana bu və ya digər formada simpatiya bəsləyən maraq qrupları daha güclüdürlər. Amma hadisələrin, proseslərin gedişatı göstərdi ki, Azərbaycan əhalisinin böyük, tam əksəriyyəti Azərbaycan dövlətinin ətrafında sıx birləşmişdir. O ki qaldı bir çox yerdə qalan xırda ünsürlərə, hansı ki, onlar müəyyən pozucu addımlar atmağa çalışmışdılar, tək-tək şəxslərin ifadələrində pozuculuq müşahidə olunurdu, təbii ki, Azərbaycanın dövlət orqanları ölkə daxilində olan bütün prosesləri nəzarət altında saxlamaq iqtidarındadır. Biz atılan addımlardan da görürük ki, bu istiqamətdə müəyyən işlər həyata keçirilir".
Röyalə Xəyal