ƏN XOŞBƏXT ERMƏNİ... ƏKBƏR QOŞALI YAZIR
23 Oktyabr 2021 22:00 SiyasətƏkbər Qoşalı
Birinci ildönümünü qeyd etdiyimiz 44 günlük müharibə ilə biz yalnız işğalçıları iti qovan kimi qovmadıq, bir çox mətləblərə aydınlıq gətirdik, işğalın, işğalçıların anatomiyasını gün üzünə çıxardıq: 44 gün sonrasında Ermənistan, bütövlükdə dünya erməniliyi təkzibolunmaz faktlarla üz-üzə qaldı.
Ermənilik nədir?
Bəllidir ki, işğal altındakı ərazilərimizdə 30 ilə yaxın detallı müşahidə, çəkiliş, yazılış, uçot aparmaq imkanlarımız ya olmayıb ya çox uzaqdan, çətinliklə və qismən olub. Torpaqlarımız azad olunduqdan sonra erməniliyin iç üzü tamı tamına gözlərimiz önündədir, uçot aparırırıq, onu çəkirik, görürük, göstəririk, yayırıq. Deyirik ki, müharibənin də bir qaydası-qanunu var. Biz müharibədə qızıl ləyaqət göstərən ölkə olaraq, dilimiz uzun, üzümüz ağdır; erməni, sən isə qəbirdağıdansan, kəmikçıxaransan, evyıxansan, ocaq söndürənsən, vandalsan, bizim torpaqlarda canlı-cansız nə varsa özünə düşmən bilənsən.
Sən erməni, sən, Tanrının və insanın yaratdıqlarına qarşı dözümsüzsən, yalnız bir şey bilirsən: öldür, dağıt, sök, yıx, yandır, özününküləşdir, özgələşdir...
Erməni, sən, illa sən, yoxsulsan - maddi yoxsul, mənəviyyatca yoxsul, ağıldan yoxsul. Ağlın olsaydı, bu gün cəmi 103 yaşı olan uğursuz, baş tutmamış dövlətini tarixi bitiş ərəfəsinə gətirməzdin. Ağlı olan da dörd yanı ilə açıq-gizli düşmənçilik içindəmi olar? Ağlı olan da, Tanrının yaratdıqlarına, müqəddəs kitabların öyrətdiklərinə, peyğəmbərlərin öyüdlərinə qarşı çıxıb, sonra da özünü ən qədim, ən dindar, ən xristian, ən mədəni... xalq adlandırarmı?!. Dindar bilmirmi ki, qan-qada ilə, haqsızca başqasına məxsus olanlara yiyə durmağın sonu yoxdur, xeyri yoxdur! Bəyəm Qubadlını, Zəngilanı... külli-Qarabağı dağıdan ermənilər xoşbəxtdirmi? Qarabağda döyüşmüş "ən xoşbəxt" erməni ya yanaşı xəstəliklərdən əziyyət çəkir, ya şikəstdir, ya ailəsi bərbaddır, ya uşaqları ölkə üzünə qoyulası deyil, ya... ya da... - say, qurtarmaz. Qarabağda bizimkilərin alın təri, əl əməyi, göz nuru ilə qurub-yaratdıqlarını dağıdıb, öz xarabalarına aparan ermənilərin sırasında tək bir xoşbəxt varsa, göstərsinlər! O evlər yanıb, o evlər uçub, o evlər sakinlərinə zindandır, o evlərdə yeyilənlər zəhərdir, o evlər boşdur... Əgər başqa cürsə, onda kainatın ruhu pozulmuş olar; başqa cür olsaydı təbiətin nizamı pozulub deməkdir. Biz indi durub kainatın, təbiətin, inkişafın yüksək qanunlarınamı inanaq, yoxsa erməni xoşbəxtliyi yalanlarınamı?..
Sən, erməni, həmən sən, vicdan, insaf nədi bilməzsən! Və əlbəttə, mən bunu ağlaşma ilə demirəm, qəbullanmaq zorunda qalaraq demirəm; deyirəm ki, bitdi sənin kəsafətin, oyunun, vandallığın. Nə edə bilərdinsə, onun ən, ən yüksəyini, daha doğrusu, alçağını etdin və bitdi! Kainatın ruhu, Tanrının lütfü, dövlətimizin qüdrəti, dövlət başçısının siyasi iradəsi, dövlət-xalq birliyi, ordumuzun fədakarlığı sənin belini qırdı, sənin çirkin planlarını pozğuna uğratdı.
Pozğun - ah, bu söz sənə nə qəşəng yaraşır, ermənicim!
Anahitdən tutdun, ta Maral Nacaryana, rus sülhməramsızların hər türlü qulluğuna amadə qızlarınıza qədər bəsbəlli tarixcəniz, "mənəviyyat xəritəniz" vardır.
Bizim Şuşada ermənilər hökm sürərkən səsi çıxmayan yaxud biganə qalan, indi öz vətəndaşlarımız Şuşaya gedincə analarının əmcəyini kəsməyə qalxışan gədə-güdələrimiz var ha, bax, onlar, indi durub "erməni xalqını təhqir eləmə"-zad desə, bu, mənə vız gəliyor... Niyə? - Çünki mən ən azı son 30 ildə Qarabağda etdiklərinə görə üzr istəməyincə erməni adlı xalqı tanımayacam. Xalq nədir? -Dünyada elə bir xalq göstərin ki, ermənilərin Qarabağda, Xocalıda etdiklərini etmiş olsun. Örnəyi, faşist Almaniyasımı? - Onların etdikləri ermənilərin etdiklərinin yanından yel olub keçərmi? - Almanlar keçmiş SSRİ-nin ərazilərini tutunca Qarabağda ermənilərin etdiyi kimi qəbirdağıdanlıq, kəmikçıxaranlıqmı edib? Onlar Ukrayna, Belarus, Rusiya Federasiyası və b. ərazilərdəki abidələrimi hədəf alır, yaxud "bunlar almanlara məxsusdur" deyirdimi? Almanlar məscidə, kilsəyə, sinaqoqa donuz və ya başqa heyvanmı doldurur, ibadətgahlarımı dağıdırdı? Onlar ucdantutma mülki əhalini qırıb çatıb, dərisini soyub, atanın yanında qızın, ərin yanında xanımının, qardaşın yanında bacının, oğulun yanında ananın izzəti-nəfsinəmi toxunurdu? Almanlar hamilə qadının qarnını yarıb, ora diri pişik balalarımı doldururdu? Bəlkə, Quqarkdakı kimi, iri borunun içinə "düşmən" (azərbaycanlı) cocuqları doldurub, borunun ağzını qaynaq edirdilər?! Yoxsa, əsir-girovların başına ermənilərin azərbaycanlı əsir-girovların başına açdığının yüzdə biri qədər oyun açırdımı almanlar? Mən alman əsirliyindən qayıtmış insanla da (Allah ruhunu oxşasın, indi haqq dünyasındadır) danışmışam, erməni əsirliyindən gələnlərlə də! Əsla, müqayisə edilə bilməz, əsla! Dünyada, ermənilərdən betər erməni yoxdur, yoxdur!
Biz almanların etdiklərinə bəraət qazandırmırıq, əlbəttə. Ancaq unutmayaq ki, almanlar öz faşistlərinin etdiklərini etiraf edib, üzr istəyib, faşizmdən imtinanı rəsmiləşdirib, faşizm qurbanı olan yəhudilərin ailəsinə yüklü təzminat ödəyib. Erməni, sən, sən isə almanların imtina etdiyi faişizmi dirildib, inkişaf etdirərək daha qəddar formada tətbiqata keçmisən! Hazırda üzr istəmək, fazişimdən, vandalizmdən rəsmən imtina etmək, təzminat ödəmək kimi bir havan da yoxdur hələ. Odur ki, xalq deyilsən, vəhşi qəbiləsən, bəlkə heç o da deyilsən...
Qubadlı əməliyyatı
44 günlük müharibənin gedişində Qubadlı rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Zəngilan şəhəri oktyabrın 20-də azad olunandan sonra, hərbiyən də, məntiqən də növbəti azadetmə əməliyyatının Qubadlı ilə bağlı olacağı gün kimi aydın idi. Dəqiq kəşfiyyat bilgilərinə malik silahlı qüvvələrimizə məlum idi ki, Ermənistan silahlı qüvvələri şəhərdə güclü istehkamlar qurub. Qubadlının yüksəkliklərində düşmənin hərbi birləşmələrinin sıx yerləşdiyi də bəlli idi. Düşmən anlayırdı ki, Qubadlının azad olunması onların Laçından da qovulması üçün gerçək və qarşısıalınmaz zəmin yaradır; ona görə də, ən son döyüşmüş kimi dirənir, vuruşur, bizim bölmələrin geri çəkilməsinə nail olmaq istəyirdi. Qubadlıda dönüşə nail olsalar, bütün cəbhə boyu əvəzçıxmaya başlaya biləcəklərini düşünürdülər.
Bəli, Qubadlı əməliyyatı fədakarlıq və xüsusi peşəkarlıq tələb edirdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi - düşmən bizim hərbçilərimizə bu yüksəkliklərdən davamlı olaraq atəş açırdı. Əcdadımızın şanlı hərb gələnəyini və çağdaş elektron hərbin imkanlarını universal şəkildə birləşdirib, tətbiq edən Azərbaycan Ordusu bax bu fədakarlığı, peşəkarlığı göstərdi! Şəhərə hakim olan yüksəkliklər ilk növbədə götürüldükdən sonra, çevrədə yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri götürüldü. Nəhayət strateji yüksəkliklər tutulduqdan sonra müzəffər ordumuz şəhəri düşməndən təmizlədi. Ən yeni tariximizə yeni altın gün yazıldı: 25 oktyabr 2020!
"Qubadlının azad olunmasına görə"
Göründüyü, bilindiyi və yazıldığı kimi, Qubadlı uğrunda şiddətli döyüşlər gedib, Azərbaycanımızın mərd oğulları Qubadlı üçün canını verib. Onların arasında Qubadlı rayonundan olan Milli Qəhrəman Şükür Həmidov kimi öz doğma el-obası uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuş fədakar oğullarımız vardır. Ruhlarına alqış!
Qubadlı şəhərinin azad olunmasından bir ay sonra - 26 noyabr 2020-ci ildə Azərbaycan Respublikasının yeni dövlət təltifi - "Qubadlının azad olunmasına görə" medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 15189 hərbi qulluqçumuz Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə həmin medalla təltif olundu.
Qubarı bitmiş Qubadlı
Respublikamızın güney-batısında yerləşən Qubadlı rayonu günbatardan 120 km məsafə boyu (Ermənistan Respublikasının ərazisi kimi tanınan tarixi Azərbaycan torpaqları) günbatar Zəngəzurla, quzeydən Laçın rayonu, Xocavənd rayonu, gündoğardan Cəbrayıl rayonu, güneydən isə Zəngilan rayonu ilə sınır ortağıdır. Kəndlərin çoxu Həkəri və Bərgüşad çayları ətrafında yerləşir. "Yazı düzü", "Gəyən" və "Məzrə" adlanan düzləri bol məhsullu torpaqlardır. Ümumilikdə rayonda 79812 ha torpaq fondu vardır. İşğala qədər bundan 14956 ha əkin, 850 ha çoxillik bitki, 631 ha biçənək, 17192 ha örüş-otlaq, 543 ha həyətyanı, 13160 ha meşə, 582 ha bağ və üzümlüklər idi. Rayonun ərazisindən Bərgüşad, Həkəri və onların qolları (Ağa çayı, Kiçik Həkəri, Meydandərəsi və b.) axır. İşğaldan öncə Qubadlıda 13160 ha meşə sahəsi olub. Rayonun ərazisi təbii dərman bitkiləri ilə də zəngindir.
Qubadlıda itirdiklrimizə dair
Qubadlı rayonunun işğalı sonucunda rayon əhalisinə və dövlətə vurulmuş maddi və mənəvi zərərə diqqət edək:
Qubadlı 31 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən (əlbəttə, havadarlarının hərbi-siyasi dəstəyi ilə) işğal olunub. İşğalla:
94 yaşayış məntəqəsi,
7278 fərdi yaşayış evi,
64 inzibati bina,
148 sosial obyekti,
161 mədəniyyət obyekti,
7 məscid,
16 körpü dağıdılmış və yararsız duruma salınıb;
1080 ədəd kənd təsərrüfatı obyekti,
650 km avtomobil yolu,
2 su anbarı,
150 km magistral su xətləri,
4830 km elektrik xətləri,
165 km magistral qaz boru xətti,
9 tikinti idarəsi,
4 yol idarəsi,
18 ədəd dəyirman,
4 ədəd su nasos stansiyası,
120 ədəd elektrik yarımstansiyası (və transformatorlar)
tamamən dağıdılıb.
İşğal sonucunda rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində keçici olaraq yerləşdirilib.
Bərabərdir "0"
Bizim Qubadlıda itirdiklərimizi sıralamağa çalışdıq. Bir də Ermənistanın itirdikləri var, əlbəttə. Onlar Qubadlı əllərində olarkən də, Qubadlı əllərindən çıxarkən də itkilərə uğradı.
Onların ən böyük itiksi Azərbaycanın etibarı oldu! Onların bizim etibarımızı, güvənimizi qazanmaları uzun-uzun qərinələrə qaldı...
Bir də onlardan qız alıb, onlarla kirvə olacağıqmı? - Cətin, çox cətin.
Onlar yalnız Qubadlıya, yalnız Dağlıq Qarabağa deyil, öz ağıllarınca (ağılsızlıqlarınca) külli-Qarabağa və də Azərbayacana yiyələnmək, Qafqazlara sahiblənmək istəti ilə "Dənizdən-dənizə böyük Ermənistan"a "yol" almışdılar. Bədbəxtlər qanmadı ki, bu yol yox, yolsuzluqdur...
Əgər Azərbaycan Dəmir Yumruğundan sonra da ayılmasalar, bu vəhşi qəbilənin gələcəyi = 0!
Bir daha Ermənistanın hərbi cinayətləri
Ermənistan silahlı qüvvələri Qubadlının Xanlıq qəsəbəsində hərbi istehkam (hərbi baza) qurmuşdu. Xanlıqda qanunsuz məskunlaşma aparılmışdı. Xaricdən gətirilən ermənilər burada yerləşdirilmişdi və bu da işğalın sonuclarından sui-istifadə və sırf müharibə cinayətiydi. Cenevrə konvensiyalarını yada salaq. - 1949-cu ildə İsveçrənin Cenevrə şəhərində keçirilən konfransda qəbul edilmiş, 1977 və 2005-ci illərdə yeni protokollar əlavə edilmiş Cenevrə Konvensiyalarına görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Öncələr Cenevrə Konvensiyalarının digər bəndlərini də ("Qurudakı silahlı qüvvələrdə yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında", "Hərbi əsirlərlə rəftar haqqında", "Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında") pozmuş olan Ermənistan, xaricdən gələn ermənilər üçün (xaricdə yaşayan ermənilərin vəsaiti ilə) Xanlıqda qəsəbə salmaqla cinayətin, qanunsuzluğun onunçün adi "norma" olduğunu göstərib...
Ali Baş Komandan Qubadlıda!
23 dekabr 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Qubadlıda Azərbaycan bayrağını ucaltdı və uca sözlər dedi: "Qubadlı əməliyyatının çox böyük əhəmiyyəti var idi. Çünki Qubadlıdan sonra biz Şuşa şəhərini işğaldan azad etdik. Oktyabrın 25-də Qubadlı azad olundu və noyabrın 8-də Şuşa şəhəri azad edildi. Beləliklə, düşmən təslim olmağa məcbur oldu.
Müharibə zamanı gördüyümüz işlər bu gün aparıcı ölkələrin ali hərbi məktəblərində öyrənilir. Bu haqda məndə dəqiq məlumat var. Bizim xarici tərəfdaşlarımız bu məlumatı bizə çatdırıblar ki, ən inkişaf etmiş ölkələrin ali hərbi məktəblərində Azərbaycanın döyüş taktikası, bizim əməliyyatlar öyrənilir və bu, müasir döyüş taktikasıdır. Bizə qədər dünyada heç kim bu taktikadan istifadə etməyib. Burada bütün vacib amillər bir məqsədi güdürdü ki, az itkilərlə düşmənə sarsıdıcı zərbələr vuraraq, düşmənin ordusunu faktiki olaraq məhv edərək hədəfə çataq və belə də oldu".
Bir sözlə
Qubadlının işğaldan azad edilməsi tarixi hadisədir. Prezident İlham Əliyevin Zəngilan şəhərinin azadolunması günü münasibəti ilə Zəngilanda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə (20.10.2021) dediyi sözü xatlırlatmaq istərdim: "Azad edilmiş hər bir şəhərin azad olunma günü tarixi Zəfər günüdür"! Bəli, 27 sentyabrda azad etdiyimiz ilk kəndlərin (Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlının (Füzuli rayonu), Böyük Mərcanlı, Nüzgarın (Cəbrayıl rayonu)), eləcə də, Ağdərə və Murovdağ istiqamətindəki yüksəkliklərin, sonrakı günlər azad edilmiş Suqovuşanın, Talışın da, Cəbrayıl şəhərinin, Ağoğlanın (Hadrutun), Füzuli şəhərinin, Zəngilan şəhərinin, Qubadlı şəhərinin də... - hamısının, hamısının azad olunması zəfər günü, şan-şərəf günü, qürur günümüzdür!
Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni daha da yaxınlaşdırdı.
Qubadlının azadlığı uğrunda şəhid olmuş hərbçilərimizin, ümumən bütün Azərbaycan şəhidlərinin əziz ruhu qarşısında dərin ehtiramla baş əyirəm! Onların sırasında mənim əzizim - Azərbaycan Silahlı Qüvvələrinin giziri, cəsur tankçı Cilingir də var (Cilingir Azad oğlu Nəbiyev; 18.01.1996, Tovuz - 27.10.2020, Qubadlı)...
Yaralı qazilərimizə şəfa, müharibənin bütün iştirakçılarına möhkəm can sağlığı diləyirəm!
BAYRAĞIMIZ UCA OLSUN!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!