"Ermənistanın müttəfiqi olan İrandan Azərbaycana səmimi münasibət gözləməyə dəyməz"

Son zamanlar İran-Azərbaycan münasibətlərində olan problemlər və onların nəticələri siyasi ekspertlər tərəfindən birmənalı  qarşılanmı. Olaylar.az-a açıqlama verən  siyasi ekspert Rəfail Becanov bildirib ki, İran-Azərbaycan münasibətlərinin gərginləşməsinin səbəbkarı İran tərəfi və onun qanunsuz əməlləridir. Son anda İranın geri çəkilməsi Azərbaycan tərəfindən göstərilən təpkilərlə bağlıdır.

"Hesab etmirəm ki,İran beynəlxalq qanunlara əməl edərək geri çəkildi. Beynəlxalq qanunlara sayğı göstərən, əməl edən ölkə əvvəlcədən bu addımı atmaz, qonşu ölkənin ərazi bütövlüyünə hörmətlə yanaşardı. İran son anda anladı ki, regionda tamamilə təklənir. Bu təhdidlər Azərbaycanla yanaşı sanksiyalar tətbiq olunanda və hərbi müdaxilə gözləniləndə ABŞ-ın qarşısında onu müdafiə edən Türkiyə ilə münasibətlərini də sual altına alır. Türkiyə və Azərbaycan müttəfiq deyil, qardaşdan da ötədir. Ona görə də İran  publik olaraq geri çəkildi. Amma gizli şəkildə əməllərini davam etdirəcək. Çünki İranın rəsmi siyasəti, Azərbaycana qarşı mövqeyi belədir. Ermənistanın müttəfiqi olan İrandan Azərbaycana səmimi münasibət gözləməyə dəyməz. 

Təbii ki, İran da daxil bizim zəfərimizi həzm edə bilməyən, bununla barışa bilməyən siyasi güclər, bəzi dövlətlər nəzarətlərində olan qüvvələri ölkənin daxilində fəallaşdırmağa çalışırlar və bundan sonra da çalışacaqlar. Məqsədləri Azərbaycanı hansısa formada təhdid etmək, haqq yolumuzdan çəkindirməkdir. Bununla həm özlərinə sərf edən şərtləri diqtə etmək, həm də Ermənistana yeni nəfəs vermək istəyirlər. Amma dəfələrlə bildirmişik ki, bu həmlələr alınası deyil. İran illərlə Azərbaycanda gizli iş qurdu, şəbəkə yaratmağa çalışdı, nə əldə etdi? Heç nə. İctimai şüura, rəyə, fikrə təsir edən heç bir struktur yarada bilmədi. Çünki Azərbaycan cəmiyyətində İrana münasibət bəllidir. Orada yaşayan soydaşlarımızın başına gətirilən müsibətləri hər kəs bilir. Ana dilimiz yasaq, adi bir etiraza belə dözümsüzlük və milli məsələ kimi məhbus həyatı və s. Bütün bunları İran rejimi edir. İran rejiminin bu əməllərini - soydaşlarımıza, millətimizə olan həqarəti, zülmü görən, bilən Azərbaycan vətəndaşı "ümmətik" deyib İranı müdafiə edə bilməz. "Ümmət" dövləti 30 il Ermənistanın yanında ola bilməz. Məscidlərimiz dağıdılanda, tarixi abidələrimiz yerlə yeksan ediləndə səsini çıxarar, bizim - öz müsəlmanlarının haqqını müdafiə edərdi. Biz İrandan bunu görmədik. İran yanımızda durmalıykən durmadı. Pakistan, İsrail isə bizimlə bərabər oldu, çiyin-çiyinə durdu. 44 günlük Qarabağ müharibəsində ən üst səviyyədə Azərbaycanı dəstəklədilər. 

Beş-on nəfər İran sevdalısı isə Azərbaycanda ictimai rəyə təsir edə bilməyən və itirilmiş insanlardır. Onlar da hüquq-mühafizə orqanları tərəfindən aşkara çıxarılır və əməllərinin cəzalarını alırlar. Şəhidlərimizin qanı hesabına Ermənistandan geri aldığımız torpağı, qoruduğumuz Vətəni şəxsi maraqlara, kimdənsə gələn yardımlara güzəştə getmək Vətənə qarşı çıxmaq, xainlikdir. Belə adamlar kimə və nəyə, hansı ölkəyə və təşkilata xidmət etməsindən asılı olmayaraq cəzasını almalıdır"

Mehriban Xəlilli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31