MVP: «Azərbaycanla heç kim təhdid və təzyiq dilində danışa bilməz»

Vətən müharibəsindən keçən dövr ərzində tədricən sərinləşən və son aylarda isə bir qədər də gərgin xarakter alan Azərbaycan-İran münasibətlərinin normallaşmaya doğru getdiyi müşahidə edilməkdədir. Hər halda son günlər ikitərəfli əlaqələrdə hiss edilən müsbət meyillər belə söyləməyə əsas verir. İranın öz sürücülərinə Ermənistan ərazisindən Qarabağa, keçməmək barədə tapşırıq verməsi, öz üzərinə öhdəlik götürməsi, həmçinin cənub qonşumuzdan istər rəsmi, istərsə də qeyri-rəsmi səviyyələrdə Azərbaycan əleyhinə səslənən qərəzli fikirlər və ittihamların aradan qalxması nəticə etibarilə Tehranın Azərbaycana qarşı münasibətdə haqsız davrandığını və cənub qonşumuzun olub keçənlərdən nəticə çıxardığını ortaya qoydu. 

Elə Milli Vəhdət Partiyasının sədr müavini Süleyman İsmayılbəyli də bu qənaətdədir. O bildirib ki, Tehranla Bakı arasında son aylar yaşanan kritik vəziyyətin tədricən normallaşması arzuediləndir. MVP rəsmisinin sözlərinə görə, ikitərəfli münasibətlərin normallaşmasında ilk növbədə İran maraqlı olmalı idi və Tehran bir qədər gec də olsa yalnışını anlamış oldu: "Birmənalıdır ki, son proseslərdə yalnız və yalnız Azərbaycan tərəfi haqlı idi. Ümumiyyətlə, Azərbaycan hər zaman regional məsələlərdə, qonşuları ilə meydana çıxan hər hansı anlaşılmazlıqlarda haqlı, obyektiv tərəf olub. Bunu bizimlə istər siyasi, istərsə də diplomatik yolla mübarizə aparan tərəflər də sonunda atdığı addımlarla

etiraf ediblər. Necə ki, cənub qonşumuz da atmış olduğu son addımlarla Azərbaycanın haqlı olduğunu təsdiqləmiş oldu. Azərbaycan hər zaman  yaxın-uzaq qonşularının suveren hüquqlarına, ərazi bütövlüyünə hörmətlə yanaşıb və özünə qarşı da eyni münasibətin sərgilənməsini istəyib. Paralel olaraq rəsmi Bakı hər zaman qəti şəkildə bəyan edib ki, heç bir ölkənin onun suveren hüquqlarını, ərazi bütövlüyünü pozmasına imkan verməyəcək. Eyni zamanda Azərbaycan bununla bir daha sübut etdi ki, heç kim onunla təhdid və təzyiq dilində danışa, ona öz iradəsini qəbul etdirə bilməz". 

Süleyman İsmayılbəyli onu da bildirib ki, Azərbaycan dəfələrlə İran tərəfindən bu ölkənin iş adamlarının ermənilərin yaşadığı ərazilərlə qeyri-qanuni əlaqələrə son qoymağı tələb edib: "Lakin Tehran qonşuluq münasibətləri, eyni zamanda əldə hər zaman bayraq tutduğu İslami dəyərlərə belə hörmət etmədən işğalçı, terrorçu, separatçılarla əlaqələrini davam etdirib, onlara hər cür dəstək verib".

MVP rəsmisi onu da diqqətə çatdırıb ki, hər zaman ölkəmiz üçün yaranan xoşagəlməz situasiyalardan yararlanaraq Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa çalışan daxildəki bəzi dağıdıcı qüvvələr son proseslər zamanı da xaricdəki antiAzərbaycan qüvvələrin əlində olan maşa rolunu oynamağa çalışdılar: "Bir daha onun şahidi olduq ki, Azərbaycanın daxilində xarici qüvvələrə xidmət edən, onlarla əlaqədə olan kifayət qədər fərdlər, təşkilatlar var. Bu günlərdə hüquq-mühaizə orqanlarının həyata keçirdiyi əməliyat və xarici kəşfiyyata işləməkdə suçlu bilinən bir neçə nəfərin saxlanılması deyilənləri təsdiqləyir". Partiya rəsmisi hesab edir ki, istər həmin qüvvələr, istərsə də siyasi düşərgədə olan bəzi dağıdıcı qüvvələrin yeganə məqsədi Azərbaycanda xaos, anarxiya yaratmaq, ölkədə ictimai-siyasi sabitliyi pozmaqdır: "Ancaq bütün bunların qarşısı vaxtında alınır və cəmiyyət heç bir halda daxili sabitliyi pozmağa çalışan qüvvələrə dəstək vermir. Çünki Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli, cəsarətli, prinsipial, milli maraqlara hesablanmış siyasətinin məntiqi nəticəsində ölkəmiz gün-gündən daha da inkişaf edir, tərəqqiyə nail olur".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31