"Azərbaycan İranın əsassız və qərəzli yanaşmalarından çəkinmir"
23 Oktyabr 2021 09:19 SiyasətPolitoloq Nəsimi Məmmədli Olaylar.az-a bildirib ki, İranla Azərbaycan arasında yaşanan gərginlik regionun və beynəlxalq medianın diqqət mərkəzindədir. Bir aydan çoxdur davam edən gərginlik arabir səngisə də, bitmək bilmir.
"İki ölkə arasında münasibətləri gərginləşdirən açıqlamalar və addımlar əsasən İran tərəfdən qaynaqlanır.
İran Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda öz siyasi təsirini xeyli itirib. Regionda iqtisadi-siyasi əməkdaşlıq müzakirələrindən kənarda qalıb. Rusiya və Türkiyə regionda əsasən uzlaşıb. Amma bu uzlaşmada İrana yer yoxdur.
Ermənistan-İran strateji müttəfiqlik münasibətlərinə görə Azərbaycan İranla sıx əməkdaşlıqda maraqlı deyil.
Azərbaycan indiyə kimi müəyyən səbəblərdən İranın Ermənistana ən üstün iqtisadi-siyasi və hərbi dəstəyinə susurdu. Lakin indi regionda hərbi-siyasi vəziyyət xeyli dəyişib.
Azərbaycanın Qarabağda qazandığı hərbi zəfər, öz sərhədlərini möhkəmləndirməsi, separatçı fəaliyyətə ağır zərbə vurması bir sıra dövlətləri narahat edir.
İranın regiondakı bu davranışları Türkiyə və Rusiyanın maraqlarına uyğun deyil. İranın regionda öz təsirlərini artırmaq cəhdi Rusiya üçün yeni problemlərə səbəb ola bilər. Xüsusilə də İranın hədələrinə Azərbaycanın adekvat cavab verməsi Rusiyanı ehtiyyatlı davranmağa vadar edir. İndi regionda yeni gərginlik Rusiyaya qəti sərfəli deyil. Belə bir hərbi gərginlik Rusiyanın cənub sərhədlərində arzuolunmaz nəticələrə səbəb ola bilər. Azərbaycanın çox güclü hərbi-siyasi müttəfiqləri var və onlar çoxdandır İrana qarşı əsaslı bəhanə gözləyirlər.
Rəsmi Tehran anlayır ki, Azərbaycan ona heç bir güzəşt etməyəcək.
Qarabağ müharibəsindən qalib çıxan Azərbaycan İrandakı çoxmilyonlu azərbaycanlılar üçün cazibə yaradıb. Onların milli hislərinin yüksəlməsinə, özlərinə inam hissinin güclənməsinə səbəb olub. İran bu psixoloji təsiri azaltmaq və dayandırmaq üçün yollar axtarır. Müxtəlif səpkili əsassız və heç bir faktlara söykənməyən böhtanlarla İran cəmiyyətində Azərbaycana qarşı mənfi rəy formalaşdırmaq istəyir. Bu isə artıq əks effekt verməyə başlayıb. İranın Azərbaycandakı tərəfdarlarında ciddi tərəddüd və məyusluq yaradıb.
Azərbaycan İranın əsasız və qərəzli yanaşmalarından çəkinmir. Azərbaycan hakimiyyəti xarici siyasətdə cəmiyyətin təməl gücünü arxasında hiss edir. Eyni zamanda İranın destruktiv davranışlarına qarşı beynəlxalq dəstəyi də yetərlidir. İran da bu amilləri nəzərə almalıdır.
Təəssüf ki, Azərbaycanda xarici qüvvələrə xidmət edən, onlarla əlaqədə olan şəxslərin və təşkilatların mövcudluğu istisna olunmur. Bu, çox ciddi təhlükəsizlik problemidir. Lakin bu şəbəkələri qısa müddətdə aşkara çıxarmaq, onlarla adekvat davranmaq, ifşa etmək elə də asan məsələ deyil. Bu şəbəkələr illərlə müxtəlif üsullarla formalaşıb.
Azərbaycanın dövlət qurumları peşəkarlıqla ölkənin milli maraqlarının ziddinə çalışan bütün qüvvələri, şəbəkələri aşkar etməli və zərərsizləşdirməlidir"-deyə politoloq qeyd edib.