Jalə Əhmədova: "Türkiyə-Azərbaycan əlaqələri çoxşaxəli və stratejidir"
22 Oktyabr 2021 12:26 SiyasətTürkiyənin "Öncə Vətən" qəzeti Azərbaycan Milli Məclisinin deputatı Jalə Əhmədova ilə müsahibə dərc edib. "OLAYLAR" xəbər verir ki, "Türkiyə-Azərbaycan əlaqələri çoxşaxəli və stratejidir" başlıqlı müsahibədə millət vəkili beynəlxalq aləmdə Azərbaycan və Türkiyəyə qarşı sərgilənən ikili standartlardan söz açıb. Jalə Əhmədova bildirib ki, bu acı həqiqəti keçən ilin bu günlərində, 44 günlük Vətən müharibəsi zamanı da əyani şəkildə gördük. Jalə Əhmədova daha sonra qeyd edib: "Türk milləti və topluluğu tarixin bütün dövrlərində ədalətsizliyə, işğala, terrora, qətliama məruz qalıb. Qarabağ Zəfəri ilə Azərbaycan Prezidenti Cənab İlham Əliyev Azərbaycana qarşı tətbiq edilən ikili standartları dünya ictimaiyyətinin üzünə açıq aşkar söylədi. İllərdir hər kəsin səssiz qaldığı ədalətsizliyi hamıya duyurdu. Ancaq Qarabağ zəfərindən sonra belə Qərb, yenə də işğalçı Ermənistanı deyil, haqsız yerə Azərbaycanı ittiham etdi. Bunun örnəyini Fransanın açıq aşkar işğalcı Ermənistanı müdafiə edəcək addımlarında da gördük. Qərb Azərbaycana yönəlik ikili standartlara son qoymalıdır. Eyni münasibəti təəssüf ki, qardaş Türkiyəyə qarşı da görürük".
Millət vəkili Jalə Əhmədova müsahibəsində 10 noyabr bəyanatına da toxunub və təəssüf hissi ilə qeyd edib ki, Ermənistan həmin bəyanata əməl etmək istəmir və davamlı olaraq müəyyən problemlər yaradır: "Ermənistan Zəngəzur dəhlizinin açılmasına qarşı bütün təxribatçı hərəkətlərdən istifadə edir və mümkün qədər bu dəhlizin açılmasını əngəlləmək istəyir". Jalə Əhmədova müsahibədə Türkiyə-Azərbaycan dostluq və qardaşlığına da toxunub və bu dostluğun, qardaşlığın sarsılmaz, sonsuz olduğunu, gün-gündən inkişaf etdiyini dilə gətirib. Millət vəkili bildirib ki, Türkiyə-Azərbaycan əlaqələri çoxşaxəli və stratejidir.
![]()