Adil Əliyev: “Füzulinin işğaldan azad edilməsi Vətən müharibəsində yeni mərhələnin başlanğıcı oldu”
21 Oktyabr 2021 11:48 SiyasətOktyabrın 17-də xalqımız Füzuli rayonunun işğaldan azad olunmasının birinci ildönümünü qeyd etdi. Bu tarixi günə nəzər salarkən, deyə bilərik ki, Füzulinin işğaldan azad olunması bir sıra əlamətdar xüsusiyyətlərə malikdir. Çünki bu rayon Hadrut və Cəbrayıldan sonra işğaldan azad edilmiş üçüncü böyük yaşayış məntəqəsi olmaqla yanaşı, həm də Ermənilərin məğlubedilməzliyi barədə yaradılmış mifin mərkəzində dayanan Ohanyan səddinin keçdiyi və bir neçə cərgə güclü istehkam və müdafiə xətlərinin olduğu bir ərazi idi. Məhz bu səbəbdən də Fizulinin işğaldan azad olunması erməni ordusunun sıralarında fərariliyin və ruh düşkünlüyünün vüsət almasına səbəb oldu və Azərbaycan ordusunun daha da qətiyyətlə irəliləməsi ilə nəticələndi. Millət vəkili, Milli Məclis sədrinin müavini Adil Əliyev qeyd edib ki, Füzulinin işğaldan azad edilməsindən danışarkən, bir simvolik məqama da diqqət yetirilməlidir: "Belə ki, bu rayonun Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında azad edilməsini Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında 1993-cü ilin dekabrı və 1994-cü ilin yanvarında həyata keçirilmiş uğurlu Horadiz əməliyyatının məntiqi davamı hesab etmək olar. Yeri gəlmişkən, Horadiz qəsəbəsinə şəhər statusu verilmiş və işğal dövründə bu qəsəbə qeyri-rəsmi olaraq Füzulu rayonunun mərkəzi olmuşdur. Füzulinin azad edilməsi ilə Azərbaycan ordusunun Şuşaya və digər işğal altında olan torpaqlara doğru böyük zəfər yürüşünün yeni mərhələsi başladı. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev Füzuli-Şuşa yolunu Zəfər yolu adlandırıb. Bu Zəfər yolunun tikintisi Azərbaycanın Qarabağda və işğaldan azad edilmiş digər ərazilərimizdə başladığı sürətli və geniş vüsətli bərpa, yenidənqurma və nəhəng tikinti işlərinin ilk müjdəçisi oldu. Belə bir çətin şəraitdə, sıx minalanmış ərazilərdə və keçilməz dağlıq relyefdə bu yolun bir il ərzində inşa edilməsi Azərbaycan dövlətinin qüdrətinin göstəricisidir. Eyni zamanda, cəmi 8 ay ərzində Füzulidə müasir standartlara uyğun və böyük təyyarələri qəbul etməyə imkan verən beynəlxalq hava limanının tikintisi isə dünya təcrübəsində nadir hadisə hesab oluna bilər. Artıq Füzulinin azad olunmasından keçən 1 ildə görülən bu nəhəng işlər Füzulinin tezliklə regionun aparıcı rayonlarından birinə çevriləcəyinə şübhə yeri qoymur. Füzuli həm də ona görə önəmlidir ki, bu bölgənin işğaldan azad olunması ilə Azərbaycan özünün cənub sərhədlərinə də nəzarəti tam bərpa etdi ki, bu da ölkəmizin müstəqilliyinin əsas atributlarından biri kimi dəyərləndirilməlidir".
Yerti gəlmişkən qeyd edək ki, Azərbaycan Prezidenti tərəfindən Qarabağın Hava Qapısı elan olunan Füzuli şəhəri yenidən canlanacaq. Ermənilər tərəfindən tamamilə dağıdılan və viran edilən şəhər növbəti illərdə 50 min sakini olan yaşayış məntəqəsi kimi istifadəyə veriləcək. Müasir standartlar və memarlıq xüsuiyyətlərinə uyğun inşa ediləcək Füzuli işğaldan azad olunan ərazilərimizdə ikinci ən böyük şəhər olacaq.Yeni Füzuli şəhəri işğaldan əvvəlki şəhər ilə müqayisədə daha geniş əraziyə malik olacaq. Növbəti 20 ildə əhali sayı 1993-cü il ilə müqayisədə 2.5 dəfə artacaq Füzuli şəhəri hava limanı daxil olmaqla, 1936 hektar əraziyə malik olacaq. 46 kilometr avtomobil yolları olan şəhərdə piyada, velosiped yolları 85 kilometr olacaq. Piyada və velosipedlə hərəkət üçün ayrıca yollar çəkiləcək. Əsasən yaşıllıqdan ibarət olan Füzuli şəhərinin mərkəzində 5 hektar Memorial Kompleksi salınacaq. Orada İşğal muzeyi, Memorial Kompleks və ona bitişik Zəfər parkı olacaq. Şəhəri əhatə edən yüksəklikdə Bayraq meydanı yaradılacaq. Füzuli şəhərində 21 hektarlıq böyük meşə parkı salınacaq. Ərazidə 5000-dən çox Eldar şamı, həmişəyaşıl sərv, zeytun, Şərq çinarı, ağcaqayın və digər növ ağaclar əkiləcək. Artıq Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən Füzuli şəhərində ilk yaşayış məhəlləsinin əsası qoyulub. 17,8 hektar ərazini əhatə edəcək yaşayış məhəlləsi mərhələli şəkildə tikilib istifadəyə veriləcək. İlk mərhələdə 1, 2, 3 və 4 otaqlı mənzillərdən ibarət 65 mənzilli 4-5 mərtəbəli yaşayış binaları inşa ediləcək. Məhəllədə çoxfunksiyalı binalar da olacaq. Ümumilikdə məhəllədə 2860 nəfərin yaşaması nəzərdə tutulur. Füzuli şəhəri yalnız hündürmərtəbə binalardan ibarət olmayacaq. Şəhərdə az və ortamərtəbəli çoxmənzilli binalar da inşa ediləcək. Şəhərdə həyətyanı bağ sahələri olan fərdi evlər də tikiləcək. İlkin qiymətləndirmələrə görə, növbəti 2 il ərzində Füzuli rayonunun işğaldan azad olunan ərazilərində ilkin məskunlaşma mümkün olacaq. Tezliklə keçmiş məcburi köçkünlərimiz mərhələli şəkildə uzun müddət işğal altında qalan öz yurdlarına qayıdacaqlar.
Nurlan