Xalqımız 30 ilədək davam edən bir ləkəni üstündən təmizlədi

Bir vaxtlar, daha dəqiq desək keçən ilin oktyabr-noyabr aylarına qədər Qarabağın gözəl təbiətə, füzunkar gözəliyə malik şəhər və rayonlarının işğal tarixini qeyd edir və həmin ərazilərimizin tezliklə düşməndən azad edilməsini arzulayırdıqsa, artıq bu arzular Müzəffər Ali Baş Komandan və onun qüdrətli Azərbaycan Ordusu sayəsində reallığa çevrilib. İndi Azərbaycan xalqı şəhər və rayonlarımızın işğaldan azad olunma tarixini qeyd edir. Necə ki, ötən gün Zəngilanın rayonunun düşmən işğalından azad edilməsi qeyd olundu. Həmçinin yaxın günlərdə, daha dəqiq desək isə oktyabrın 25-də Qubadlı rayonunun erməni işğalından azad olunmasının 1 ili tamam olacaq.

Siyasi ekspert Tural Məmmədov bu əlamətdar tarixlərə diqqət çəkərək qeyd edib ki,  Zəngilan 1993-cü il oktyabrın 28-də ermənilər tərəfindən zəbt edilmişdi. Onun sözlərinə görə, doğma torpaqlarında müharibə aparan Azərbaycan ərazi bütövlüyünü qarış-qarış bərpa etdi: "2020-ci il oktyabrın 20-də bütün Azərbaycan daha bir xoş xəbərə sevindi. Ali Baş Komandan cənab İlham Əliyev xalqa müraciət edərək Zəngilanın işğaldan azad olunduğunu sevinclə bildirdi.

Zəngilanın ərazi zəngin təbii ehtiyatlara malikdir. Rayonda hesablanmış ehtiyatları 6,5 ton qızıl və 3 min ton mis təşkil edən "Vecnəli" qızıl yatağı, ehtiyatları 6.618 min kub metr olan üzlük daşı istehsalına yararlı "Oxçuçay" mərmərləşmiş əhəngdaşı yatağı, bundan əlavə, ehtiyatları 129 min ton olan "Daşbaşı-Esgurum" əhəngdaşı yatağı, ümumi ehtiyatları 28.943 min kubmetr olan Bartaz-I və Bartaz-II porfirit yataqları, ehtiyatları 1.102 min kubmer olan kərpic istehsalına yararlı gil və 17.367 min kubmetr olan qum-çınqıl yataqları mövcuddur:.

Tural Məmmədov bildirib ki, Zəngilan turizm potensialı yüksək olan rayondur: "Rayonda 107 hektar sahəsi olan Beşitçay Dövlət Qoruğu, 2,2 min hektar sahəsi olan Arazboyu yasaqlığı, 4 təbiət abidəsi, 10 min hektar xüsusi mühafizə olunan Araz palıd meşəsi, 12.864 hektar dövlət meşə fondu, 1200-dək təbii bulaqlar, 4 mənbədən ibarət mineral bulaqlar, Turşsu mineral bulaqları mövcuddur. 1974-cü ildə qurulan 107 hektar ərazisi olan Beşitçay Milli Parkında dəyərli ağaclar mövcuddur ki, bəzilərinin yaşı 1200-1500 ili keçir. Bütün bunlar bögənin turizm potensialının bir göstəricisidir".

O bildirib ki, XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra yeni inzibati ərazi bölgüsü aparılıb: "Bölgü nəticəsində Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilib, Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın buraya daxil olunub. Zəngilanın ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir. 1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal ediblər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq, Ermənistana birləşdirilib. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalıb.

Qarabağın "yaşıl enerji" zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var. Zəngilanda günəş enerjisinin böyük potensialı var. Artıq ilkin tədqiqatlar aparılıb və azad edilmiş torpaqlarda enerji generasiya gücləri, ötürücü xətlərin yenidən qurulması sayəsində bitkiçilik, meyvəçilik, heyvandarlıq daha sürətlə inkişaf edəcək. Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasının böyük strateji əhəmiyyəti var. İlk növbədə ona görə ki, bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Zəngilanda inşa olunacaq hava limanı bu bölgəni beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. Buradan dəmir və avtomobil yolları da keçəcək və Naxçıvana yol açılacaq. Təməli qoyulan Zəngilan-Horadiz avtomobil yolu strateji əhəmiyyəti ilə seçilir. Yolun ümumi uzunluğu 124 kilometrdir və 6 zolaqdan ibarət olacaq. Azərbaycan rəhbərinin siyasi iradəsi, verdiyi vədlərlə əməllərinin vəhdəti belə deməyə əsas verir ki, çox keçməyəcək, işğaldan azad edilmiş torpaqlara həyat qayıdacaq, bu ərazilər yenidən çiçəklənəcək, bura təkcə ölkənin deyil, regionun ən inkişaf etmiş məskənlərindən birinə çevriləcək".

Tural Məmədov həmçinin qeyd edib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycanın beynəlxalq hüquq normalarına uyğun olaraq, öz təhlükəsizliyini təmin etmək, işğala son qoymaq və regionda terrora qarşı mübarizə aparmaq kimi hüququna sahib olduğunu bütün dünyaya göstərdi: "Ona görə də, sadəcə Qubadlı və ya Zəngilan deyil, ümumiyyətlə erməni işğalından azad olunan hər bir rayonumuzda, Azərbaycan bayrağı dalğalanan hər qarış torpağımızda tarixi ədalətin bərqərar olunması sadəcə Azərbaycan üçün deyil, ümumilikdə regionun zəfər tarixi kimi dəyərləndirilməlidir

44 günlük İkinci Qarabağ müharibəsi zamanı Qubadlının işğaldan azad olunması bir neşə gün çəkdi. Zəngilan şəhəri oktyabrın 20-də azad olunandan sonra təbii ki, növbəti istiqamət Qubadlı rayonu idi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuş və yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi".

Ekspert bildirib ki, illərdir ikili standartları təbliğ edən beynəlxalq dairələr bu real faktları artıq görməzdən gələ bilməz. 44 günlük Qarabağ müharibəsi zamanı da, müharibədən sonrakı dövrdə də, cənab Prezidentin beynəlxalq mətbuata verdiyi əsaslı müsahibələr birmənalı olaraq, dünya ictimaiyyətinin gözlərini açmağa, gərçəkləri görmələri üçün həqiqətən böyük vəsilə oldu: "Bunu danmaq olmaz. Bu müsahibələr mənəvi baxımdan Azərbaycanın beynəlxalq arenadakı rolunu gücləndirdi.

Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərib. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildikdən sonra, oktyabr ayının 25-də Azərbaycan Silahlı Qüvvələri Qubadlı şəhəri düşməndən tamamilə təmizləndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə 2020-ci il noyabr ayının 26-da "Qubadlının azad olunmasına görə" medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15189 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildilər.

Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur".

"27 sentyabr 2020-ci il Azərbaycan xalqının tarixin ən şanlı, şərəfli və qürurverici anlarını yaşadığı gündür. Xalqımız 30 ilədək davam edən bir ləkəni üstündən təmizlədi" deyən Tural Məmmədov onu da qeyd edib ki, 1 milyondan artıq insana 30 ilədək bir müddətdə köçkünlük acısı yaşadan, dədə-baba torpaqlarımıza işğal yolu ilə sahiblənib sərvətini mənimsəyən, mədəni abidələrimizi, yurd yerlərimizi viran qoyan Ermənistan haqq savaşında məğlub oldu: "Müzəffər Ali Baş Komandanımızın qətiyyətli iradəsi və uzaqgörən siyasəti, yenilməz ordumuzun şücaəti və cəsarəti, arxa cəbhədə ordumuza dəstək göstərən qürurlu xalqımızın birliyi sayəsində zəfər qazandıq. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Biz fəxr edirik ki, qəhrəman Azərbaycan xalqı bu qələbəni döyüş meydanında qazandı. 300-ə yaxın yaşayış məntəqəsi, o cümlədən, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, Hadrud, Suqovuşan və digər qəsəbələr döyüş meydanında azad edildi. Azərbaycan Qələbə zəfərinə əsgərinin rəşadəti ilə imza atdı. "Qarabağ Azərbaycandır və nida" ifadəsi artıq bizim qələbəmizin rəmzinə çevrildi".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31