"Füzuli Azərbaycandır! Qarabağ Azərbaycandır!"

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 17 oktyabr tarixində Füzuli rayon ictimaiyyəti ilə görüş zamanı bir sıra mühüm məsələlərə toxunmuşdur. O cümlədən, Füzuli şəhərinin işğaldan azad olunmasının strateji əhəmiyyəti haqqında məlumat vermişdir".

Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

"Azərbaycan öz silahlı qüvvələri sayəsində beynəlxalq hüququn fundamental norma və prinsiplərini, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələri icra etdi və bu istiqamətdə həyata keçirilən hərbi-siyasi fəaliyyət daha çox işğal olunmuş ərazilərin cənub istiqamətində irəliləməklə həyata keçirilirdi. Eyni zamanda, şimal istiqamətinə mühüm Murov yüksəkliklərinin, Suqovuşanın işğaldan azad olunmasından sonra əsas etibarilə hərbi əməliyyatlar cənub istiqamətində, yəni, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, daha sonra isə, Şuşa istiqamətində cərəyan etmişdir və 8 noyabr tarixində müzəffər ordumuz Şuşa şəhərini işğaldan azad etmişdir. Bu hərbi əməliyyatların gedişində əsas müqavimətlə qarşılaşdığımız cəbhə Füzuli cəbhəsi idi. Burada düşmən xüsusi istehkamlar, maneələr, sədlər qurmuş, ərazilərin minalanmasını həyata keçirmişdir. 30 ildə həmin ərazidə möhkəmləndirilmə işləri geniş sürətdə həyata keçirilirmişdir ki, Azərbaycan ordusu həmin əraziləri işğaldan azad etməsin. Lakin, buna rəğmən, qüdrətli hərbi qulluqçularımız, qəhrəman əsgərlərimiz və zabitlərimiz dərin eşalonlaşdırılmış müdafiə səddini yardılar və düşməni döyüş səhnəsində məğlub etdilər. Bunun nəticəsində bizim zəfər yürüşlərimiz davam etdi. Müxtəlif zəfər yürüşlərimizin qarşısını almaq istiqamətində tədbirlər həyata keçirilmişdir, bu səpkidə humanitar atəşkəs elan olunmasını da qeyd edə bilərik. Lakin, bizi heç bir qüvvə dayandırmadı, saxlamadı, xilaskarlıq missiyamızın qarşısını ala bilmədi. Bununla da Azərbaycan ordusu Azərbaycanın mədəniyyət paytaxtı Şuşanı işğaldan azad etdi. Lakin, biz hərbi-siyasi sahələrdə dəyərləndirmələr apararkən, mütləq Füzuli istiqamətində düşmənin müqavimətinin qırılmasını xatırlayacağıq. Füzuli həm də bizim zəfər yürüşümüzün başlandığı istinad nöqtəsidir. Çünki, 1994-cü ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Horadiz əməliyyatı həyata keçirilmişdir, düşmən məğlub edilmiş və Horadizə şəhər statusu verilmişdir. Bu gün də Azərbaycanın ən çiçəklənən bölgələrindən biri kimi gözə çarpır. Bu gün isə Füzuli tam olaraq Azərbaycan silahlı qüvvələrinin nəzarəti altındadır. Bütün Füzuliləri təbrik edirəm. Füzuli bölgəsindən həm də Azərbaycanın ziyalıları, elm xadimləri çıxmışdır. Həmçinin, mənim tanıdığım bir çox Füzulililər vardır ki, yüksək intellektə malikdirlər və onların gözü aydın olsun. Füzuli Azərbaycandır! Qarabağ Azərbaycandır!"

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31