Füzuli rayonu respublikanın ən inkişaf etmiş yaşayış məntəqələrindən birinə çevriləcək
19 Oktyabr 2021 16:02 SiyasətÖtən ilin 17 oktyabr tarixində rəşadətli Azərbaycan Ordusu işğal altında olan Füzuli şəhərini və bir neçə kəndi azad etdi. Uzun fasilədən sonra Fizuli rayonunda Azərbaycan bayrağı dalğalanaraq dövlətimizin bu ərazilərdə öz suverenliyini təmin etməsinə şərait yaratı. Ümumilikdə Azərbaycan Ordusu ötən müddət ərzində bu rayonda güclü müdafiə istehkamı qurmuş düşmənin canlı qüvvəsini, texnikasını məhv edərək tarixi ədaləti bərpa etdi və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bu ilin oktyabr ayının 17-də isə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli şəhərinin bərpasının təməl daşını qoydular. Heç şübhəsiz ki, bununla da Füzuli şəhəri qısa zamanda respublikamızın infrastruktur baxımdan ən inkişaf etmiş yaşayış məntəqələrindən birinə çevriləcək. "Ağıllı şəhər" prinsipi əsasında qurulacaq şəhər hündür mərtəbəli binalar və eləcə də fərdi yaşayış evlərindən ibarət olmaqla böyük yaşıllıq zolağına malik olacaq. Tezliklə həyat və gülüş yenidən Füzuli şəhərinə qayıdacaq. Onu da qeyd edək ki, Fizulinin azad olunması hərb-siyasi baxımdan digər rayonların da işğaldan azad edilməsinə zəmin yaratdı. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Fizuliyə səfəri zamanı qeyd edib ki, müharibə zamanı Füzulinin azad olunmasının çox böyük əhəmiyyəti var idi: "Cəbrayıldan, Hadrutdan sonra üçüncü böyük yaşayış məntəqəsi olan Füzuli işğalçılardan azad edildi. Füzuli uğrunda çox şiddətli döyüşlər gedirdi, bir neçə gün ərzində şəhərin ətrafında çox ciddi əməliyyatlar aparılırdı. Düşmən müqavimət göstərirdi, amma buna baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri öz tarixi missiyasını yerinə yetirdi. Füzuli şəhərinin azad olunmasının əhəmiyyəti, eyni zamanda, şəhərin strateji yerləşməsi ilə bağlıdır. Füzuli Azərbaycan Ordusunun nəzarətinə keçəndən sonra artıq Şuşa istiqamətinə getmək üçün daha geniş imkanlar açıldı. Ermənistan tərəfi burada çox güclü istehkamlar qurmuşdu, bir neçə xətt istehkamdan ibarət müdafiə xətti qurulmuşdu. Otuz il ərzində düşmən burada möhkəmlənirdi və bu istehkamları yarmaq, keçmək xalqımızın bir daha böyük qəhrəmanlığını, fədakarlığını göstərmişdir. Təsadüfi deyil ki, Füzuli azad olunandan sonra Ermənistan ordusunda fərarilik halları daha geniş vüsət aldı. Füzuli azad olunandan 3 gün sonra Zəngilan şəhəri azad edildi, ondan beş gün sonra Qubadlı, ondan sonra Laçın dəhlizi və beləliklə, müharibənin taleyi həll olundu".
Milli Məclisin deputatı Müşfiq Cəfərov qed edib ki, Füzulidə hava limanının fəaliyyət göstərməsi Azərbaycanın turizm imkanlarının artması üçün əlavə imkanlar vəd edir: "Füzulinin azad olunmasının bir ilinin tamamında cənab prezidentin bölgəyə növbəti səfəri baş tutdu. Füzulidə olan abadlıq işləriylə tanış olan ölkə başçısı bu rayonun ictimaiyyətinin nümayəndələri ilə görüşüb, Memorial Kompleksin və şəhərin bərpasının təməl daşını qoyub. Füzuli Beynəlxalq Hava Limanının qısa müddətdə inşası işğaldan azad olunmuş ərazilərdə bərpa prosesinin sürətlə getdiyini bir daha göstərdi. Prezident İlham Əliyev ilk gündən Füzuli Hava Limanını Qarabağın hava qapısı adlandırıb.Füzuli Hava Limanı beynəlxalq statuslu hava limanıdır və burada həm sərnişindaşıma, həm də yükdaşımaların həyata keçirilməsi gələcəkdə bölgənin iqtisadi baxımdan dirçəlməsi üçün geniş imkanlar yaradacaqdır. Füzulidə hava limanının fəaliyyət göstərməsi ölkənin bu bölgəsi ilə rahat və operativ əlaqənin saxlanılması, o cümlədən turizm imkanlarının artması üçün əlavə imkanlar vəd edir". Onun sözlərinə görə, işğaldan azad edilən ərazilərin bərpası və yenidənqurulması, eyni zamanda həmin ərazilərdə beynəlxalq standartlara uyğun nəqliyyat-logistika xidmətlərin təklif edilməsi prioritet məsələlərdəndir: "Cənab prezident çıxışı zamanı qeyd edib ki, Şuşaya qədər Zəfər yolu çəkilib başa çatıb və indi Füzuli-Şuşa magistral yolunun çəkilişi gedir. Həmçinin hazırda Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Füzuli-Ağdam yollarında işlər gedir. Bu gün isə Füzuli-Ağdam istiqamətində yeni yolun təməli qoyuldu. Bütün bunlar quruculuq işlərinin sürətini və əyaniliyini göstərir. Azərbaycan hökumətinin əsas məqsədi tezliklə məcburi köçkün və qaçqınların öz doğma dədə-baba torpaqlarında yüksək həyat şəraitilə təmin olunmasıdır".
Alim