Əfqanıstanın gələcəyi NECƏ OLACAQ?
Şəxsi qənaətim, düşüncəm ondan ibarətdir ki, dünyanı idarə edən güc mərkəzləri, supergüclər qətiyyən ayrı-ayrı regionlarda münaqişələrin həllində maraqlı deyillər.
19 Avqust 2021 13:04 SiyasətŞəxsi qənaətim, düşüncəm ondan ibarətdir ki, dünyanı idarə edən güc mərkəzləri, supergüclər qətiyyən ayrı-ayrı regionlarda münaqişələrin həllində maraqlı deyillər. Bir münaqişə həll edilir-edilməz dərhal dünyanın bir başqa bölgəsində başqa bir münaqişə zonası yaradır, insanların ölümünə, ac-yalavac qalmasına, ev-eşiklərindən didərgin düşməsinə zəmin yaradırlar. Bundan isə əldə etdikləri, qaznacları təbii ki, silah satışı və qazanılan milyonlar, milyardlardır.
Ssenari davam edir və bu dəfə Əfqanıstan hədəfdədir. Əslində, bu müsəlman ölkəsi hər zaman supergüclərin hədəfində olub, onların döyüş poliqonu rolunu oynayıb. Əgər Sovetlərin zamanında Əfqanıstana SSRİ-nin müdaxiləsi baş verib, bir müddət sonra oradan uzaqlaşması oldusa, günümüzdə beynəlxalq sülhməramlı qüvvə adı altında Birləşmiş Ştatlar Əfqanıstanda bir müddət öz siyasətini həyata keçirib, silahlarını satdıqdan sonra bu ölkəni tərk etməyi qərarlaşdırdı. Bununla da onsuz da qeyri-müəyyən və siyasi cəhətdən qeyri-sabit olan Əfqanıstan tamamilə xaosa sürükləndi.
Yaxın tarixə nəzər yetirdikdə aydın şəkildə görürük ki, müasir Əfqanıstan dövlətinin siyasi tarixi çox ziddiyyətli, qarışıq olub. Bu ölkədə dövlət çevrilişləri tez-tez baş verib. 1970-ci illərdən sonra isə dövlət çevrilişləri daha intensiv xarakter alıb. Təkcə 1970-ci illərin sonunda Əfqanıstanda bir neçə dəfə dövlət çevrilişi baş verib. Əvvəlcə ölkədə sosialist dövlət quruldu, ardınca isə Əfqanıstan Sovet İttifaqının protektoratına çevrildi. Bu hadisələr 1980-ci illərdə üsyançılara qarşı Sovet-Əfqan müharibəsinin baş verməsi ilə nəticələndi. 1996-cı ildən etibarən Əfqanıstan ərazisinin çox hissəsi Taliban qruplaşması tərəfindən ələ keçirildi ki, nəticədə ölkənin çox hissəsi beş ilə yaxın müddət ərzində Əfqanıstan İslam Əmirliyi adlı totalitar rejim tərəfindən idarə olundu. 2001-ci ildə NATO-nun rəhbərliyi altında koalisiya qoşunlarının Əfqanıstana daxil olması ilə Taliban qruplaşmasının üzvləri hakimiyyətdən düşdü və yeni demokratik hökumət quruldu. Amma 2021-ci il 15 avqustunda paytaxt Kabil Taliban tərəfindən ələ keçirildi və Əfqanıstan İslam Respublikası süqut etdi. Taliban tərəfindən keçid höküməti quruldu.
İndiki proseslər bir növ 90-ları xatırladır. Hazırda Birləşmiş Ştatlar Əfqanıstandan geri çəkilməklə Talibanın hərəkətlənməsi və bu ölkədə hakimiyyəti ələ keçirməsinə rəvac verib. Artıq bir neçə gündür ki, Əfqanıstan Birləşmiş Ştatların hazırladığı ssenari əsasında Talibanın idarəçiliyi altındadır. Ölkədə rəsmən xaos hökm sürür. Düzdür, ölkədə idarəçiliyi ələ alan Taliban əfqanlar üçün xoş gələcək vəd etsə də, lakin yaxın tarixdə yaşananlar, Talibanın Əfqanıstandakı qeyri-insani əməlləri sadə əfqan xalqında gələcəyə heç bir ümid buraxmayıb və xalq kütləvi şəkildə ölkəni tərk etməyə üstünlük verir.
İndiki durumda hər kəsi, təkcə sadə xalqı deyil, bütün dünyanı bu düşündürür? Əfqanıstanın gələcək taleyi necə olacaq?. Baxdığımızda Talibanın qarşısına qoyduğu hədəfləri məqbul hesab etmək olar. Ancaq bu hədəflərin xalqın etimadını qazanmaq məqsədilə seçildiyini, bir müddət sonra təşkilatın Əfqanıstanı köhnə prinsiplərlə idarə edəcəyini deyənlər də az deyil. Taliban hazırda bəyan edir ki, ölkədə narkotik istehsalı dayandırılır, qadın hüquqları şəriət qanunları ilə qorunur. Onlar təhsil ala və işləyə bilərlər. Paranca, çadra örtüyü tələb olunmur, yaylıq, ya hicab kifayətdir.
Əfqanıstanın ərazisindən qonşu ölkələrə hücum edilməsinə imkan verilmir. Xarici ölkə səfirlikləri və beynəlxalq təşkilatların təhlükəsizliyinə təminat verilir. Bütün əfqanların dini inanclarına və mənəvi dəyərlərinə hörmət edilməyə öhdəlik götürülür. Ancaq təşkilatın verdiyi vədləri yerinə yetirəcəyinə ümid etmək də olar. Ən azı Türkiyə və Pakistan amilinə görə. Çünki Taliban Əfqanıstanda hakimiyyəti ələ aldığı ilk gündən Türkiyənin qardaş ölkə olduğunu bəyanladı. Eyni zamanda rəsmi İslamabad da Talibanın Əfqanıstanda hakimiyyətə gəlməsinə müsbət yanaşdı. Ona görə də həm Türkiyə, həm də Pakistan amilini nəzərə alsaq deyə bilərik ki, Taliban Əfqanıstana 90-lardan fərqli bir idarəçilik gətirəcək.
Məhəmməd