Ermənistan reallığı QƏBUL ETMƏK İSTƏMİR
Azəbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfər və uzun illər işğal altında olan ərazilərinin düşməndən azad edilməsindən sonra qarşıda duran əsas vəzifə, iş həmin ərazilərə qayıdışın reallaşmasıdır.
19 Avqust 2021 11:14 SiyasətAzəbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfər və uzun illər işğal altında olan ərazilərinin düşməndən azad edilməsindən sonra qarşıda duran əsas vəzifə, iş həmin ərazilərə qayıdışın reallaşmasıdır. Bunun üçünsə təbii ki, həmin ərazilərdə, işğaldan azad edilən şəhər və rayonlarda infrastrukturun yaradılması vacibdir. Sevindirici hal ondan ibarətdir ki, qeyd edilən istiqamətdə işlər sürətlə gedir. Birbaşa dövlət başçısı İlham Əliyevin şəxsi nəzarəti altında işğaldan azad edilən ərazilərdə həyata kieçirilən quruculuq-abadlıq işləri sürətli şəkildə davam edir. Cənab Prezidentin müntəzəm olaraq azad edilmiş ərazilərə səfər etməsi bu prosesi daha da intensivləşdirir. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Laçın və Kəlbəcər rayonlarına səfərləri çərçivəsində bunun əyani şahidinə çevrildik.
Siyasi şərhçi Samir Hümbətov deyib ki, ölkə başçısı İlham Əliyevin işğaldan azad edilmiş Kəlbəcər və Laçın rayonlarına səfəri, bu səfər çərçivəsində postmüharibə dövründə münaqişənin nizamlanması ilə bağlı həm region, həm də dünya dövlətlərinə verdiyi mesajlar olduqca vacib əhəmiyyətə malikdir. Onun sözlərinə görə, Azərbaycan Respublikasının prezidenti olaraq İlham Əliyevin Ermənistanın tərkibinə verilmiş ərazilərin qədim Azərbaycan torpaqlarının öz əsil adı ilə çağırılmasının vacibliyini vurğulaması həm ermənilərə, həm də ona hamilik edib, dəstək verən qüvvələrə, dövlətlərə açıq mesajdir: "Dövlət başçısının II Qarabağ savaşı zamanı ermənilər tərəfindən Kəlbəcər və Laçında dağıdılmış bəzi obyektlərin yenidən təmiri və tikintisindən sonra, xüsusilə də İstilik Elektrik Stansiyası və Su Elektrik Stansiyalarının açılışında iştirak etməsi Azərbaycanın ən yüksək səviyyədə öz ərazi bütövlüyünün təmin olunmasında maraqlı olduğunu və dövlət başçısı üçün bu məsələnin prioritet olduğunu göstərir. Şübhəsiz ki, nə Ermənistan tərəfi, nə də ona dəstək verən qüvvələr və dövlətlər Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsini rahatlıqla qəbul etmək istəmir və ona görə də bütün mümkün imkanlardan istifadə edərək regionda stabilliyin pozulmasına çalışırlar. Elə buna görədir ki, nə Ermənistan tərəfi, nə də münaqişənin nizamlanmasında özünü vasitəçi kimi göstərməyə çalışan Rusiya 10 noyabr 2020 və 11 yanvar 2021-ci il üçtərəfli bəyannamənin şərtlərinə əməl etmir, hətta demək olar ki, əməl etmək niyyətində də görünmürlər".
Samir Hümbətov qeyd edib ki, Ermənistanın davamlı şəkildə və müntəzəm olaraq həm Ermənistan-Azərbaycan dövlət sərhəddində, həm də rus "sülhməramlıları"nın nəzarətində olan Qarabağda atəşkəsi pozmasının arxasında kimlərin nələrin dayandığını deməyə imkan verir: "Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ermənistanın müdafiə naziri Arşak Karapetyanla görüşü zamanı Ermənistana silah tədarükünün başladığını deməsi və Rusiya XİN rəhbəri Sergey Lavrovun beynəlxalq hüququn norma və prinsiplərini pozaraq Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasına Azərbaycanın suveren əraziləri olan Qarabağla bağlı çağrış etməsi Ermənistanın haradan belə "cəsarət" aldığını göstərir. Görünən odur ki, öz adını sülhməramlı qoysa da, atdığı addımlarda bunun tam əksini edən Rusiya təəssüflə demək lazımdır ki, içindəki bəzi erməni meyilli dairələrin maraqlarından çıxış edir. Əlbəttə ki, bu cür addımlar tərəflər arasında əlaqələrə ciddi ziyan vurur. Təsadüfi deyil ki, Azərbaycan prezidenti cənab İlham Əliyev CNN Türk-ə müzahibəsi zamanı Azərbaycan və Rusiyanı qonşu, Ermənistan və Rusiyanı isə strateji müttəfiq adlandırmışdır".
Ekspertin qənaətincə, Kremldə də yaxşı başa düşürlər ki, bütün cəhdlərə baxmayaraq Azərbaycan-Tükiyə əlaqələrinə hansısa formada xələl gətirmək mümkün deyil və Ermənistanın nəzarətdən kənar qalması mövcud Paşinyan hökumətinin və bütövlükdə erməni cəmiyyətinin Rusiyanı Qərblə əvəzləməsinə səbəb ola bilər: "Hətta gözləniləndir ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından də çıxmaq istəsin. Ona görə də bütün mümkün variantlardan istifadə edərək Ermənistanı əldə saxlamağa çalışırlar. Ölkə başçısı İlham Əliyevin də Kəlbəcə və Laçın səfərinin detallarında bu məsələni görmək mümkündür".
Məhəmməd