Xankəndi mütləq Azərbaycanın idarəçiliyinə keçəcək

Kamilə Əliyeva: “Bu, Azərbaycan dövlətinin heç vaxt dəyişməyəcək mövqeyidir”

Kamilə Əliyeva: "Bu, Azərbaycan dövlətinin heç vaxt dəyişməyəcək mövqeyidir"

Azərbaycan Prezidenti İlham Əliyev "CNN Türk" Televiziyasına müsahibəsində dünya ictimaiyyətinə, eləcə də Qarabağda fəaliyyət göstərən Rusiya sülhməramlı qüvvələri də daxil olmaqla, ermənilərə kifayət qədər açıq mesajlar verib. Ölkə Prezidenti bu günə qədər verdiyi bütün müsahibələrində olduğu kimi, budəfəki müsahibəsində də ermənilərin 30 ilə yaxın apardığı işğalçı siyasətindən və işğal zamanı törətdikləri vəhşiliklərdən danışıb. Dövlətimizin başçısı, eyni zamanda, şanlı Qələbəmizdən sonra bu bölgədə hazırda mövcud vəziyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Milli Məclisin deputatı Kamilə Əliyeva deyib ki, dövlətimizin başçısı Ermənistanı 10 noyabrda qəbul edilmiş üçtərəfli Bəyanatın bəndlərini yerinə yetirməyə çağırıb: "Bu gün Ermənistanda bu razılaşmanı pozmağa çalışan kifayət qədər revanşist qüvvələr mövcuddur. Xüsusilə, Ermənistanın hazırkı müdafiə naziri son günlər sərsəm fikirlər söyləməyə başlayıb. Ermənistanın Müdafiə Nazirliyi Xankəndinə, eləcə də Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan ərazilərə hərbçilər göndərir. Bu qüvvələr ərazidə təxribatlar törədir, Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tuturlar. Prezident İlham Əliyev Ermənistanın siyasi və hərbi rəhbərliyinə, təxribatla məşğul olan qüvvələrə ciddi xəbərdarlıq etdi və bildirdi ki, onlar 44 günlük Vətən müharibəsində düşdükləri vəziyyəti unutmasınlar. Əgər erməni faşizmi yenidən baş qaldırmağa cürət etsə, onların başları yenidən əziləcək. Qarabağda ermənilərin hər bir hərəkəti və fəaliyyəti Azərbaycanın hərbi qüvvələrinin tam nəzarətindədir. Əgər erməni hərbçiləri ciddi təxribat törədərlərsə, Azərbaycan tərəfindən adekvat tədbirlər görüləcək. Azərbaycan tərəfinin bölgədə bununla bağlı antiterror əməliyyatları aparmağa tam hüququ çatır".

Prezident İlham Əliyevin Ermənistanın yaxın müttəfiqi olan Rusiyanın da bölgədəki fəaliyyətinə toxunduğunu dilə gətirən K.Əliyeva deyib ki, Şimal qonşumuz Ermənistana təzyiq göstərməli, erməni hərbçilərinin bölgəyə göndərilməsinə yol verməməli, onları silahla təmin etməməlidir: "Lakin biz bunun əksini görürük. Rusiyanın müdafiə naziri öz çıxışında Ermənistan ordusunun silahla təmin olunacağını vurğulayıb. Bu isə təhlükəli bir addımdır. Bölgədə sülhün bərqərar olmasına təhlükədir. Bu, eləcə də Ermənistandakı revanşist faşist qüvvələrin baş qaldırmasına səbəb ola bilər. Dövlətimizin başçısı bu istiqamətdə Rusiyadan gözləntilərinin olduğunu, eləcə də Rusiya sülhməramlı qüvvələrinin öz missiyasını layiqincə yerinə yetirməli olduqlarını vurğulayıb. Rusiya sülhməramlı qüvvələri üçtərəfli Bəyannaməyə uyğun olaraq erməni hərbçilərinin bölgədən tam çıxarılmasına və əlavə qüvvələrin bu regiona ayaq açmamasına nəzarət etməlidirlər. Təəssüf ki, biz bunun şahidi olmuruq. Dövlətimizin başçısı bununla əlaqədar Rusiya və Ermənistan tərəfinə yazılı məlumat verildiyini bildirib".

xxx

Deputat qeyd edib ki, Azərbaycan dövləti üçtərəfli Bəyanatın bütün bəndlərinə əməl edir, qarşı tərəfləri də bu şərtlərə əməl etməyə çağırır: "Azərbaycanla Ermənistan arasında bütün dünyanın da qəbul etdiyi Zəngəzur dəhlizinin açılmasından Ermənistan da daxil olmaqla, bütün region dövlətləri faydalana bilər. Bu dəhlizin açılması ilə Ermənistanın Rusiya və İranla dəmir yolu əlaqəsinin yaranması mümkündür. Mərkəzi Asiya dövlətləri də bu dəhliz vasitəsilə Türkiyə və Avropaya qısa yolla quru əlaqələr yaradar. Beləliklə, beynəlxalq iqtisadi əlaqələrin qurulmasına böyük töhfə olar: "Bu gün Azərbaycan regionda 3+3 formatının yaranmasına böyük səy göstərir. Əgər bu əməkdaşlıq baş tutarsa, Gürcüstanın Rusiya ilə diplomatik əlaqələrinin olmamasına baxmayaraq regionda müharibə təhlükəsi qalmaz. Gələcəkdə bu iki dövlətin də aralarında dostluq münasibətlərinin yaranmasına böyük təkan verə bilər. Prezident İlham Əliyev müsahibəsində Azərbaycan vətəndaşı olan ermənilərin Azərbaycana inteqrasiya oluna biləcəyindən də danışıb. Bəli, Azərbaycan çoxmillətli tolerant bir dövlətdir. Azərbaycanda fərqli millətlər bir ailə kimi yaşayırlar. Bakı da daxil olmaqla, regionlarımızda çoxlu sayda erməni firavan yaşayır. Qarabağda yaşayan Azərbaycan vətəndaşı olan ermənilər də bundan yararlana bilərlər. Sadəcə, Azərbaycan qanunları ilə yaşamaq istəklərini bildirsinlər. Əgər bunu etsələr, digər xalqların nümayəndələri kimi Azərbaycanda gözəl həyat sürə bilərlər. Ermənilər başa düşməlidirlər ki, Xankəndi mütləq Azərbaycanın idarəçiliyinə keçəcək. Bu, Azərbaycan dövlətinin heç vaxt dəyişməyəcək mövqeyidir. Dövlətimizin başçısı "CNN Türk" televiziya kanalına müsahibəsində Azərbaycanın güclü, eyni zamanda, sülhün, dostluğun tərəfdarı olduğunu bütün dünyaya bir daha bəyan etmiş oldu".

Millət vəkili eyni zamanda, ölkə Prezidentinin Birinci vitse-prezident, Birinci xanım Mehriban Əliyeva ilə işğaldan azad olunmuş yurd yerlərimizə, Laçın və Kəlbəcərə növbəti səfərinə toxunaraq, bunu da tarixi hadisə, növbəti Zəfər və Qələbə kimi dəyərləndirib: "Bəli, işğaldan azad edilmiş yurd yerlərimizə cəmi 9 ay ərzində edilən saysız-hesabsız səfərlər, eləcə də sonuncu Laçın və Kəlbəcər səfəri bizim üçün növbəti Qələbə və Zəfərdir. Çünki hər səfərdə düşmənə, onların qanlı havadarlarına gözdağı verilir, layiq olduqları yer göstərilir. Bu dəfə də belə oldu. Hər iki bölgəyə səfər zamanı həm Qələbə və Zəfərimizi möhkəmləndirəcək, inkişafımızı daha da sürətləndirəcək tarixi açılışlar, təməlqoymalar baş verdi, həm də növbəti xəbərdarlıqlar edildi, mesajlar verildi. Bir daha və bir daha bildirildi ki, bu yerlərin, o cümlədən Şərqi Zəngəzurun tarixi və qanunui sahibi, yiyəsi bizik. Kimsə bizim bu haqqımızı əlimizdən ala bilməz və bilməyəcək. Biz öz dədə-baba torpaqlarımıza qayıtdıq. Ermənistan ordusunu məhv edərək qayıtdıq, Ermənistan faşizminin başını əzərək qayıtdıq, erməni cəlladlarını cəzalandıraraq qayıtdıq, şəhidlərimizin qanını alaraq qayıtdıq. Ali Baş Komandanımızın da dediyi kimi, qayıtmışıq, bu gün burada durmuşuq və əbədi duracağıq! Hər kəs də bunu qulaqlarından sırğa etsin!"

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31