Ermənistanla sərhəddə vəziyyətin gərginləşməsində kimlər maraqlıdır?
29 İyul 2021 15:14 Siyasət10 noyabr Bəyanatından keçən dövr ərzində Ermənistan müntəzəm olaraq Azərbaycanla dövlət sərhədində təxribatlara ıl atır, mövqelərimizi sistemli şəkildə atəşə tutaraq Qarabağda vəziyyəti yenidən gərginləşdirməyə çalışır. Müharibədən biabırçı məğlubiyyətlə çıxan bir ölkənin indiki halda hansı səbəbdən dövlət sərhədində təxribatlar törətdiyi də qaranlıq məqam olaraq qalır. Bəs görəsən bu barədə siyasilər nə düşünür?
Siyasi şərhçi Samir Hümbətov deyir ki, regionun siyasi durumunda qeyri-stabilliyun hökm sürməsi vəziyyətin təhlükəli olmasını göstərən açıq sübutlardandır. Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında baş tutmuş və 44 gün davam etmiş II Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi və geostrateji reallıqlar həm Ermənistanın, həm də ona dəstək olan dövlətlərin və qüvvlərin planlarını alt-üst etdi: "10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyannamənin icrasını ləngitmək və Ermənistanın üzərinə düşən öhdəliklərin yerinə yetirməsini yubatmaq məqsədi ilə Ermənistan-Azərbaycan dövlət sərhədində və rus "sülhməramlıları"nın fəaliyyət göstərdiyi ərazilərdə daima atəşkəsi pozmaq tərəflər arasında qalıcı düşmənçiliyi təmin etmək üçün bütün vasitələrdən istifadə etməyə çalışırlar. Rusiya müdafiə naziri Sergey Şoyqu və Ermənistan müdafiə naziri Arşak Karapetyan arasında baş tutan telefon danışığı və görüşü, ABŞ-ın Ermənistandakı səfiri Lin Treysinin Ermənistan-Azərbaycan sərhədinə səfər etməsi, Fransanın Ermənistandakı səfiri Conatan Lakotun Fransanın Azərbaycandakı səfiri Zakari Grosun Azərbaycan prezidenti Cənab İlham Əliyevin təşəbbüsü ilə təşkil edilmiş xarici ölkələrin Azərbaycandakı səfirlərinin Şuşaya səfərindən imtina etməsi fikrini müdafiə etməsi baş verən təxribatların arxasında kim(lər)in dayandığını rahatlıqla deməyə imkan verir". Ekspert hesab edir ki, sözügedən bu üç ölkənin atdığı addımların bir neçə səbəbi var: "Bu səbıblər arasında 30 ilə yaxın heç bir fonksiyanı yerinə yetirməyən və II Qarabağ savaşından sonra fəaliyyətini tamamilə itirmiş ATƏT-in Minsk qrupunun yenidən aktivləşdirmək, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyannamə ilə arxivin zibilliyinə gedən Dağlıq Qarabağın statusunu bərpa etmək, Türkiyənin regionda, xüsusilə də Azərbaycanda artan nüfuzunun qarşısını almaq kimi planlar var. Eyni zamanda Ermənistan və Azərbaycan arasında qalıcı sülhün əldə edilməsinə mane olmaq, gərginliyi davam etdirmək, Azərbaycan və Türkiyənin vasitəsi ilə gerçəkləşdirilən regional və qlobal layihələrin həyata keçrilməsinə mane olmaq, öz ölkələrində güclü olan erməni lobbisinin dəstəyini qazanmaq və s. kimi məqamlar da diqqətdən qaçmamalıdır. Görünən odur ki, sərhəddə baş verən toqquşmalar və pozulan atəşkəs bu üç ölkənin marağındadır və ona görə də daimi şəkildə vəziyyətin gərgin olmasına çalışırlar". Samir Hümbətov deyir ki, Ermənistanın atdığı addımların isə iki əsas səbəbi var: "Bunlar Paşinyanın hələ də ölkədə nəzarəti ələ ala bilməməsi, 10 noyabr 2020 və 11 yanvar 2021-ci il üçtərəfli bayannamələrinin şərtlərinin icrasını ləngitməsi və yekun sülh müqaviləsini imzalamaqdan boyun qaçırmasıdır. Baş verən toqquşmaların lokal xarakterdən artıq olacağı inandırıcı görünmür. Amma bu cür problemlər hələ uzun müddət davam edə bilər".
REAL Partiyasının sədr müavini Natiq Cəfərli isə bildirib ki, Ermənistan tərəfinin istəyi əslində bəllidir: "Ermənistan tərəfi Azərbaycanla sərhəddə rəsmən 3 hərbçisinin həlak olduğunu, daha 3 nəfərin isə yaralandığını təsdiqlədi. Həmişə hücuma keçməyə cəhd edən tərəf daha çox itgi verir - deməli Ermənistan tərəfinin ağlı başına gəlməyib, yenə provokasiya və hücum cəhdlərindən əl çəkmir. Ermənistan tərəfinin istəyi mənə aydındır - 44 günlük Vətən savaşı zamanı hərbi əməliyyatlar Azərbaycanın suveren ərazilərində gedirdi deyə "ODKB"- ni müharibəyə cəlb edə bilmədi, Putin də bunu dəfələrlə dilə gətirdi ki, qondarma "Qarabağ Respublikasını" heç Ermənistan da tanımayıb, döyüşlər de-jure Azərbaycan ərazisində gedir, ona görə də "ODKB" qarışa bilməz".
Partiya rəsmisinin sözlərinə görə, əgər sərhəddə baş verən provokasiyaların arxasında Paşinyanın özü dayanırsa məqsədi Ermənistan cəmiyyətinə bir daha göstərməkdir ki, "ODKB", Rusiya ciddi müttəfiq deyil, bizə dəstək olmurlarsa nədən o təşkilatda olmalıyıq?: "Çünki, sərhəddə irimiqyaslı döyüşlər olsa da, "ODKB" müdaxilə etməyəcək, bu mümkün deyil indiki şəraitdə. Nəticədə Ordumuzin istənilən uğurlu əməliyyatı Ermənistanın Kremldən qopmasını və sülh müqaviləsinin imzalanmasını sürətləndirə bilər. Yox əgər sərhəddə provokasiyaların arxasında Kremlə bağlı erməni generalları durursa, onların da məqsədi aydındır - Ermənistan ərazisində istənilən böyük hərbi məğlubiyyət seçki ilə Paşinyana qalib gələ bilməyən Rusiyaya şans verəcək ki, Köçəryan və adamlarını küçədən hakimiyyətə gətirsin".
Natiq Cəfərli bildirib ki, Kremldə Paşinyanın seçkiləri üstünlüklə udması və bundan sonra AB ilə, Fransa ilə daha sıx yaxınlaşması qıcıq yaradır, bunu aydın sezmək olar: "Yaxşı biz nə etməliyik: Görünən odur ki, hər iki ssenaridə Azərbaycanın hərbi üstünlüyünü artırmaq üçün şans var - amma biz daha ağıllı oynamalıylq, eyforiyaya qapılmamalı, populistik addımlardan çəkinməli, Kremlin heç bir oynuna gəlməməliyik. Bizə indi sülh lazımdı, dayanlqlı sülh, sərhədlərin tanınması, əlaqələrin açılması prioritet olmalıdır. Biz Zəngəzura, Göyçəyə, İrəvana tank-topla qayıtmaq kimi populist yanaşnanı kənara qoyub, o qədim torpaqlara güclü iqtisadiyyatla, artan demoqrafik üstünlüklə, hüquqi dövlət qurmaqla dönməliyik. Bunun yolu uzundur, amma dayanıqlı və ağıllı yoldur. Bölgəmizdə gərginlikdən bəslənən bir ac "canavar" var - daha doğrusu "canavar" deyil, "ayıdlr", yəni, "ayının" min oyunu gərginliyi bəsləmək üçündür, bunu bilək, buna uyğun davranaq. Azərbaycan "de-jure" və "de-facto" ittifaqları gücləndirir, bu çox yaxşıdır, amma eyforiya da var, bu çox pisdir. Əgər Kreml seçki yolu ilə əldə edə bilmədiyini hərbi-siyadi gərginliklə əldə etsə və Köçəryan kimi canini hakimiyyətə gətirə bilsə, o zaman onun möhkəmlənməsi və nüfuzunun artması üçün bizim ərazidə də, sərhəddə də daha çox provokasiya edib bizə zərbələr endirməyə cəhd edəcəklər".
Məhəmməd