Paşinyandan monitorinq missiyası təklifi nəyə hesablanıb?

Ermənistan Kütləvi Təhlükəsizlik Müqaviləsi Təşkilatına Azərbaycanla sərhəd boyu monitorinq missiyasının yerləşdirilməsi imkanlarını nəzərdən keçirməyi təklif edir. Bu barədə Errmənistan Baş Nazir səlahiyyətlərinin icraçısı Nikol Paşinyan Nazirlər Kabinetinin  cümə axşamı keçirilən iclasında məlumat verib: " Əgər KTMT tərəfindən bu missiyanı həyata keçirmək imkansız hesab olunarsa bizim üçün ATƏT-in Minsk Qrupu  daxil olmaqla  başqa beynəlxalq formatlar da qəbul ediləndir "- deyə Paşinyan bildirib. Politoloq Əlimusa İbrahimov "Olaylar"a bildirilib ki, bu çıxışı ilə Paşinyan ATƏT-in Minsk Qrupu və digər beynəlxalq təşkilatları münaqişəyə cəlb etmək istədiyini biruzə verir. Amma bu dəfə bir qədər ehtiyatlı tərpənərək əvvəlcə bu təklifi KTMT-ni nəzərdə tutaraq Rusiyaya ünvanlayır. Görünür Avropa İttifaqı ilə son dövrlərdə yaxınlaşmaq istəməsinin acı nəticələrə səbəb olacağı haqqında artıq ona xəbərdarlıq olunub: "KTMT-nin Ermənistanın müraciətinə hansı reaksiya verəcəyi haqqında proqnoz vermək çətin olsa da, bu missiyanı üzərinə götürəcəyi ehtimalı daha çoxdur. Çünki regionda və keçmiş SSRİ respublikaları arasında Ermənistandan başqa heç bir dövlət kənar qüvvələrin bölgədə baş verən proseslərə  müdaxiləsində maraqlı deyil. KTMT-nin monitorinq missiyasının həyata keçirilməsi məhz kənar qüvvələrin qarşısını alan faktor rolunu oynaya bilər. Bu Azərbaycan üçün məqbul sayıla bilər. Çünki bizim bu təşkilatın üzvü olmadığımıza baxmayaraq orada Ermənistanın əsassız iddiaları haqqında yetərincə məlumatlıdırlar. Amma Azərbaycanın bu missiyaya razılıq verə biləcəyi şübhəli görünür. İstənilən təşkilatın iİki ölkə sərhədində yaradacağı monitorinq  missiyasına  ilk növbədə hər iki subyektin razılığı olmalıdır. Azərbaycan isə haqlı olaraq sərhədlərin delimitasiyası və demarkasiyasından sonra monitoronq missiyasının həyata keçirilməsinə razı ola bilər. Müəyyənləşdirilməmiş sərhəddə hansı monitorinqdən söhbət gedə bilər? Deməli, Ermənistan əvvəl-axır sərhədlərin müəyyənləşdirilməsi və bununla Azərbaycanın ərazi bütövlüyünü tanımasından sonra, məhz Azərbaycanın razılığı olarsa  sərhədlərə müxtəlif missiyaları dəvət edə bilər.  Deyəsən, Nikol Paşinyan KTMT və ATƏT-in Minsk Qrupuna üz tutmaqla bu dəfə də tələsdi. Yaxud o, Azərbaycanın icazəsi olmadan hər hansı bir qüvvənin onun sərhədində monitorinq aparmasına cürət edəcəyini düşünürsə, hələ lazımi ibrət dərsi götürməyib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31