Deputat: “Səfir Treysinin Basarkeçərdə peyda olması təkcə vəziyyətlə tanışlıq deyildi”
Bir neçə gün öncə Fransanın Ermənistandakı səfiri Conatan Lakot eyham vururdu ki, "kiçik bacı" adlandırdıqları KTMT-dən çıxarsa, onda ölkəsi onlara hər cür hərbi yardım edəcək
28 İyul 2021 16:25 Siyasət"Bir neçə gün öncə Fransanın Ermənistandakı səfiri Conatan Lakot eyham vururdu ki, "kiçik bacı" adlandırdıqları KTMT-dən çıxarsa, onda ölkəsi onlara hər cür hərbi yardım edəcək . Xatırladaq ki, Lakotdan təqribən 3 ay qabaq aprelin sonlarında ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi də oxşar açıqlamada bulunmuşdu. Xanım Treysi demişdi ki, Ermənistanın KTMT üzvü olması səbəbindən Vaşinqton haylara gərəkən hərbi yardımı göstərə bilmir. Yəni ki bizdən dəstək umursunuzsa, KTMT-dən çıxın demək idi, hər iki səfirin açıqlaması".
"Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə, dünən də ABŞ səfiri Göyçənin Kəlbəcərlə sərhəd kəndlərini gəzirdi. Düzdür, o, Fransanınkı kimi makroncasına danışmadı. Amma xanım Treysinin mənim doğulduğum Basarkeçərdə peyda olması təkcə vəziyyətlə tanışlıq deyildi, həm də sərhəddə ard-arda təxribat törədərək savaşın bitmədiyi və özlərinin də təslim olmadıqları görüntüsü yaradanlara örtülü dəstək idi. Və göstərmək idi ki, baxın, KTMT-sinə qoşulduğunuz Rusiyadan daha çox bizim sizə canımız yanır: "Kim bilir, ola da bilsin, əlaltdan Ermənistandakı parabaş rejimə deyilir ki, Rusiyanı gözdən salmaq, KTMT üzvülüyündən imtinaya əsas yaratmaq üçün sərhəddə vəziyyəti daha da gərginləşdirmək lazımdır. Bəlkə də o səbəbdən Linn Treysi Göyçəni tərk etməmiş sərhəddə atışma intensivləşərək daha da qanlı xarakter aldı. Burada bir haşiyə çıxaraq deyim ki, ABŞ səfirinin Basarkeçər rayonuna səfərindən xəbər tutanda istədim ona açıq məktub yazaraq oranın Ermənistana necə verildiyindən xəbəri olub-olmadığını soruşum. Onu da soruşum ki, nədən o, uzaq Amerikadan basa-basa mənim dədə-baba yurduma gəldiyi halda mən ora gedə bilmirəm. Bizim kənddəki dağıdılmış qəbiristanlıq və evləri görəndə xanım səfir öz sivilizasiyaları və "sivilizasiyalarının bir parçası" olan haylar haqda nə düşünür? Amma yazmadım, təcrübə göstərir ki, onlara bu sual ancaq və ancaq sən özün o torpaqlara qayıtdıqdan sonra veriləndə daha yerində səslənir o səbəbdən. Bir sözlə, görünən odur ki, ABŞ-ın da, Fransanın da Ermənistandakı səfirləri Qarabağın dağlıq hissəsindəki haylara hansısa statusun verilməsindən bəhs etdikləri halda BMT-nin 4 qətnaməsi kimi nədənsə biz azərbaycanlıların da öz torpaqlarımıza dönmək və ən azından oranı ziyarət haqqımızın olduğunu unudurlar.
Onu da unudurlar ki, Ermənistandakı parabaş rejimi revanşizmə həvəsləndirib sərhəddə gərginlik yaratmaqla Rusiyanı gözdən salsalar da, nə onu oyuna cəlb edib Azərbaycan və Türkiyə ilə toqquşdurmaq mümkündür, nə də Moskva forposta KTMT-dən çıxmağa izn verəsidir. Həmsədrlərin bu yolla keçmiş yetkilərini özlərinə qaytarmaları da baş tutan deyil. Qatar artıq gedib, həm də statusun üstündən keçərək gedib. Bütün bu cəhdlər olsa-olsa azərbaycanlıların öz dədə-baba torpaqlarına dönüşlərini tezləşdirə bilər. Gözlə Göyçəm, dönəcəyik!"