Dost və qardaş ölkələr arasında Bakı Bəyannaməsinin imzalanması strateji əhəmiyyət daşıyır

İyulun 27-də Milli Məclisdə Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin üçtərəfli görüşündə “Bakı Bəyannaməsi” imzalanıb

İyulun 27-də Milli Məclisdə Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin üçtərəfli görüşündə "Bakı Bəyannaməsi" imzalanıb. Bəyannaməni Milli Məclis sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər imzalayıblar. Bəyannamə Azərbaycan, Türkiyə və Pakistan parlamentləri arasında əməkdaşlığın genişləndirilməsini, hər üç ölkənin siyasi münasibətlərinin daha da gücləndirilməsini və digər sahələri əhatə edir. Siyasi ekspertlərin qənaətinə görə, Azərbaycan, Türkiyə və Pakistan parlament sədrləri arasında imzalanan "Bakı bəyannaməsi" çox mühüm siyasi əhəmiyyət kəsb edir. Xatırladaq ki, sözügedən "Bakı bəyannaməsi"nin əsas prioritet istiqamətlərindən biri də parlamentlərarası əlaqələrin genişləndirilməsidir. Belə ki, tərəflər Azərbaycan, Pakistan və Türkiyəni daha da yaxınlaşdırmaq üçün həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə parlamentlərarası dialoq və əməkdaşlığı inkişaf etdirməyə çalışmaq əzmində olduqlarını bəyan ediblər. Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov qeyd edib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə möhtəşəm qələbə qazanaraq öz ərazi bütövlüyünü təmin etdi və tarix yazdı. Bu tarixi zəfəri təmin edən çox mühüm amillərdən biri dost və tərəfdaş dövlətlərin ölkəmizə mənəvi-siyasi dəstəyi oldu. Bu sırada Türkiyə və Pakistan dövlətlərinin xüsusi yeri və müstəsna rolu ayrıca qeyd edilməlidir: "Türkiyə və Pakistan hər zaman Azərbaycanın haqlı mövqeyini qətiyyətlə müdafiə ediblər. Ümumiyyətlə, ölkəmizlə dostluq və qardaşlıq münasibətlərinə malik olan hər iki güclü dövlətin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məsələsində mövqeyi hər zaman ədalətli və qətiyyətli olub. Həm Türkiyə, həm də Pakistan istər 30 ilə yaxın davam edən işğal dövründə, istər İkinci Qarabağ savaşı zamanı, istərsə də postmünaqişə mərhələsində Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və haqlı mövqeyinə prinsipial dəstək ifadə ediblər. Bu, Azərbaycan xalqı və dövləti tərəfindən olduqca yüksək qiymətləndirilir".

Onun sözlərinə görə, hər üç dövlət əməkdaşlığın dərinləşdirilməsində güclü siyasi iradə nümayiş etdirir: "Yeni mərhələdə hər üç dövlət müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsində, bir-birinin milli maraqlarının beynəlxalq müstəvidə qorunmasında güclü siyasi iradə nümayiş etdirir. Bu istiqamətdə mühüm təklif və təşəbbüslər irəli sürülür, konkret addımlar atılır. Azərbaycan Respublikasının Milli Məclisinin parlamentlərarası üçtərəfli əməkdaşlıq formatının təsis edilməsi təşəbbüsünü irəli sürməsi, təşəbbüsün Türkiyə və Pakistan tərəfindən müsbət qəbul olunması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Təməli qoyulan üçtərəfli parlamentlərarası əməkdaşlıq formatı çərçivəsində parlament sədrlərinin birinci üçtərəfli görüşünün yekunlarına dair Bakı Bəyannaməsinin imzalanması isə strateji önəm daşıyır. Bu, ölkələrimiz arasında tarixi əhəmiyyətə malik dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə, strateji tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinə əlavə təkandır. Eyni zamanda, Azərbaycan-Türkiyə-Pakistan münasibətlərinin inkişafı regional və beynəlxalq təhlükəsizliyə, əməkdaşlığa ciddi  töhfədir. Əminliklə söyləmək olar ki, ölkələrimiz bundan sonra da müxtəlif sahələrdə işbirliyini uğurla davam etdirməklə yeni tarixi nailiyyətlərin altına imza atacaqlar!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31