Prezident İlham Əliyev qərb bölgəsinə səfər edib
22 İyul 2021 18:11 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Daşkəsən rayonuna səfərə gedib. Dövlət başçısı Daşkəsən şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib. Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, abidəsi önünə gül dəstəsi qoyub. Prezidenti İlham Əliyev həmin gün Daşkəsəndə Şəhidlər xiyabanını ziyarət etdi. 1993-cü ildə salınan Şəhidlər xiyabanında həm birinci Qarabağ, həm də Vətən müharibəsində həlak olan şəhidlər dəfn edilib. Ümumiyyətlə, Daşkəsəndən olan gənclər də hər zaman ərazilərimizin müdafiəsi uğrunda qəhrəmanlıqla döyüşüb, Vətən uğrunda canlarından keçiblər. Vətən müharibəsinin gedişində yenidən silaha sarılan Daşkəsən gənclərindən 31 nəfər şəhidlik zirvəsinə ucalıb. Bu qəhrəman Vətən övladlarının əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Ardınca Prezident İlham Əliyev "AzerGold" QSC-nin "Çovdar" İnteqrəolunmuş Regional Emal Sahəsinin fəaliyyəti ilə tanış olub. Dövlət başçısına "Çovdar" qızıl mədənində görülən işlər barədə məlumat verilib. Prezident İlham Əliyev "Mərəh" qızıl mədənində süxurların ilk partlayış prosesini izləyib. Onu da qeyd edək ki, "Daşkəsən şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsi başa çatıb. Prezidenti İlham Əliyev Daşkəsənə səfəri çərçivəsində layihə üzrə görülən işlərlə tanış olub.
Prezidenti İlham Əliyev ölkəmizin qərb bölgəsinə səfəri çərçivəsində Naftalan şəhərində olub. Dövlət başçısı xalqımızın ulu öndəri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Naftalana səfəri şərçivəsində İlham Əliyev Naftalan Mərkəzi Sanatoriyasının açılış mərasimində iştirak edib. Dövlət başçısına sanatoriya haqqında məlumat verilib. Bildirilib ki, köhnə avtovağzal binası sökülərək yerində 2014-cü ilin may ayında Naftalan Mərkəzi Sanatoriyasının inşasına başlanıb. Sanatoriya kompleksində tikinti işləri 2021-ci ilin yanvar ayında başa çatdırılıb. Həmçinin Naftalan şəhərində 200 yerlik körpələr evi-uşaq bağçası istifadəyə verilib. Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Dövlət başçısı Naftalan şəhər hava limanı ilə də tanış olub. Dövlət başçısına hava limanı haqqında məlumat verilib. Bildirilib ki, Naftalan hava limanının tikintisinə 1975-ci ildə başlanılıb və 1977-ci ildə istismara verilib. Hava limanının fəaliyyəti 1997-ci ildə dayandırılıb. Limanın ərazisi sənəd üzrə 47 hektar, faktiki hasarlanmış ərazisi isə 58.8 hektardır. Hava limanının uçuş-enmə zolağının uzunluğu 1370 metr, eni isə 35 metrdir.
Prezident İlham Əliyev qərb bölgəsinə səfəri çərçivəsində Goranboy rayonunda da olub. Dövlət başçısı Goranboy şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Sonra dövlət başçısı Goranboy rayonunda Əlirzalı-Xan Qərvənd-Səfikürd-Tapqaraqoyunlu avtomobil yolunun açılışında iştirak edib. Dövlətimizin başçısına yolun inşası ilə bağlı görülən işlər barədə məlumat verilib. Prezident həmçinin Goranboy Olimpiya İdman Kompleksinin açılışında iştirak edib. Dövlət başçısına kompleksdə görülən işlər barədə məlumat verilib.