Ermənilərin azərbaycanlılara qarşı törətdikləri vandalizm aktları sülh və insanlıq əleyhinə cinayətdir

Azərbaycan mətbuatı Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində üzərinə düşən vəzifəni daim layiqincə icra edib. Dünya ictimaiyyətinə çatdırılıb ki, Ermənistan silahlı birləşmələri tərəfindən azərbaycanlılara qarşı elə vəhşiliklər həyata keçirilib ki, hətta bəşəriyyətin özü belə dəhşətlərin şahidi olmayıb. Hətta soyqırıma məruz qalan xalqların belə dini, tarixi, mədəni abidələri yerlə-yeksan edilməyib, kənd və şəhərləri viran qoyulmayıb, insanları qaçqın və köçkün vəziyyətinə salınmayıb. Lakin etiraf edilməlidir ki, bu fəaliyyət daimi olmalıdır ki, beynəlxalq ictimaiyyət Azərbaycan həqiqətləri barədə məlumatlı olsun. Bunun üçün kifayət qədər faktlar mövcuddur. Təkcə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktları barədə məlumatlar ictimailəşdirilməlidir ki, hər şey aydın olsun. Belə ki, azərbaycanlı olduğuna görə soyqırıma məruz qalan xalqımızın dini, tarixi, mədəni abidələri erməni faşistləri tərəfindən yer üzündən silinib. Bu bir həqiqətdir ki, tarixən qonşu dövlətlərin ərazisinə göz dikən erməni xalqının əsassız iddiaları Azərbaycana qarşı münasibətdə vandalizm aktları ilə müşayət olunub. Elə işğaldan azad olunmuş ərazilərimizdə yaranan dəhşətli mənzərə dediklərimizi bir daha sübut edir. Dağlıq Qarabağda qanunsuz fəaliyyət göstərən erməni silahlı hərbi birləşmələri və Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində törədilmiş sülh və insanlıq əleyhinə,  habelə  ağır  və   xüsusilə   ağır   cinayətlərin bir neçəsini sadalamaq kifayətdir ki, ermənilərin sülh və insanlıq əlehinə törətdikləri cinayətlər barədə təsəvvür yaransın.

Xatırladaq ki, 1988-ci ildən başlayaraq Dağlıq Qarabağda qanunsuz fəaliyyət göstərən erməni silahlı hərbi birləşmələri və Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərində  yaşayan Azərbaycan millətindən olan yerli əhalinin qanuni yerləşdiyi yerlərdən məcburi hərəkətlərlə didərgin salınması, yaşayış məntəqələrində və dövlət obyektlərində maddi sərvətlərin, mədəniyyət abidələrinin talanması və dağıdılması, azərbaycanlı əsir və girovlara dəhşətli işgəncələr  verilməsi, Beynəlxalq humanitar hüquqla mühafizə olunan mülki və digər şəxslərlə amansız rəftar etmə, azərbaycanlıları milli bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürməklə soyqırım, deportasiya, işgəncə və s. sülh və insanlıq əleyhinə  cinayətlər, habelə qəsdən adam öldürmə, təxribat, terrorizm və başqa xüsusilə ağır cinayət hadisələri törədilib.

Qanunsuz fəaliyyət göstərən erməni silahlı hərbi birləşmələri, Ermənistan Respublikasından qanunsuz gətirilmiş hərbiçilər və Xankəndində dislokasiya olunmuş MDB-yə məxsus 366-cı motoatıcı alayın hərbçiləri həmin alayın  hərbi texnikası - tanklar, piyadaların döyüş maşınları, zirehli transportyorlar və başqa silah- sursatlardan istifadə edərək, 1988-ci ilin sentyabr ayından 1992-ci ilin əvvələrinədək olan dövrdə Kərkicahan qəsəbəsini mütəmadi olaraq artilleriya atəşinə tutmuş, azərbaycanlıların evlərinə silahlı basqınlar edib, silahsız,  heç bir müqavimət göstərə bilməyən dinc mülki əhalini, o cümlədən  qadınları, odlu silahlardan atəşlər açmaqla, işgəncələr verməklə vəhşicəsinə qətlə yetirmiş, dövlətə, ictimai idarə, təşkilat və müəssisələrə, əhaliyə məxsus binaları və əmlakı dağıtmış, yandırmış və talan etmiş, nəticədə 16 nəfər Kərkicahan qəsəbə sakini, o cümlədən 3 nəfər qadın, qətlə yetirilmiş, Kərkicahan qəsəbəsi tamamilə darmadağın edilmiş, dövlət idarə, müəssisə və təşkilatlara, eləcə də vətəndaşlara ümumilikdə 22.335.450 manat məbləğində maddi ziyan dəyib.

Bundan başqa, erməni silahlı dəstələri 1991-ci il dekabr ayının 14-dən 15-nə keçən gecə odlu silahlardan, BMP, BTR tipli zirehli texnikadan, tanklardan istifadə etməklə Əsgəran rayonunun azərbaycanlılar yaşayan Cəmilli kəndinə silahlı basqın etmiş, 2 nəfəri öldürmüş, 1 nəfəri yaralamış, kənddə olan bütün tikililəri, o cümlədən ictimai iaşə binalarını, vətəndaşların fərdi yaşayış evlərini dağıdaraq məhv etmiş, kənd sakinlərinin mülkiyyətlərində olan əmlakını talan etmişlər. Cəmilli kəndinin işğalı nəticəsində 596 nəfər kənd əhalisi öz doğma yurd-yuvalarından didərgin düşmüşdür.

Erməni silahlı dəstələrinin üzvləri 22 dekabr 1991-ci il tarixdə saat 07 radələrində Əsgəran rayonunun azərbaycanlılar yaşayan Meşəli kəndinə iri çaplı odlu silahlardan, zirehli transportyorlardan və piyadaların döyüş maşınından, pulemyotlardan, oqnemyotlardan, avtomatlardan intensiv atəş açıb kəndə daxil olmuş və səhər yuxudan oyanmayan kənd əhalisini öz evlərində, küçədə atəşə tutmuş və nəticədə 25 nəfər azərbaycanlını qəsdən öldürmüş, 14 nəfərə müxtəlif dərəcəli bədən xəsarətləri yetirmiş, 2 nəfər girov götürülmüş, 41 yaşayış evini, dövlət, ictimai idarə, müəssisə və təşkilatların binalarını yandırmış, kənd sakinlərinin və kolxozun mal-qarasını, taxıl və digər ərzaq məhsullarını, dövlət və şəxsi nəqliyyat vasitələrini, 80 ton taxıl və ehtiyat hissələri yerləşən anbarları, kənd mağazasını qarət etmiş, keçirilmiş kəndə ümumilikdə 5 mln 496 min AZN dəyərində maddi ziyan vurulmuş, 358 nəfər kənd sakini deportasiyaya məruz qalmışdır.

Odur ki, bütün dünya biməlidir ki, erməni şovinistləri Cənubi Qafqazda azərbaycanlılara qarşı qəsbkarlıq, təcavüz, soyqırımı və etnik təmizləmə siyasətini uzun illər davam etdiriblər. Bu siyasət xüsusən son iki yüz ilə yaxın dövrdə mərhələ-mərhələ həyata keçirilib. XIX əsrdə Rusiya-İran və Rusiya-Türkiyə müharibələrinin nəticələrini, o cümlədən Azərbaycanın çar Rusiyası tərəfindən ilhaqını təsbit edən müqavilələrə əsasən Cənubi Qafqaza yüz minlərlə erməni köçürülüb, həm də din birliyi əsasında onlara yerli əhali ilə müqayisədə böyük hüquq və imtiyazlar verilib, bütün bunlar azərbaycanlı əhalinin hər vasitə ilə sıxışdırılmasına gətirib çıxarıb. Azərbaycan xalqına qarşı soyqırımı və etnik təmizləmə siyasəti çar Rusiyasının süqutundan sonra Azərbaycanın əzəli torpaqlarında Ermənistan Respublikasının yaradılmasına, azərbaycanlılara məxsus olan əlavə 20,2 min kvadrat-kilometr ərazinin də bu süni dövlət qurumuna qatılmasına, sovet dövründə Azərbaycan ərazisində ermənilər üçün qondarma "Dağlıq Qarabağ Muxtar Vilayəti"nin təşkil edilməsinə, 1948-1953-cü və 1988-1993-cü illərdə 1,5 milyon nəfər azərbaycanlının Ermənistan Respublikasından və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən deportasiya edilməsinə və qovulmasına,  Azərbaycan Respublikası ərazisinin 20 faizinin, yəni Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı daha yeddi rayonun - Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarının işğal olunmasına gətirib çıxarıb. Heç şübhəsiz ki, bütün mümkün təbliğat ruporlarından istifadə edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabaq münaqişəsi barədə həqiqətlərin beynəlxalq aləmə çatdırılması nəticəsində ölkəmizin ədalətli mövqeyini dəstəkləmək və ölkəmizə qarşı beynəlxalq təzyiqlərin aradan qaldırılması mümkündür. Bütün dünya bilməlidir ki, erməilərin Dağlıq Qarabağda azərbaycanlılara qarşı törətdikləri qırğınlar sülh, insanlıq, ən əsası isə bəşəriyyət əlehinə cinayətlərdir.

Alim Hüseynli

Yazı  Azərbaycan  Respublikasının  Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31