Elman Nəsirov: “Zəngəzur dəhlizinin açılması da labüddür”
22 İyul 2021 12:29 SiyasətAzərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyaya işgüzar səfəri Azərbaycanın siyasi dairələrində ciddi müzakirə mövzusuna çevrilib.
Millət vəkili Elman Nəsirov Olaylar.az saytına bildirib ki, iyul ayının 20-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri oldu və dövlət başçımız səfər çərçivəsində Rusiyanın prezidenti Vladimir Putin ilə görüşdü: "Görüş prosesində həm ikitərəfli münasibətlərin geniş aspektlərinə dair məsələlər müzakirə edildi, həm dəpostmüharibə dövrü reallıqları və bu reallıqlar fonunda həllini gözləyən məsələlər ətrafında çox ciddi müzakirələr oldu.
Əvvəla onu deyim ki, Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi çox yüksək səviyyədə qarşıladı. Çox xoşməramlı bir münasibət bildirdi. Hətta Qurban bayramı münasibətilə bir-birlərini hər iki prezident bir-birlərini təbrik etdilər. Diqqətdən yayınmayan cəhət odur ki, Ermənistan baş naziri Nikol Paşinyan analoji səfər edərkən qarşılanma tamamilə fərqli olur, bu qədər isti , səmimi münasibəti biz görmürük. Və Putin Rusiyanın tanınmış politoqlarından biri olan Korotçenkanın söylədiyi kimi Paşinyana sanki bir müftəxor kimi baxır. Sanki o nəyi isə Rusiyadan qoparmaq üçün gəlib. Amma Azərbaycan prezidentinə qarşı bərabər hüquqlu tərəfdaş yanaşması özünü göstərir, dostluq münasibəti öz ifadəsini tapır. Bu baxımdan da məsələ diqqətdən yayınmır".
Millət vəkili görüşdə müzakirə olunan məsələlərə toxunub:
" O ki qaldı müzakirə olunan məsələlərə, ilk növbədə postmüharibə dövrünün reallıqlarını hər iki dövlətin rəhbəri qəbul edir. Müharibə bitib.Və indi həllini gözləyən digər məsələlər nədən ibarətdir?
Azərbaycan Respublikasının Prezidentin movqeyi ondan ibarətdir ki, Azərbaycan sülh müqaviləsini Ermənistanla imzalamağa hazırdır. Azərbaycan bu təşəbbüsdən çıxış edib. Lakin Ermənistan tərəfindən hələki analoji bir yanaşma yoxdur və konstruktiv bir mövqe ortaya qoyulmur. Bu diqqətdən yayınmır. Bundan savayı Azərbaycan Prezidenti hər bir zaman Ermənistanın da regional əməkdaşlıq prosesinə qoşulmasının tərəfdarıdır. Bu kontekstdə Zəngəzur dəhlizinin açılması məsələsi çox mühüm məna və əhəmiyyət kəsb edir. Bu ideyanı Azərbaycan da müdafiə edir, Rusiya da müdafiə edir, İran, Türkiyə, Gürcüstan da müdafiə edir. Yeganə dövlət Ermənistandır ki, bu məsələ ilə bağlı ortaya açıq və konkret mövqe qoymur. Baxmayaraq ki, bu Ermənistanın özünə hava -su kimi lazımdır. Çünki Zəngəzur dəhlizinin açılması ilə Ermənistan da düşdüyü blokada vəziyyətindən çıxmış olar. Ermənistanın Rusiya və İran arasında dəmir yol əlaqələri yaranmış olar. Ona görə də bu həmçinin Ermənistanın çökən iqtisadiyyatı üçün bir nəfəslikdir. Bunu da gərək nəzərdən qaçırmayaq. Amma hələki Ermənistandan müsbət siqnallar gəlmir . Nəhayət, hesab edirəm ki, həllini gözləyən məsələlərdən biri də minalanmış ərazilərin xəritələrinin tam şəkildə Azərbaycana verilməsi ilə bağlıdır. Doğrudur müəyyən beynəlxalq təzyiqlər altında Ermənistan iki analoji addım atıb, amma digər ərzilərimizlə də bağlı bu analoji addımların atılması olduqca vacibdir. Hesab edirəm ki, danışıqlar prosesində ilk növbədə 10 noyabr və 11 yanvar sənədlərində əksini tapmış məsələlərin həlli istiqamətində, görülmüş işlər, görüləcək işlər, üzə çıxan problemlər və onların həlli yolları haqqında çox geniş fikir mübadiləsi olub. Onu da vurğulayım ki, Putinin Azərbaycan prezidenti ilə keçirilən danışıqların mahiyyəti və məzmunu haqqında Ermənistan baş naziri ilə də söhbət edəcəyi istisna deyil və hesab edirəm ki, Zəngəzur dəhlizinin açılması da labüddür. Azərbaycan bu istiqamətdə əməli addımlar atmaqdadır. Ermənistanın buna qarşı çıxmaq limiti isə getdikcə tükənməkdədir. Putin bu məsələlərdə Azərbaycanın mövqeyini birmənalı dəstəkləyir."
Mehriban Xəlilli