Avropa İttifaqının Cənubi Qafqazdakı əsas tərəfdaşlarından biri Azərbaycandır
20 İyul 2021 10:13 SiyasətAvropa İttifaqı Şurasının prezidenti Şarl Mişel bu günlərdə Cənubi Qafqazda səfərdə oldu. Səfər çərçivəsində regionun hər 3 ölkəsində olan Şarl Mişel keçirdiyi görüşlərin nəticəsi olaraq maraqlı bəyanatlar, açıqlamalar verdi. Avropa İttifaqı Şurasının prezidentinin açıqlamalarında Azərbaycanla bağlı nüanslar diqqətçəkicidir. Düzdür, səfərin yekunları ilə bağlı fərqli və bir-birinə zidd fikirlər səslənsə də, lakin ortada olan ümumi mənzərə ondan ibarətdir ki. Avropa İttifaqı da Cənubi Qafqazda Azərbaycana strateji müttəfiq kimi baxır. Bu isə bir neçə amillə bağlıdır. Bir tərəfdən Azərbaycan Avropa İttifaqı qarşısında götürdüyü öhdəliklərə əməl edirsə, digər tərəfdən qoca qitənin enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Təbii ki, bu da Avropa İttifaqı tərəfindən müsbət dəyərləndirilir. Elə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da bu qənaətdədir. Şarl Mişelin Azərbaycan Prezidenti ilə görüşünə diqqət çəkən politoloq deyib ki, dövlət başçısı
Avropa İttifaqı Şurasının prezidenti ilə keçirdiyi mətbuat konfransında Avropa İttifaqının Cənubi Qafqazdakı əsas tərəfdaşlardan birinin Azərbaycan olduğunu bir daha xatırlatdı: "Birincisi, Azərbaycanın xarici ölkələrlə ticarətinin 40 faizi Avropa İttifaqı ilə aparılır. Avropa İttifaqına üzv dövlətlərdən 1700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir. Ermənistan bu rəqəmlərlə öyünə bilməz. İkincisi, Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb. Beləliklə, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir. Ayrıca, Bakı ilə Brüssel arasında yekun strateji saziş üzərində çalışmalar davam edir. Üçüncüsü, Azərbaycan Avropa İttifaqının qaz tədarükçülərindəndir. Cənub Qaz Dəhlizinin sonuncu - dördüncü seqmenti olan Trans-Adriatik kəməri artıq istismara verilib. Yanvarın 1-dən bu günədək Azərbaycandan Avropa İttifaqına üzv dövlətlərə, xüsusilə İtaliya, Yunanıstan və Bolqarıstana 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunub".
Politoloq deyib ki, Şarl Mişel cavab nitqində Ermənistanla müqayisədə Avropa İttifaqının Azərbaycana az maliyyə ayırmasını diplomatik cümlə ilə izah etməyə çalışdı: "Biz anlayırıq ki, Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq, əsasən, maliyyə dəstəyinə əsaslanan işbirliyi deyil". Yəni Şarl Mişel bununla demək istədi ki, Brüsseli Bakı ilə digər əməkdaşlıq telləri bağlayır. Şarl Mişelin Bakıda Qarabağın adını çəkmədən "Azərbaycan və Ermənistanla bağlı vəziyyət" haqqındakı fikirləri də diqqəti çəlb edirdi. İrəvanda "hərbi əsirlər" və "status" barədə danışan Şarl Mişel Bakıda İlham Əliyevə bu sözlərlə təşəkkür etdi: "Mən götürülmüş öhdəliklərə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Onlar atılan ilk addımlar oldu. Bu halda, bir tərəfdən mina xəritələrin olması və digər tərəfdən, mühüm məsələ hesab edilən məhbuslar məsələsidir. Birinci mərhələdə, bu, öz həllini tapdı. Ümid edirik ki, yaxın vaxtlarda qeyd edilən məsələ ilə bağlı digər mərhələlər də baş tutacaq".
Mərkəz rəhbərinin sözlərinə görə, Şarl Mişel "müəyyən həll variantlarına nail olmaq üçün qalan məsələləri də böyük təfərrüatla müzakirə etmək imkanımız oldu və həmin variantlar dayanıqlı olmalıdır" cümləsini işlətdikdən sonra Avropa İttifaqı müxtəlif məsələlər üzrə irəliləyişə nail olmaq üçün səyləri dəstəkləməyə hazır olduğunu vurğuladı: "Şarl Mişel sərhədlərin delimitasiyası məsələsində də biz Avropanın ekspert yardımını göstərməyə, hətta lazım olarsa və arzu edilərsə, Avropa monitorinqini etməyə hazır olduğunu bildirdi. "Mübahisə doğuran zonalara yaxın yerləşmiş silahlı qüvvələr məsələsi də var və hesab edirəm ki, bu, mövzu da müzakirə edilməlidir" cümləsi isə yumşaq şəkildə Ermənistan hakimiyyətinin narahatlığının Bakıda səsləndirilməsinə xidmət edirdi. Rəsmi Bakı sərhəd məsələsinin müəyyənləşmısində vasitəçilik təşəbbüslərinin əleyhinədir, bu ikitərəfli əsasda həll olunmalıdır. Çünki "vasitəçilik" təklifləri irəli sürənlərin tamamı Ermənistanın maraqlarını nəzərə almağa həvəslidirlər. Belə "vasitəçilər" bizə lazım deyil".
Süleyman