Rusiya Ermənistanın təxribatını stimullaşdırır
16 İyul 2021 12:17 SiyasətRafael Becanov: "Şuşanı azad edənlər Qərbi Zəngəzuru da Şərqi Zəngəzura birləşdirə bilər"
"Rusiyalı ekspertlər hesab edirlər ki, Ermənistanın Azərbaycana qarşı növbəti təxribatları, sülhə zərbə vurmaq cəhdləri Putinə qarşı yönəlib. Çünki Ermənistana cavabdeh Rusiyadır və 10 noyabr sazişində də Putinin imzası, təşəbbüsü Ermənistanı xilas edib. İndi törətdiyi əməllərlə Ermənistan hakimiyyəti Rusiyanın onlara nəzarət imkanlarını itirdiyini və sülhə töhfə verə bilmədiyini göstərməyə çalışır. Bununla da Putinin nüfuzuna xələl yetirilir. İlk baxışdan məntiqlidir. Amma altyapıda olanlar da budurmu? Yəni doğrudanmı Paşinyan və tərəfdarları o qədər güclənib ki, Putinə qarşı belə bir demarş başlatsınlar? Təbii ki, inandırıcı deyil. Həqiqətən belə olsaydı, Rusiya çoxdan Ermənistanın daxilindəki "kolonları"nı hərəkətə gətirər və Paşinyana yerini göstərərdi. Lakin Rusiyanın Ermənistandakı "kolonları" susur və hadisələrin gedişini izləyirlər". "Olaylar" xəbər verir ki, bunu deyən "Cümhuriyət" qəzetinin baş redaktoru Rafael Becanovun sözlərinə görə, Şuşanın, Kəlbəcərin və hətta Naxçıvanın atəşə tutulması regiondakı kövrək sülhün dayanıqlı olmaması anlamındadır və Rusiyanın gərəkli olmaq mesajının Ermənistanın əliylə görüntülənməsidir. Bu, genişmiqyaslı planın elementlərindən biridir və alt qatda Şuşa Bəyannaməsinə qarşı hesablanıb: "İstisna deyil ki, bütün bunlar Paşinyanın Rusiya səfərində də müzakirə edilib. Əsas məqsəd isə kövrək sülhü "yaralamaq" və Azərbaycanı təzyiq altında saxlamağa cəhddir. Konkret olaraq isə bu qarışıqlıq Ermənistandan çox Rusiyaya lazımdır. Çünki Rusiya Azərbaycanla Türkiyə arasındakı münasibətlərin dərinləşməsindən və Azərbaycanın ictimai seqmentində Türkiyə ordusunun hansısa formada Şuşada yerləşdirilməsi ilə bağlı fikirlərin tirajlanmasından çox narahatdır. Ona görə Ermənistanın təxribatını gözəgörünmədən stimullaşdırır".
Onun sözlərinə görə, Rusiyanın bu mövqeyi isə Paşinyana indiki durumda divident gətirir. Ona hakimiyyətini möhkəmlətmək və rəqiblərinin sıradan çıxarmaq üçün şans yaradır. Bu səbəbdən də Paşinyana indiki məqamda Rusiyanın əlinə oynamaq sərf edir. Rusiya isə Paşinyanın daxildə güclənməsi ilə nəticələn müvəqqəti üstünlüyünü böyük maraqları naminə hələlik qəbul edir. Çünki Rusiyaya indiki halda sülhməramlıların əvəzolunmaz obrazının yaradılması, Qərbin birmənalı olaraq bu "sülhyaratma" missiyasının gərəkliliyini qəbul etməsi lazımdır: "Azərbaycana qarşı təxribatlar və sülh prosesinin əngəllənməsində Rusiya ilə Paşinyanın maraqları hazırda uzlaşır. Biri öz hakimiyyətini möhkəmlədir, digəri isə əvəzedilməzliyini göstərməyə çalışır. Azərbaycan tərəfinə bu məsələ aydındır. Prezidentin Qərbi Zəngəzur, İrəvan Göyçə mesajları indi qarşı tərəfdə çaşqınlıq yaradıb. Şuşanı, Naxçıvanı hədəf götürənlər anladılar ki, sülh olmasa Azərbaycan tarixi ədaləti bərpa etmək üçün bütün imkanlarını səfərbər edəcək. Bu imkanlar isə diplomatik səylər və İKİNCİ DƏMİR YUMRUQdur. Belə olanda Ermənistanın özünü müdafiə etməsi üçün heç bir şansı qalmayacaq, Rusiya isə maraqları naminə yenidən geri çəkiləcək. Nəticədə isə Paşinyanın hakimiyyətinin, Ermənistanın dövlət olaraq sonu çatacaq. Ona görə də istər Paşinyan hökuməti, istər Ermənistan cəmiyyəti 10 noyabr bəyanatından irəli gələn və sülhə töhfə verəcək addımları gecikmədən gerçəkləşirməyə çalışmalıdır. Əks təqdirdə yeni tarix ikinci dəfə təkrar oluna, Şuşanı azad edənlər Qərbi Zəngəzuru da Şərqi Zəngəzura birləşdirə bilər".