3 səfir Şuşaya getməkdən nə üçün imtina etdi?
Azərbaycan hökumətinin iyulun 9-10-da Fizuli və Şuşaya təşkil etdiyi səfərdə ölkədə təmsil olunan diplomatik nümayəndəliklərin ABŞ, Rusiya və Fransadan başqa hamısı təmsil olundu və onlar növbəti dəfə Erməni vandalizminin əyani şahidi olmaqla yanaşı, Azərbaycanın işğaldan azad etdiyi ərazilərin iqtisadiyyatımıza inteqrasiya olunması istiqamətində gördqüyü nəhəng tədbirlərin səviyyəsini də gördülər. Maraqlıdır, həmsədr ölkələri təmsil edən səfrilər niyə Şuşaya səfərdən imtina etdilər?
15 İyul 2021 13:52 SiyasətAzərbaycan hökumətinin iyulun 9-10-da Fizuli və Şuşaya təşkil etdiyi səfərdə ölkədə təmsil olunan diplomatik nümayəndəliklərin ABŞ, Rusiya və Fransadan başqa hamısı təmsil olundu və onlar növbəti dəfə Erməni vandalizminin əyani şahidi olmaqla yanaşı, Azərbaycanın işğaldan azad etdiyi ərazilərin iqtisadiyyatımıza inteqrasiya olunması istiqamətində gördqüyü nəhəng tədbirlərin səviyyəsini də gördülər. Maraqlıdır, həmsədr ölkələri təmsil edən səfrilər niyə Şuşaya səfərdən imtina etdilər?
Politoloq Əlimusa İbrahimov qeyd edib ki, üç səfirlik dəvəti qəbul etmələrinə baxmayaraq bu səfərdə iştirak etməkdən imtina etdilər. Onlar səfərə getməmələrini əsaslandıran bəyanatla hələ çıxış etməyiblər: "Heç şübhəsiz, üçlük imtinalarının səbəbini Minsk Qrupunun həmsədrləri olmaları, Dağlıq Qarabağın statusunun "tam həll olmaması" kimi cəfəngiyyatla əsaslandıracaqlar. Bəlkə Amerika, Rusiya və Fransa məqsədyönlü şəkildə Azərbaycanı Minsk Qrupundan imtina etməyə təhrik edirlər? Həqiqətənmi Minsk Qrupunun mövcudluğu bu həmsədrlərə Qarabağda Ermənilər tərəfindən törədilən vəhşilikləri görməyə imkan vermir? Yaxud Azərbaycanın öz əzəli torpaqlarını yenidən həyata qaytarması istiqamətində qardaş Türkiyə və digər dost ölkələrlə birlikdə atdığı addımlardan yaranan qısqanclıq onların gözlərinə bağlayır? İstənilən halda düşünürəm ki, Minsk qrupu həmsədri hesab olunan dövlətlərin Şuşaya səfərdən imtina etməsini əsaslandıracaqları səbəblər gözdən pərdə asmaqdan başqa bir şey deyil. Onlar ən azından Fizuliyə qədər gedər, Şuşaya getməzdilər və gətirdikləri səbəb bir qədər ciddi görünərdi".
Politoloq hesab edir ki, Azərbaycan hökumətinin dəvəti ilə təşkil olunan səfərdən imtina etmək mövcud olduğu ölkəyə hörmətsizlikdən başqa bir şey deyil və bu onların təmsil etdikləri ölkələrin diqqətinə çatdırılmalıdır: "Düşünürəm ki, bu səfirlər işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma layihələrində aldıqları paydan narazıdırlar. Bu narazılıq müxtəlif formalarda hələ bundan sonra da özünü büruzə verəcək. Onların bu hərəkəti Azərbaycan dövlətinə dost və düşməni müəyyən etməkdə yaxından kömək edəcək və beynəlxalq aləmdə mövqeyimizi daha da gücləndirəcək. Şuşaya səfərdən imtinaya görə Minsk Qrupuna daxil olan ölkələrin ictimai qınağa məruz qoyulmasına məntiqli yanaşıram. Azərbaycandakı mövcud KİV-lər bu barədə geniş analitik yazılarla çıxış etməli və onları sülh prosesinə mane olan qüvvələr kimi qiymətləndirməlidirlər. Amma onların təcrid olunması istənilən nticəni verməyə və antiazərbaycan ritorikasının daha da güclənməsinə səbəb ola bilər. Əksinə onlar tədbirlərə dəvət olunmalı və bu toplantılarda ictimaiyyət nümayəndələri tərəfindən qınağa məruz qalmalıdırlar. Diplomatik izolyasiya bu üç dövlətlə Azərbaycan arasında münasibətlərin kəskinləşməsinə səbəb ola bilər ki, indiki halda bu bizim üçün arzuolunmazdır. Azərbaycanın ATƏT-in Minsk Qrupunun fəaliyyətindən imtina etməsi bu gün artıq gündəlikdə uzaq olan məsələdir. Bu qurumun mövcudluğu getdikcə daha formal hal alır. Minsk Qrupu öz finalına yaxınlaşması artıq hamı tərəfindən qəbul olunur . Azərbaycan-Ermənistan-Türkiyə arasında münasibətlər yarandıqca bu təşkilat daha da zəifləyəcək. Heç şübhəsiz, yaxın bir neçə ilə əhəmiyyətini itirməsini dərk edən qrup siyasi səhnədən uzaqlaşacağı haqqında qərar özü qəbul edəcək. Azərbaycan isə hadisələri bu istiqamətdə sürətləndirərək Minsk Qrupundan çıxmaqla qınaq obyektinə çevrilə bilər. Biz Minsk Qrupunun daha zidd mövqe tutduğu zamanlarda ondan imtina etmədiksə, indi də buna lüzum görmürəm. Qlobal və regional hadisələrin indiki inkişafı Azərbaycanın beynəlxalq münasibətlərdə seçdiyi xəttin ən əlverişli xətt olduğunu sübut edir. Nəyin nə zaman həyata keçiriləcəyini hakimiyyətdə təmsil olunan qüvvələrimiz və hörmətli cənab Prezidentimiz İlham Əliyev daha yaxşı bilir".
Zəka