Azərbaycanın Qarabağla bağlı "B planı"

Son günlər Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması halları müşahidə olunur

Son günlər Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması halları müşahidə olunur. Məsələ orasındadır ki, koputiliyasiya aktına imza atan Ermənistan üzərinə götürdüyü öhdəliklərin icrasından boyun qaçırmaq yolu tutub. Özü də atəşkəsin pozulması əraziyə nəzarət edən Rusiya sülhməramlıların gözqü qarşısında baş verir. Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya səfərindən sonra Azərbaycan tərəfinin atəşə tutulması halları daha da intensivləşib. Konkret olaraq iyulun 15-i gecə saatlarında Azərbaycan Ordusunun Şuşa şəhəri ətrafındakı mövqeləri atıcı silahlardan atəşə tutulub. Atəş, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılıb. Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb. Rəsmi məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur. Maraqlıdır, Ermənistan tərəfindən sükutun pozulmasının arxasında hansı məkirli niyyət dayanır?

Millət vəkili Fazil Mustafa deyib ki, düşmən ölkə ilə bağlı iki fakta xüsusi diqqət yetirməmiz lazımdır: "Birincisi, Ermənistanın baş naziri Paşinyan vurğulayıb ki, gündəmimizdəki ən başlıca məsələ Qarabağın statusudur. Demək ki, nəyəsə ümid edirlər və hazırlıq görürlər. İkincisi isə, Avropa  Birliyi ötən Cümə günü önümüzdəki 5 ildə Ermənistana  2,6 mld. avro (3,1 mld. dollar)  yardım və yatırım sözü verib. Bunu AB Qonşuluq və Genişlənməyə məsul komissiya üzvü Varheyl ilə erməni liderlərinin görüşündə səsləndiriblər. AB hansısa formada Ermənistanın dirçəldilməsi üçün səylər göstərir, diplomatiyamız bu istiqamətdə də tədbirlərini görməlidir".

Politoloq Zaur Məmmədov isə qeyd edib ki, Fransanın Ermənistandakı səfiri və Ermənistanın Baş nazirinin müavini eyni gündə eyni fikri fərqli auditoriyalarda dedilər: hər ikisi Qarabağın statusu həll edilmədən münasibətlərin normallaşmasının mümkün olmayacağını bildirdilər.Yeri gəlmişkən,  yaxın vaxtlarda Makronun İrəvana rəsmi səfəri baş tutacaq: "Avropa İttifaqının iki əsas dövlətindən olan Fransanın siyasətçiləri ciddi şəkildə ayağa dolaşmağa başlayırlar. İstisna deyil ki, ən son həddə, Paris Daqlıq Qarabağın müstəqilliyini tanıya da bilər.  Unutmamalıyıq kı, bizim üçün ən arzuolunmaz ssenari Fransa və Rusiyanın Qarabağ məsələsində mümkün "razılaşması" ola bilər. Fransadakı müxtəlif internet resurslarına istinad etsək, Makron və Putin arasında Qarabağla bağlı gizli "yol xəritəsi" var. Hələlik, Moskva bu yol xəritəsinin açıqlanmasına yaşıl işıq yandırmayıb. Çox güman kı, Bakı ilə müxtəlif məsələlər ətrafında dialoq davam edir". Onun bildirdiyinə görə, hər bir halda, rəsmi Bakı da "B planına" hazırdır. Bu gün Prezidentin Zəngəzur, Göyçə və İrəvan - tarixi Azərbaycan torpaqlarıdır" deməsi təsadüfi deyil: "Hesab edirəm ki,  Qarabağ məsələsində əldə edilmiş razılıqların pozulduğu anda, biz tarixi Azərbaycan torpaqlarımızı Azərbaycana qaytarma kontekstində bəyan edəcəyik. Əgər Ermənistan, Rusiya və Fransa Qarabağla bağlı Azərbaycana pressinq edərlərsə,əgər Ermənistan Qarabağa iddiasından əl çəkməyəcəksə, Azərbaycan indiki Ermənistan Respublikasının ərazisində olan torpaqlarımıza iddianı ortaya qoyacaq. İlkin mərhələdə, Naxçıvan ilə Azərbaycanın əsas hissəsi arasındakı Zəngəzurun vahid şəkildə birləşdirilməsi  ola bilər. Bugünkü çıxışda da, Zəngəzur Göyçədən daha dərin qabardıldı. Ermənistan demarkasiya məsələsinə də hələ də razılığını vermir. Belə olan təqdirdə,  ordumuz SSR Müdafiə nazirliyinin xəritələrinə istinad edərək müxtəlif istiqamətlərdən bir qədər də Ermənistana doğru irəliləyə bilər. Ermənistan unutmasın kı, Putinin Ukrayna ilə bağlı dediyi fikir Bakı tərəfindən Qafqazda qabardılarsa, o zaman SSR -yə daxil olarkən bizdə olan 114 min kvadrat ərazimizin qaytarılması məsələsini qaldıra bilərik. Ararat Respublikasının ərazisi 9 min kvadrat idi. SSR  süqut etdikdən sonra Ermənistan Respublilasının ərazisi 29 min kvadrat olmuşdur. Əgər Putinin dedikləri Ermənistana tətbiq edilərsə o zaman 20 min kvadrat km Sovetlərin qurulmasına qədər kimdə idi, ona da verilməlidir. Uzun sözün qısası, əgər Ermənistan və havadarları Azərbaycan ordusuna qarşı silahlarla təxribatları davam etdirərlərsə, əgər Qarabağın statusu məsələsində qırmızı xətti keçərlərsə, biz B planını işə salacayıq".

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31