Putinlə Baydenin görüş yerini seçmək mümkün olacaqmı?
16 Aprel 2021 10:59 SiyasətAmerika Birləşmiş Ştatları Prezidenti Co Baydenin Rusiya Federasiyası başçısına görüşmək təklifi gözlənilməz oldu desək, heç də mübaliğə etmərik. Cəmi bir neçə həftə bundan əvvəl "qatil" adlandırdığı şəxslə üzbə- üz oturub beynəlxalq aləmdə baş verən mühüm hadisələri müzakirə etməyə məhz Amerika prezidenti cürət edə bilərdi. Politoloq Əlimusa İbrahimov qeyd edib ki, Baydenin təklifi Amerikalıları dünyanın digər siyasi dairələrindən daha çox təəccübləndirub. Məlum olur ki, ABŞ-ın yeni seçilmiş prezidentinin çıxışları təkcə qarşı tərəf üçün deyil, Amerika prezidenti administrasiyası üçün də sürprizlərlə dolu olur. Bayden Amerikanın xarici siyasətini ayaq üstə, heç kimlə məsləhətləşmədən, özü bildiyi kimi həyata keçirir. Bu da siyasətdə Bayden effekti , yaxud həddən artıq yetişməyin kənar təsiridir: "Görüşlə əlaqədar aydınlaşdırılmalı çoxlu məsələlər var. Amma əsas problem vaxtın və yerin müəyyənləşdirilməsidir. Bayden dünya ictimaiyyəti qarşısında nüfuzunu itirməmək üçün çox qısa zamanda görüşün keçirilməsinə çalışır. Yaxud, görüş öncəsi Rusiyanın qarşısına elə məsələlər qoyur ki, Prezident Putin və Rusiya yaranan şəraitdə görüşün keçirilməsindən imtina etsin. Putinin görüşdən imtina etməsi ona görə zəruridir ki, məhz bu halda Bayden Amerika Prezidenti kimi imicini qoruya biləcək. Amma Putin təklif olunan görüşdən imtina edən centlmenlərə oxşamır, 80 yaşlı qoca ilə olsa belə. Bu görüşün baş tutması Putin üçün çox böyük əhəmiyyət kəsb edir və o ilk dəfə haqqında deyilən xoşəgəlməz ifadələrin cavabını üzbəüz vermək imkanına malik olacaq. Məlum olduğu kimi Putin - Tramp qarşıdurması birincinin böyük üstünlüyü ilə başa çatdı. Amma bu ən azı bir prezidentlik müddətində baş verdi. Co Bayden isə Putin qarşısında hakimiyyətdə olduğu ilk ildə duruş gətirə bilməyəcək. Amerika xarici siyasət idarəsini narahat edən də elə məhz budur".
Onun bildirdiyinə görə, Putin - Bayden görüşməsinin qalibi indidən təsəvvür olunur. Rusiyanın hazırki prezident hələ çox Amerika prezidentlərini yola salacaq. Bunun üçün Rusiyada hüquqi baza da artıq hazırdır. Bircə qalıb Amerikanın onlar üçün acı olan bu həqiqəti şüurlu surətdə qəbul etmək: "Baydenin nəzərdə tutulan görüşdə özünü apara bilməsi indi amerika siyasətçilərini narahat edir. Hətta təklif ediblər ki, nüvə çemodanı bir müddət ondan uzaq saxlanılsın. Amerika Birləşmiş Ştatları Dövlət katibi Entoni Blinkenin sözlərinə görə iki prezident arasında görüş "qarşıda gələn həftə" keçirilə bilər. Ağ Evin mətbuat katibi Cen Psaki isə nəzərdə tutulan görüşün vaxtının "yaxın aylarda" söz birləşməsi ilə ifadə edib. Deməli, Entoni Blinken görüşün ən qısa zamanda və ümumiyyətlə keçirilməsinin tərəfdarıdırsa, Cen Psaki isə görüşün daha uzağa atılmasını istəyir. İndiki şəraitdə müddət uzandıqca görüşün baş tutacağı ehtimalı da azalır. Dolayısı yolla adminstrasiyada bir qrup Baydenin təsadüfən ağzından qaçırdığı bu görüşün keçirilməsində ümumiyyətlə maraqlı deyil. Bu qrupun Ameriak-Rusiya münasibətlərinin normallaşmasını istəyən, yaxud qarşıdurmada maraqlı olan qüvvələrin olması yaxın günlərdə müəyyənləşəcək".
Ə.İbrahimov bildirib ki, görüşün qarşıdakı həftə, yaxud gələn aylar içində keçiriləcəyi haqqında dəqiq məlumat olmadığı kimi onun keçiriləcəyi yer haqqında da heç kim heç nə bilmir. Təkcə o məlumdur ki, Bayden görüşün neytral ölkələrin birində keçirilməsini təklif edib. Rusiya Prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov da görüşün " Avropa ölkələrindən birində" keçirilə biləcəyinə eyham vurub: "Avstriya, Finlandiya, Çexiya iki Prezidentin görüşünə ev sahibi etməyə hazır olduqlarını bildiriblər. Avstriyanın Xarici İşlər Nazirliyində yüksək səviyyəli görüşlərin keçirilməsinə həmişə hazır olduqlarını diqqətə çatdırıblar. Finlandiya prezident aparatı da öz xidmətini təklif edib.2018-ci ilin iyulunda Trampla Putin arasında görüş də elə məhz Helsinkidə keçirilmişdi. O zaman iki ölkə lideri 4 saat söhbət etmiş və heç bir müqavilə imzalamasalar da keçirdikləri görüşdən razı qalmışdılar.Görüşün keçirilməsi üçün namizədliyini irəli sürən 3-cü ölkə Çexiyadır. Bu ölkənin vitse-prezidenti Yan Qamaçek Moskva və Vaşinqtona bu barədə öz təkliflərini irəli sürəcəkləri haqda məlumat verib. Praqa Rusiya-Amerika görüşlərinin keçirilməsi sahəsində yetərli təcrübəyə malikdir. 2010-cu ildə burada Barak Obama ilə Dmitri Medvedyev arasında görüş keçirilib. Strateji Hücum Silahlarının məhdudlaşdırılması tədbirləri haqqında Bayden və Putinin bu il müddətini uzatdıqları müqavilə (CHB-III) məhz burada imzalanıb.Avropa ölkələrinin görüş yeri təklif etməkdə bir-biri ilə yarışa girmələri başa düşüləndir. Onlar Rusiya-Amerika qarşıdurmasından ən çox əziyyət çəkən ölkələrdir və bu qarşıdurmanın bir an tez sona çatmasını istəyirlər. Amerikanın Rusiyaya tətbiq etdiyi sanksiyalardan ilk növbədə Rusiya əziyyət çəkirsə , ikinci yerdə Avropa ölkələri gəlir. Görüş təklifini müsbət qarşılayan və dərhal bu imkanı dəyərləndirən Rusiyanın mövqeyi onu deməyə əsas verir ki, bu ölkə də danışıqların keçirilməsinin tərəfdarıdır.Amerikaya gəldikdə isə onlar hələ Baydenin bu təklifinin hardan gəldiyini və onun hansı ölkənin mənafeyinə xidmət edəcəyini müəyyənləşdirməklə məşğuldurlar".
Alim
Olaylar.az