Türk birliyi, bəşəri prinsiplər, əxlaqi dəyərlərə söykənən əməkdaşlıq

Ötən əsrin 70-80-ci illərində türkdilli ölkələrin  nə zamansa  müstəqil olacaqlarını heç kim ağlına gətirmirdi. Hətta müstəqillik ideyasını kimsə ciddi qəbul edə bilməzdi. Tarixin gedişi göstərir ki, dünyada çox fərqli bir proses yaşanır. Bu gün isə  geosiyasi  proseslərin davamı olaraq, tarixi gerçəyin yaratdığı şəraitin diktəsilə türkdilli ölkələr arasında əməkdaşlıq xeyli dərinləşib. Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli bildirib ki, Türk dünyası arasında formalaşan mənəvi vəhdətin dərinləşməsini özündə ehtiva edən vacib faktor  bəşəri, genetik prinsiplər və əxlaqi dəyərlərə söykənən əməkdaşlıqdır. Yəni burada böyük qardaş axtarışı yoxdur. Gəl,  mənim yanımda, mənim ətrafımda birləş anlayışı  mümkünsüzdür. Türk birliyində ən önəmli məqamlarlardan biri odur ki,  dünyada gedən proseslər dərindən təhlil olunaraq  türkdilli  ölkələr arasında qarşılıqlı iqtisadi, siyasi, mədəni əməkdaşlığın dərinləşməsi əsas hədəflər sırasındadır: "Bu gün Türkiyənin və Azərbaycanın  regionda, dünyada rolu, əsas strateji hədəfləri ümumilikdə bu birliyə mühüm töhfədir. Bu müsbət tendensiya  Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələr, türkdilli xalqlar da daxil olmaqla bütün dünyada yaşayan və sayı təxminən 300 milyona çatan türklərin birlikdə hərəkət etməsini  özündə ehtiva edir. Türkdilli dövlətlərin başçılarının zirvə görüşlərinin keçirilməsi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) yaradılması, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) formalaşması, Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) təsis edilməsi, Türk Akademiyası, Türk Mədəniyyət və Miras Fondu,  Türk Biznes Şurası kimi bənzər və ya bağlı təşkilatlar əməkdaşlığa əhəmiyyətli dərəcədə müsbət təsir etməkdədir".

Onun sözlərinə görə, çox müsbət haldır ki, bu resurslar, ümumilkdə türk birliyi  hər hansı bir dövlətə xristian topluma qarşı çevrilmir. Əksinə çox modern əməkdaşlıq hamıya açıqdır. Mövcud təcrübədən, strateji layihələrdən digər qeyri türkdilli ölkələrin də faydalanması labüddür: "Türkdilli dövlətlər arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində mühüm işlərin həyata keçirildiyini görürük. Bu  ölkələrlə əməkdaşlığın inkişafı məqsədilə yol xəritəsinin hazırlanması,  media qurumları arasında iş birliyinin genişlənməsi və digər işlər  inanırıq ki,  zaman keçdikcə effektiv nəticələrini verəcək. Türkdilli ölkələr arasında belə əməkdaşlıq kəskin dini, siyasi qütbləşmənin,  millətçi  əhval-ruhiyyənin yaratdığı  şüarlardan yaranan birlik modeli deyil. Bu daha çox dünyanın yeni çağrışlarına  adekvat cavab verən, çox  strateji məqamları özündə ehtiva edən sivil əməkdaşlıq modelidir. Belə pozitiv  əlaqələrin yüksəlməsindən bir çox ölkələrin, o cümlədən Azərbaycanın faydalanacağı şübhəsizdir. Postmüharibə dövründə  dünyada və ümumilikdə türk coğrafiyasında informasiya savaşında Azərbaycana dəstək olmaq üçün tükdilli xalqların media resurslarının həmrəylik nümayiş etdirməsi  zəruridir. Media platformasi istiqamətində birgə əməkdaşlıq  erməni saxtakarlığının ifşasında vacib addımdır. Artıq Türkiyə  mediasında bu müsbət tendensiyalar mövcuddur.  Bu gün müharibə bitsə də  informasiya cəbhəsində döyüş daha kəskin və fərqli formada davam etməkdədir.  Məhz belə məqamda türkdilli ölkələrin media resurslarından faydalanıb əsl həqiqəti çatdırmaq üçün yeni imkanlar yaranır. Bütün bu  proseslərin davamı olaraq  peşəkar səviyyədə informasiya müharibəsini  əcnəbi tərəfdaşlarımızla davam etdirməliyik. Zamanın yeni çağrışlarına uyğun olaraq  kampaniyaçılıqdan, unutqanlıqdan qurtulmalıyıq. Bu baxımdan türkdilli  jurnalistlərin intellektual potensialından faydalanmaq əhəmiyyətlidir".

Daha bir vacib məqama toxunan ctimai Birlik sədri qeyd edib ki, vaxtılə bizim yatmış hesab etdiyimiz Mərkəzi Asiya Respublikalarında artıq oyanış hiss olunmaqdadır: "Bu, bizi gerçəkdən sevindirir. Həmin dövlətlər dünyanın iqtisadi sisteminə inteqrasiyada Azərbaycan üzərindən keçən tranzit layihələrə önəm verərək türkdilli ölkələrin birliyinə daha da yaxınlaşırlar. Bu iqtisadi əlaqələr digər sferalarda əməkdaşlığı  dərinləşdirir. Nəhayət Rusiya ərazisində yaşayan etnik türkləri, kifayət qədər əhatə dairəsi olan həmin türklərin yaşadıqları Muxtar Respublikaları yaddan çıxarmaq olmaz. Türk birliyi bəşəri prinsiplərə, əxlaqi dəyərlərə söykənən əməkdaşlıq modelidir. Ona görə,  bu əməkdaşlığa bütün türkdilli xalqların cəlb olunması normaldır".

Nurlan    

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31