44 günlük Vətən müharibəsindən pöhrələnən Şərq çinarı- Alim Hüseynlinin Qubadlı-Cəbrayıl təəssüratları
15 Aprel 2021 10:59 Siyasət20 illik jurnalistik fəaliyyətim dövründə təcavüzkar Ermənistan tərəfindən Dağlıq Qarabağ və ətraf yeddi rayonun işğalı barədə çoxsaylı məqalələr yazmışam. Adını "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi" qoyub işğala şərait yaradan dövlətlərin regionda maraqları, dünyanın güc mərkəzlərinin hadisəyə etinasız yanaşması, beynəlxalq təşkilatların işğal faktını danması barədə analitik və siyasi yanaşmalarımı ortaya qoymuşam. Ürək ağrısı ilə qələmə aldığım hər yazının sonunda beynəlxalq ictimaiyyətin nə vaxtsa həqiqəti etiraf edərək işğal faktına son deyəcəyinə, Azərbaycanın haqq səsinə səs verilərək ədalətli qərar qəbul ediləcəyinə inamımı itirsəm də, ümidimi bir olan Allaha və rəşadətli Azərbaycan Ordusuna bağlamışam. Bu ümid nə qədər nazilsə də qırılmayıb, tükənməyib, əksinə işğal altında olan torpaqlarımızın yaxın bir zamanda geri qaytarılacağına əminlik yaradıb. Nəhayət 44 günlük Vətən maharibəsində müzəffər Azərbaycan Ordusunun rəşadəti, Ali Baş Komandanın qətiyyətli siyasəti bizə illərlə arzuladığımız qələbə sevincini yaşatdı. O qələbə sevincini ki, 30 illik bir dövr ərzində yurd həsrəti, Vətən niskili ürəyimizə hakim olmuşdu.

Tarixdə çoxsaylı insan qırğınına səbəb olan müharibələr, işğal faktları, təcavüzkar siyasətin qurbanları olub. Ancaq bütün hallarda bu müharibələrin də bir qayda-qanunları olub ki, həmin yazılmamış qanunlar işğalçıların ürəyində mərhəmət hissi oyadıb. Nəticədə əksər müharibələrdə dinc mülki əhaliyə toxunulmayıb, uşaq və qocalar əfv edilib. Hətta soyqırıma məruz qalan xalqların belə dini, tarixi, mədəni abidələri yerlə-yeksan edilməyib. Təkcə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktlarından başqa. Əsrin əvvəlində də belə olub, sonunda da. Təkcə azərbaycanlı olduğuna görə soyqırıma məruz qalan xalqımızın dini, tarixi, mədəni abidələri erməni faşistləri tərəfindən yer üzündən silinib. Bu bir həqiqətdir ki, tarixən qonşu dövlətlərin ərazisinə göz dikən erməni xalqının əsassız iddiaları Azərbaycana qarşı münasibətdə vandalizm aktları ilə müşayiət olunub. Elə işğaldan azad olunmuş ərazilərimizdə yaranan dəhşətli mənzərə dediklərimizi bir daha sübut edir.
.jpg)
Bu dəfə yolumuz 28 il erməni işğalı altında qalan Qubadlı rayonunadır. Yaddaşımız təzələyək ki, 1933-cü ildə yaradılan Qubadlı rayonunda 1 şəhər (Qubadlı) 93 kənd olub, sahəsi 802 kv/km, əhalisi 38,1 min (01.01.2010) nəfər təşkil edib. Bərgüşad çayının hər iki sahilini ağuşuna alan Qubadlı rayonu 1993-cü il avqustun 31-də Erməmistan ordu hissələrinin genişmiqyaslı hücumu nəticəsində işğal edilib. Qubadlı şəhəri və rayonun 93 kəndi erməni qüvvələrinin nəzarətinə keçib, rayonun 31 mindən çox əhalisi yurd-yuvasından didərgin düşüb. Tarixdə isə Qubadlı dəfələrlə Erməni işğalçı qüvvələrinin hücumlarına məruz qalıb. Belə ki, 1915, 1918 və 1920-ci illərdə bütövlükdə Zəngəzurla birlikdə Qubadlının kəndləri yandırılıb, dinc əhaliyə divan tutulub. 1988-ci ildən başlayaraq Ermənistanla (120 km) və Dağlıq Qarabağla (45 km) sərhəddə yerləşən Qubadlı rayonuna hər iki tərəfdən təcavüzkar hücumlar başlanıb, dinc əhaliyə qarşı terror törədilməsi sistemli şəkildə davam etdirilib. 1993-cü il avqust ayının sonunadək davam edən 5 illik müharibə zamanı Qubadlı rayonundan 238 nəfər şəhid olub. Onlardan 9 nəfəri ölümündən sonra Azərbaycan Respublikasının Milli Qərrəmanı adına layiq görülüb. Laçın, Ağdam, Füzuli, Cəbrayıl rayonları işğal olunduqdan sonra faktiki yarımmühasirə vəziyyətinə düşən Qubadlı rayonu 1993-cü il avqust ayının 30-31-də erməni təcavüzkarı qüvvələrinin işğalına məruz qalıb. Erməni işğalı nəticəsində 30 min nəfərdən artıq Qubadlı sakini yurd-yuvalarından didərgin düşü, respublikanın 2 şəhər və rayonunda məcburi köçkün kimi məskunlaşıb.
Rayonun 1,2 milyard ABŞ dollar dəyərində şəxsi və ictimai mülküyyəti erməni işğalçıları tərəfindən talan və məhv edilib. Ermənilər Qubadlıda 205 mədəni-məişət obyektini, 12 tarixi abidəni yandırıb və talan ediblər. İşğala qədər 33 800 əhalisi olan Qubadlıda 21 orta, 15 səkkizillik, 15 ibtidai məktəb, 7 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərib, bu təlim-tərbiyə və təhsil müəssisələrində 1280 nəfər müəllim çalışıb. Rayonda 111 mədəni-maarif müəssisəsi, o cümlədən 60 kitabxana, 10 mədəniyyət evi və 28 klub, 6 avtoklub olub. Ermənilər 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyini də talan ediblər. 4-cü əsrə aid "Gavur dərəsi"ndəki ibadətgah, 5-ci əsrə aid "Qalalı" və "Göyqala" abidələri, 14-cü əsrdə tikilmiş "Dəmirçilər" Türbəsi, Hacı Bədəl körpüsü, Laləzar körpüsü, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı kəndlərindəki digər tarixi abidələr 30 il işğal altında saxlanıb. Təkcə işğal altında saxlanmayıb, həm də talan edilib, viran qoyulub Qubadlı rayonu. Daşı daş üstə qalmayan Qubadlı rayonu da daxil olmaqla 94 kənd yerlə-yeksan edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Qarabağa təşkil olunan mediatur zamanı ilk dayanacağımız Cəbrayıl rayonunun... kəndi oldu.
44 günlük Vətən müharibəsindəki qələbənin dönüş nöqtəsi olan Lələtəpə ətrafında Qarabağda bizi gözləyən hava şəraiti barədə məlumat verən Milli Hidrometeorologiya Xidmətinin rəisi Umara Tağıyeva bildirdi ki, bəzi ərazilərdə yağış yağacaq, ehtiyatı əldən verməyin.

Rəsmi məlumatdan sonra Allaha dua etdik ki, "Ya Allah, özün möcüzə göstər, yağış yağmasın, illərlə həsrətində olduğumuz Qarabağımızın təbiətini rahat şəkildə seyr edə, təmiz havasını sinəmizə çəkə bilək". Deyim ki, Uca yaradan da bu xoşsifət, xoş xasiyyətli, nuranə xanımın duasını qəbul etdi və səfərin sonuna qədər yağış olmadı. Deyəsən, Umara xanım Tanrının mərhəmətindən məmnun olmuşdu, bunu onun sifətindəki gizli təbəssümdən də hiss etmək olurdu.
Təhlükəsizlik tədbirlərinə cavabdeh olan ANAMA təmsilçisi Azər Hüseynov müəyyən olunmuş hərəkət zolağından kənara çıxmağa qadağa qoyaraq işğaldan azad olunmuş torpaqlarımızın hər metrini, hər qarışını qucaqlayıb öpmək arzumuzu "ürəyimizdə qoydu". Çünki, ətraf ərazi başdan-başa insan qanına susamış mənfur ermənilər tərəfindən minalanmışdı. Qarşıdakı təpənin o üzündən Xudafərin su anbarını rahat şəkildə sezmək mümkün olduğundan hamı tələsir. Telekanalların canlı efir vaxtı olduğundan isə gözləmək məcburiyyətindəyik. Nazirliyin ən məhsuldar, enerjili, yüksək təşkilatçılıq qabiliyyətinə malik mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın Xudafərin su anbarını tezliklə seyr etmək istəyi onun həmin yolu piyada qət etmək həvəsini reallaşdırır. Beləliklə, İradə xanım bir neçə kilometr yolu piyada gedərək su qovuşanla üzbəüz dayanır. Düzü, o anda İradə xanımın qəlbindən keçən sözləri, ürəyində özü və Allahı ilə nə danışdığını anlamasam da, sifət cizgilərindəki qürur hissini duya bildim.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyevin isə Qarabağa səfəri toy-bayram görüntüsü yaradırdı. Az qala qol açaraq oynamaq həvəsində olan nazir müavini ardıcıl olaraq rəsmi məlumatlar verir, erməni vandalları tərəfindən Qarabağda törədilmiş ekoloji terrordan təəssüflənir, talan edilmiş flora və faunaları sadalayaraq köks ötürür: "Bəlkə də ermənilər işğal altında saxladıqları bu əraziləri 30 il ərzində 30 dəfə yandırıblar. Məqsəd Azərbaycana məxsus olan ərazilərdə meşələri, nadir təbiət abidələrini, flora və faunanı məhv etmək olub". Ətrafa təbiətin bəxş etdiyi gözəllikləri, yaşıl rəngə boyanmış yamacları, düzənlikləri gördükcə insanın qəlbindən bir hiss keçir: "Narahat olmayın, Firdovsi müəllim, ermənilərin bütün cəhdi boşa çıxıb. Yandırılmış Araz boyu ərazilər yenidən dirçəlib, sahibinə yiyələnib. Yəqin ki, bundan sonra öz sahibinin təbiətə qarşı mərhəməti nəticəsində laləzarlığa çevriləcək".
Beləliklə "Dağıdılmaz Ohanyan" səddini aşaraq "Zəfər Yolu" boyu üz tuturuq Cəbrayıl rayonuna. Yol boyu daşı daş üstə qalmayan kəndlərimiz, dağıdılmış, viran qoyulmuş evlər, yandırılmış ərazilər, qırılmış ağac kötükləri müşayət edir bizi. Ucu-bucağı görünməyən düzənlikləri seyr etdikcə iki təzadlı fikir keçir insanın beynindən: "Necə olub ki, Tanrının təbiətə bəxş etdiyi bütün gözəlliklərini özündə cəmləşdirən Qarabağımız ermənilərin əlinə keçib, axı biz Vətənimizin bu qədər gözəl parçasını necə olub ki, otuz il ermənilərə etibar etmişik? Qarşılıqlı fikir isə ondan ibarətdir ki, müzəffər Azərbaycan Ordusu hansı şəraitdə, hansı qəhrəmanlıqla bu ərazilərdə ermənilərin belini qırmağa müvəffəq oldu, igid oğullarımız bu ərazilərin hər qarışı, hər addımı uğrunda canlarını fəda etdilər. Daha doğrusu, nə yaxşı ki, rəşadətli Ordumuz bu xoşbəxtliyi bizə bəxş edərək gələcək nəsil üçün stimul yaratdı. Əslində, bu təzadlı fikirlər nəticə etibarilə millətimiz, xalqımız üçün bir dərs olmalı, torpaqlarımızı yağıdan qorumaq kimi müqəddəs borcumuza sadiq olmalıyıq.

Həmkarlarımla elə bu fikir ətrafında müzakirəyə yekun vuraraq Cəbrayıl rayonunun Böyük Mərcanlı və Əmirvarlı kəndlərində məhv edilmiş yaşıllıq sahələrinə baxış keçirdik. Yaşı 800 ildən artıq olan, mədəni tarix abidəsi kimi qeydə alınan Şərq çinarının hazırki vəziyyəti insanı dəhşətə gətirir. Erməni vandalları qarşılarına bu ağacı yer üzündən silmək məqsədi qoyduqlarından tarixi abidənin kökünü yandırıblar. Lakin qədim və əzəmətli Şərq çinarı ermənilərin bu vəhşiliyinə tab gətirərək yaşamasını, varlığını əldən verməyib. Qoca çinarının qaməti sınsa da məhv olmayıb, yan tərəflərdən pöhrələnərək yeni həyata qayıdıb.

Səfərimizin davamı olaraq Bərgüşad və Həkəri çaylarının qovuşduğu ərazidə körpə farel balıqlarının çaya buraxılması mərasiminə həm şahidlik etdik, həm də prosesin iştirakçısı olduq. Çəkisi 30-50 qram olan 1 000 ədəd körpə balıq çay hövzəsinə buraxıldı. Yeri gəlmişkən qeyd edək ki, qızıl xallı farel yerli şirin su hövzələrinə uyğun olduğu üçün məhz bu balıqların buraxılışı nəzərdə tutulub. Qeyd edim ki, qızıl xallı farel həm də Azərbaycanın "Qırmızı kitab"ına düşmüş növdür. Bərgüşad və Həkəri çaylarının qovuşduğu ərazidəki təbii mənzərə tamam başqa idi. Ətrafı yabanı halda bitmiş yarpız, nanəcövhərin ətri bürümüşdü. Çayın sahilindəki bulaqotunun isə ayrıca bir tamı var idi.
.jpg)
Sonda IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Ümumrespublika Yaşıllaşdırma Marafonu" ("Yaşıl Marafon") çərçivəsində Qubadlı rayonunda növbəti ağacəkmə aksiyası keçirildi. Ərazidə 750-ə yaxın ağac əkildi. Hansı ki, həmin sahədə 1970-ci illərin sonlarına qədər böyük tut plantasiyaları olub. İl ərzində burada 100 tona yaxın barama istehsal olunub. Çox təəssüf ki, çörəyimizi yeyib, suyumuzu içən, evimizin yuxarı başında əyləşən ermənilər hər şeyə rəğmən 82 tut ağacını kəsərək ekologiyaya və ətraf mühitə ciddi ziyan vurublar. Belə ki, işğal dövrünə qədər rayon ərazisinin 10 624 hektarı meşə ilə örtülü olub. Peyk təsvirlərinə əsasən işğal dövründə 6240 ha meşə sahəsi məhv edilib. Buna baxmayaraq, biz işğaldan azad olunmuş torpaqlarımızda ekoloji tarazlığı bərpa edərək bütün dünyaya sübut edəcəyik ki, məhz bu torpaqların əsil sahibi bizik. Ağacəkmə kompaniyasında mən də iştirak etdim ki, işğaldan azad olunmuş ərazilərin bərpası işində izim qala...
.jpg)
Ümidimizi üzmürük, çünki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bizləri əmin etdi ki, Qarabağı cənnətməkana çevirmək planı var. Artıq bu torpaqların sahibi geri dönüb: "Bütün dünyaya bu torpaqların sahibi olduğumuzu bir daha sübut edəcək və hamılıqla buranı dünyanın ən dilbər guşələrindən birinə çevirəcəyik. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq "Böyük Qayıdış"ın tərkib hissələrindən biri kimi buradakı ətraf mühitin, ekologiyanın sağlamlaşdırılması istiqamətində görüləcək işlər, hədəflər çox böyükdür". Allah köməyimiz olsun!
Ps: İndi səfərlə bağlı sosial şəbəkələrdə şəkil yerləşdirmək istəyirəm.Lakin müxtəlif məkanlarda çəkdirdiyim 30- qədər şəkil arasndan eləsini tapa bilmirəm ki, orada Cəbrayıla, Qubadlıya aid bir nişanə olsun. Axı ermənilər bu rayonlara məxsus bütün nişanələri yer üzündən siliblər.
Alim
Bakı- Cəbrayıl-Qubadlı-Bakı