Politoloq Nurlan Qələndərli: "İndi Azərbaycan və region üçün yeni dövr başlayır"

"Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda çıxışı zamanı çox mühüm məsələlərə toxundu, tarixi-siyasi reallıqları diqqətə çatdırdı və əhəmiyyətli mesajlar verdi. Dövlət başçısı postkonflikt mərhələsində regional təhlükəsizlik və əməkdaşlıq məsələsinə xüsusi diqqət yetirdi, bu kontekstdə bölgənin gələcəyi ilə əlaqədar strateji önəm kəsb edən nüansları nəzərə çatdırdı. Düşünürəm ki, bu yerli və beynəlxalq ictimaiyyətdə perspektivlə bağlı aydın təsəvvürün formalaşmasına yol açmaqla yanaşı, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə bir daha dolğun surətdə çatdırılması baxımından olduqca əhəmiyyətlidir".

Bu fikirləri "Olaylar"a açıqlamasında politoloq Nurlan Qələndərli deyib. Nurlan Qələndərlinin sözlərinə görə, Prezident İlham Əliyevin bəhs olunan beynəlxalq konfransda çıxışı Azərbaycanın qlobal informasiya məkanında mövqeyinin möhkəmləndirilməsi baxımından da strateji önəm daşıyır: "Ümumiyyətlə, ötən müddət ərzində erməni yalanlarını ifşa edən, Ermənistanın və erməni lobbisinin qara piar kampaniyasını iflasa uğradan Azərbaycan informasiya cəbhəsində də mütləq üstünlüyü təmin edib. Azərbaycan həm müharibədən əvvəl, həm savaş zamanı, həm də postkonflikt mərhələsində informasiya savaşında mühüm uğurlar əldə edib. Xüsusilə də, Prezident İlham Əliyev həm müxtəlif beynəlxalq tribunalardan səmərəli istifadə etməklə, həm nüfuzlu transmilli media orqanlarına müsahibələri, həm də xalqa müraciətləri ilə reallıqları dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Uğurlu informasiya diplomatiyası nəticəsində Ermənistanın "feyk nyus" taktikasının fiaskoya uğradılması, informasiya savaşında strateji yüksəkliklərin fəth olunması qlobal ictimai rəyin lehimizə dəyişməsini şərtləndirib".

Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin sözügedən konfransda səsləndirdiyi fikirlər həm də onu deməyə əsas verir ki, 44 günlük müharibədə qalib gələrək öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edən, yeni geostrateji reallıqlar yaradan Azərbaycanın perspektivə dair aydın strateji baxışları var: "Əlbəttə, Azərbaycanın yaratdığı reallıqlar təkcə respublikamız deyil, bütövlükdə region dövlətləri və aparıcı güc mərkəzləri üçün mühüm dividendlər vəd edir. Çünki bu gerçəkliklər fonunda yeni unikal əməkdaşlıq imkanları yaranıb, regional təhlükəsizlik şəraitində formalaşdırılacaq işbirliyi platforması rifah və inkişaf vəd edir. Avrasiyanın yeni nəqliyyat-kommunikasiya xəritəsini yaradan, regionda yeni əməkdaşlıq və təhlükəsizlik mühiti formalaşdıran Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə bölgədə əsası qoyulacaq çoxşaxəli tərəfdaşlıq platforması strateji əhəmiyyətə malikdir".

Nurlan Qələndərlinin sözlərinə görə, yaranmış reallıqlardan biri ölkəmizin yerləşdiyi regionun yeni geostrateji status əldə etməsidir: "Şərqdən Qərbə geosiyasi tranzit oxunun mərkəzi nöqtələrindən olan bu bölgə, şübhəsiz ki, yeni mərhələdə çoxaktorlu - multilateral əməkdaşlıq platformasına çevriləcək. Yeni mərhələdə bir sıra geosiyasi ittifaqlar Cənubi Qafqazın iqtisadi dividendləri və nəqliyyat-logistika imkanları üzərində təşəkkül tapacaq. Və bu bölgə Avrasiya geostrateji məkanının "heartland" nöqtələrindən birinə çevriləcək.

Bütövlükdə, hesab edirəm ki, indi Azərbaycan və region üçün yeni dövr başlanır. Bu mərhələ ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında yüksəlişi ilə müşayiət olunacaq".

Yeni reallıqların Azərbaycanın üstün mövqeyini təsbit etdiyini deyən politoloq əlavə edib ki, Ermənistan məhz bu faktları nəzərə alaraq reallıqdan çıxış etməli, rasional və praqmatik mövqe tutmalıdır: "Daha dəqiq desək, Ermənistan müharibənin nəticələrindən dərs çıxarmalı, təxribatçı hərəkətlərdən çəkinməlidir. Ermənistan üçün yeganə çıxış yolu Azərbaycanın yaratdığı yeni geostrateji reallıqlar fonunda konstruktiv mövqedən çıxış etmək, əməkdaşlıq imkanlarından istifadə və perspektiv layihələrdə təmsil olunmaqdır". "Yeri gəlmişkən, bu gün Ermənistanda istər hakimiyyətdə təmsil olunan bəzi siyasi dairələrin, istərsə də özünü klassik müxalifət adlandıran fiqurların revanş haqqında fikirlər səsləndirmələrinin də şahidi oluruq. Təbii ki, bu, yerli və qlobal ictimai rəylə manipulyasiya cəhdindən başqa bir şey deyil. Çünki onlar özləri də yaxşı bilirlər ki, 44 günlük müharibədə Azərbaycanın qarşısında əzici məğlubiyyətə uğrayan Ermənistanın revanş üçün hər hansı potensialı və gücü yoxdur. Zatən sosial-iqtisadi tənəzzülə uğrayan Ermənistan müharibə dövründə çox ciddi demoqrafik və iqtisadi itkilərə məruz qaldı. Beləliklə, bu gün məğlub ölkənin həm iqtisadi gücü, həm demoqrafik potensialı yeni bir müharibə aparmaq imkanını istisna edir. Digər tərəfdən, Ermənistan regional və beynəlxalq proseslərə təsir etmək, yeni geostrateji reallıqları dəyişdirmək iqtidarında olan dövlət deyil. Biz bilirik ki, bu ölkə 30 ilə yaxın davam edən işğalçılıq siyasəti səbəbindən regionda təcrid vəziyyətinə düşüb, bütün layihələrdən kənarda qalıb, siyasi autsayderə çevrilib, hər hansı bir geosiyasi və geoiqtisadi üstünlüyə malik deyil. Eyni zamanda, Ermənistan beynəlxalq münasibətlər sistemində müstəqil aktor kimi təmsil olunmur, o forpost adlandırılır və bəzi güc mərkəzlərinin diktəsi ilə hərəkət edən zəif geosiyasi fiqurdur. Ona görə də Ermənistandakı bəzi siyasi dairələrin revanş haqqında absurd iddialarla çıxış etməsi reallıqlara uyğun deyil, cəfəngiyyatdır və sadəcə olaraq həm daxili, həm də beynəlxalq müstəvidə ictimai rəyi yanıltmağa hesablanmış müvəqqəti taktiki gedişlərdir",-deyən politoloq onu da əlavə edib:

 Azərbaycanın aparıcı mövqeyi fonunda Cənubi Qafqazda yaranan yeni əməkdaşlıq və təhlükəsizlik şəraiti bütövlükdə beynəlxalq münasibətlərin gələcəyinə ciddi təsir göstərəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31