Azərbaycan güc və hədə dili ilə dövlətlərə geosiyasi maraqları qəbul etdirməyi yolverilməz hesab edir
14 Aprel 2021 18:58 SiyasətDağlıq Qarabağ münaqişəsinin həllinin əsas etibarilə başa çatması regionda Ermənistanı himayə edən qüvvələrin nəzarətinin zəifləməsinə və Azərbaycana olan təsir imkanlarının azalmasına gətirib çıxaran mühüm faktorlardan biri hesab etmək olar. Münaqişənin həlli Azərbaycanın siyasi süverenliyinin bərpası, mövcud potensialından tam istifadəsi, iqtisadi-siyasi-hərbi gücünün daha da qüdrətlənməsinə böyük imkanlar yaratmış olur. Bu regionda yeni bir güc mərkəzi olaraq, vəziyyəti öz milli maraqlarına uyğun, öz şərtləri daxilində diktə etməyi bacara bilən daha güclü bir dövlətin formalaşmasına təkan vermiş olur.
Amma şübhəsiz ki, Azərbaycan regional sülhün və təhlükəsizliyin təmin edilməsi, iqtisadi-ticari əlaqələrin daha da genişlənməsi baxımından region dövlətləri ilə münasibətlərin qarşılıqlı faydalı əməkdaşlıq, suveren bərabərlik prinsipləri çərçivəsində qurulmasına üstünlük verir. Azərbaycan güc və hədə dili ilə dövlətlərə geosiyasi maraqları qəbul etdirməyi yolverilməz hesab edir.
Etiraf etmək lazımdır ki, Azərbaycanın hazırkı dönəmdəki nüfuzunun qalxmasında Türkiyənin son davranışları kifayət qədər böyük olmuşdur. Türkiyənin müharibə və postmüharibə dönəmində Azərbaycana siyasi dəstəyi, onun maraqlarına xidmət edən bəyənatlar səsləndirməsi regionun təhlükəsizliyində, sabitliyin təmin olunmasında narahatlığı mühüm rol oynamışdır. Türkiyənin artan nüfuzi, güclənməkdə olan beynəlxalq imici fonunda göstərdiyi bu hərbi-siyasi dəstəyi Azərbaycana qarşı yönəlmiş digər siyasi qüvvələrin öz hərəkətlərinə yenidən baxmağına zərurət yaratmış oldu.
Məhz qeyd olunan məsələlərin real təsdiqi kimi, ölkə başçısı cənab İlham Əliyevin 13 aprel tarixində "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfrasındakı çıxışı, ciddi bəyənatlar səsləndirməsi rəsmi İrəvana və onun havadarlarına hesablanmış mühüm mesaj kimi dəyərləndirilə bilər. Əvvəlki illərlə müqayisədə kifayət qədər açıq mətnlə ifadə edilən bu bəyənatlar ölkənin artan iqtisadi-siyasi-hərbi hücünə olan inamın bariz nümunəsidir. Əsasən də Ermənistanı Şuşa şəhərinə satışı qadağan edilmiş "İskəndər -M" raketlərini atdığına görə ciddi şəkildə qınaması və o silahın istehsalçısı olan Rusiyadan açıqlama tələb etməsi regionda yeni geosiyasi vəziyyətin, yeni reallıqların yarandığını göstərir. Əsasən hərbi güc amilindən, həmçinin sosial-iqtisadi-psixoloji təsir imkanlarından istifadə etməklə regionu nəzarətdə saxlamaq imkanlarının tədricən zəiflədiyi hiss olunur.
Ramid Hüseynov
siyasi elmlər üzrə fəlsəfə doktoru,
dosent