ÇEÇƏLƏ “MÜTTƏFİQ RESPUBLİKA”NIN AQİBƏTİ ƏKBƏR QOŞALI YAZIR

Əkbər QOŞALI

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 27-dən bəri - Azərbaycan Böyük Vətən Müha­ribəsinin getdiyi 40 gün içində, az qala, hər gün nüfuzlu xarici media orqanlarının çoxsaylı, çoxmənalı suallarına cavab verir. Prezidentin cavabları beynəlxalq ictimai fikrin düzgün qidalanması, Azərbaycan həqiqətlərinin yayılması, tirajlanması üçün örnək təşkil edir. Belə müsahibələrdən biri noyabrın 4-də İspaniyanın EFE informasiya agentliyinə verildi.

EFE - İspan dilində əsas multimediya xəbər agentliyi olub, "Associated Press", "Reuters" və "Agence France-Presse"dən sonra dünyanın 4-cü ən böyük xəbər xidməti sayılır. EFE 1939-cu ildən fəaliyyətdədir. EFE mətbuat, radio, televiziya və internet xəbər mediasında bütün məlumat sahələrini əhatə edən bir xəbər agentliyidir. 120 ölkədən 180-dən çox şəhərdən 7/24 fəaliyyət göstərən və üç qitədə (Madrid, Boqota, Qahirə və Rio-da) dörd redaktə masası ilə fəaliyyət göstərən 60 millətdən olan 3000 jurnalisti əhatə edən nəhəng quruluşdur.

Öncə müsahibədə əks olunan əsas məqamları ən ümumi şəkildə sıralamağa çalışaq:

-Azərbaycan 30 il işğal altında olan ərazisinin böyük hissəsini azad edib.

-Biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisini, Azərbaycanın ərazi bütövlüyünü bərpa edirik.

Biz işğal altında olan digər rayonların işğaldan azad edilməsinin aktiv mərhələsindəyik;

-Ermənistan humanitar atəşəkəsdən resursları səfərbər etmək və yeni hücuma keçmək üçün istifadə etmək istədi;

-Azərbaycanın mövqeyi sağlam düşüncəyə, humanitar zəminə əsaslanır və beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir;

-İndi sülh prosesi artıq qismən yerinə yetirilmiş əsas prinsiplərin qalan hissəsinin icrasına əsaslanmalıdır;

-Azərbaycanın təhlükəsizliyini təmin etmək və əməliyyatın daha səmərəli olması üçün ermənilərin mühüm hərbi obyektlərini vurulmalı idi;

-Bizi itiham etməyə çalışanlar nə üçün Ermənistan tərəfindən muzdluların döyüşdüyünü görmürlər?

-Ermənistan təcrid olunub.

Biz dəfələrlə Ermənistana müxtəlif həll yolları təklif etmişdik, lakin onlar bunları qəbul etməmişlər...

Gəlin fikirlərimizi EFE əməkdaşının bir sualı və o suala cavab üzərindən davam etdirək:

-Əgər onlar (Ermənistan tərəfi - Ə.Q.) Dağlıq Qarabağın müstəqilliyini tanıyarlarsa, Sizin buna reaksiyanız necə olardı?

-Bilirsiniz, onlar müstəqilliyi tanımaq istəsəydilər, uzun müddət bundan öncə tanıyardılar. Nəyə görə əvvəl tanımadılar? Çünki onlar aydın başa düşürdülər ki, bu, çox məntiqsiz addım nəticəsində danışıqlar tamamilə dayanacaqdır. Odur ki, onlar bunu etsələr, danışılası bir şey qalmayacaq. Sonra nə sülh təşəbbüsü, nə əsas prinsiplər, nə də gələcək tənzimləmə, heç nə masa üzərində olmayacaq. Hesab edirəm ki, onlar bunu başa düşürlər. Onlar həmişə bundan bizi qorxutmaq üçün bir alət kimi istifadə etmək istəyirdilər və deyirdilər Azərbaycan bunu etsə, biz müstəqilliyi tanıyacağıq. Mən bu müharibə günlərində dəfələrlə demişəm və indi də deyirəm, Ermənistanın baş naziri, bu gün Dağlıq Qarabağı tanı, bunu et, cəsarətini göstər, sözünün bir məna daşıdığını göstər, bu gün Dağlıq Qarabağı tanı. Yenə də siz görəcəksiniz ki, onlar bunu etməyəcəklər. Çünki onlar qorxaqdırlar, onlar yalnız dinc vətəndaşlara qarşı vuruşa bilirlər və onlar gücümüzü, birliyimizi görüb qaçırlar.

Dövlət başçısının cavabı Ermənistan-Azərbaycan elanolunmamış müharibəsinin ən yeni fazasının, ümumən 30 illik tarixcənin özətidir.

Ermənistan bir dövlət misalı və ermənilər bir xalq misalı, daşıya biləcəklərindən artıq yüklər altındadır. Onları bu yükü daşımağa kimsə vadar etməyib, əslində. Ötən iki yüzillik ərzində nə olmuşdu olmuşdu - Rusiya və başqa ölkələrin əlində (öz hirslərinə yenilibən) maşa olmuşdular;  Rusiyanın hesabına, yoxdan bir dövlət qurmuşdular (yaxud qurmuş kimi görünürdülər). Əgər ağıllı davranıb, haqq etmədən əldə etdiklərinə qane olsalardı, Ermənistan da, bölgə də bir başqa dizayn və şəkildə ola bilərdi. Necəmi? - Bir balaca xırdalamağa çalışaq:

Hətta Sovet akademik tarixşünaslığının da təsdiq etdiyi kimi, Ermənistan SSR elan olunanda dünya erməniliyi bunu toy-bayramla, böyük sevinclə qeyd etmişdi. - Təkrar edirəm: tarixdəki ilk erməni dövləti..! Harda qurulmuşdu o dövlət? - Mübahisəgötürməz şəkildə Azərbaycan torpaqlarında. - Yüz illərə, min illərə dayalı toponimlər, abidələr, yaxın-uzaq tarixin bəlli bəlgələri, hər birimizin az qala adbad tanıdığımız ailələrin, nəsillərin kökəni "Ermənistan Ermənistan deyil!" deyir. Deyir ki, "burası bir Azərbaycan-türk yurdudur"!

Və beynəlmiləlçilik, internasionalizm, nə bilim, sosrelaizm, mərkəzçilik, kollektivləşmə-filan... çox işlərinə yaradı ermənilərin. Uzaqbaşı nazir səviyyəli bilgi və qabiliyyətə malik Mikoyan az qala yarıməsr SSRİ boyda bir quruluşun ən önəmli dövlət, hökumət vəzifələrində əyləşdirildi; ortabab polkovnik, daş çatlasa, general-mayor rütbəsindən o yana keçməyəsi Baqramyan və onun kimi 4-5 erməni marşal edildi; SSRİ hüquq-mühafizə orqanlarında Qdlyanlaşma metastaz verdi; ədəbiyyat köksüzlüyündən əziyyət çəkə-çəkə "Drujba Narodov"un baş redaktorunun I müavini və redaksiya heyətinin daha bir üzvü erməni olardı adətən... və sair və ilaxır... bir misala fikir verin: Moskvadan çox uzaqlardakı qırğız kəndi Şəkərdən çıxmış gənc yazıçı Çingiz Aytmatovun istedadını və böyük gələcəyini hiss edən həmin o "Drujba Narodov"a kök atmış ermənilər, Aytmatovun gəncliyini, uzaqlardan gəldiyini, səmimiliyini  gördüklərindən, öz hiyləgərlikləri ilə onun əsərlərinin çapını qabağa salır, nə bilim, xoş üz göstərirdilər və əvəzində rəhmətliyin bəzi əsərlərinin epiloquna guya "qədim erməni nəğməsi"ndən üç-dörd misra yamaq edirdilər...

Nə başınızı ağrıdım, SSRİ dönəmində dotasiya ilə dolanan çeçələ barmaq "müttəfiq respublika"nın içdəki-dışdakı başbilənləri, 90-cı illərdə zənn etdi ki növbəti hərəkətə keçmənin tam zamanıdır. Necəki ermənilər Osmanlı, Çar Rusiyası, Qacar sülaləsi çöküncə... ordan-burdan toplanıb, toplandırılıb, Qarabağ, Üçkilsə (Eçimədzin), İrəvan, Zən­gəzur və b. Azərbaycan milli coğrafiyasına aid torpaqlarda "gələcək ehtimali erməni dövləti" üçün yedəkdə tutuldu... Sonrası bəllidir: Ermənistan SSR və DQMV çıxdı ortalığa...

Əgər ermənilər ehtiraslarını, qara hisslərini cilolvaya bilsələrdi, öz güclərini düzgün hesablaya bilsələrdi, indi Ermənistan beynəlxalq iqtisadi layihələrin iştirakçısıydı, ermənilər Bakıda, Gəncədə, Sumqayıtda və b. şəhərlərimizdə bəy balası kimi yaşayırdı. Yaşamaz olsunlar zatən, yaşamaz olsunlar! Ancaq deməm o ki onlar makismalist davranmaqdan bir türlü əl çəkə bilməzkən, əsassız cəhdləri, əsilsiz iddiaları ilə nəhayət bizim tarixin təkərini gərək olan tərəfə fırlada bilməyimizdə iştirakçıya çevrildilər. Cənab Prezidentin dediyi kimi, bu gün müzəffər Azərbaycan Ordusu, tarixi ədaləti bərpa edir! Ermənilər çox yanlış yapdı - dövlətləri yanlış, tarixləri yanlış, mədəniyyətləri yanlış, dinləri yanlış, yanlış da yanlış... Və nəhayət indiki Azərbaycan dövlətinin, şəxsən dövlət başçısının qüdrətini düzgün hesablaya bilmədilər! Budur, uzun illər hiylə ilə, kələklə, fırıldaqla, başqa dövlətlər, xalqlar arasındakı münasibət və ya münasibətsizliklərdən yararlana-yararlana əldə etdikləri haram imkanları itirməyin eşiyin­də­dirlər! Şəxsən bu sətirlərin müəllifinin aylar öncə yazdığı "Ermənistanın Təslim Aktı", "Ermənistanın qeyd-şərtsiz kapitulyasiyası" artıq layihəlikdən gerçəkliyə yaxınlaşır - Azər­bay­canda da, Ermənistanda da əsas gündəm mövzuları sırasında təbliğ yaxud tənqid edilən ( -fərq etməz- ), diqqət mərkəzində olan mövzuya çevrilir. Bu mövzunu aktual edən Azərbaycan Ali Baş Komandanın başçılığı ilə hərb və diplomatik-siyasi meydanda xarüqələr yaradan Azər­baycan dövlətidir, xalqımızdır, hərbçilərimiz və diplomatlarımızdır! Müqədəddəs işə könül vermiş hər kəsin bu icraatda payı var!

BAYRAĞINMIZ UCA OLSUN!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

p.s. Doğrusu, mən EFE-nin ispanca hansı anlama gəldiyini, adqısaltması olub-olmadığını bilmirəm; ancaq bizim qardaş ölkədə işlənən efe sözünün anlamını bilirəm: zeybek igidi, igid, zeybək, ağabəy - və bu gözəl sifətləri hərb meydanında xilaskarlıq missiyasını həyata keçirən bütün Azərbaycan oğullarına şamil edirəm!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31