Azərbaycan - Türkiyə münasibətlərinin inkşafında hər iki tərəf maraqlıdır
5 Noyabr 2020 15:29 SiyasətSirr deyil ki, Azərbaycanla Türkiyə arasında əlaqələrin böyük və qədim tarixi var. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu əlaqələri şərtləndirən amillər sırasında yer alır. Dəfələrlə Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdiriblər. Hələ 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun uzun mübarizələr və müharibələr nəticəsində Bakını xilas etməsi Azərbaycan üçün önəmli dönüş nöqtəsi idi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi: "Türk ordusunun Azərbaycana, Bakıya gəlməsi, Azərbaycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan xalqı həmin ağır dövrdə türk xalqının ona göstərdiyi köməyi heç vaxt unutmayacaqdır". Həmçinin, Anadoluda Qazi Mustafa Kamal Atatürkün öndərliyi ilə aparılan milli mücadiləyə azərbaycanlılar maddi və mənəvi yardım göstəriblər. Bundan başqa, Azərbaycan Sovet İttifaqının tərkibində olarkən iki respublika arasında rəsmi münasibətlər mövcud olub. Konkret olaraq 1967-ci ildə Türkiyə Cümhuriyyətinin Baş naziri Süleyman Dəmirəlin və 1969-cu ildə Türkiyə Cümhuriyyətinin prezidenti Cövdət Sunayın Bakıya səfərləri bu əlaqələrin xarakterinin müəyyənləşdirilməsində böyük rol oynayıb.Yeri gəlmişkən qeyd edək ki, Türkiyə nəinki Azərbaycanın, eyni zamanda bütün Qafqazın taleyində önəmli rol oynayan əsas region dövlətindən biridir. Hələ qədim zamanlardan bu ölkə özünün Qafqaz siyasətinə çox ciddi önəm verərək bölgədə cərəyan edən hadisələrə fəal müdaxiləsi ilə seçilib. Azərbaycan Türkiyə üçün Qafqazda olduğu kimi, həm də Orta Asiya və Xəzər bölgəsində digər dövlətlərlə, xüsusən türkdilli dövlətlərlə əlaqə üçün mühüm vasitə rolunu oynayır. Hazırda isə Türkiyə nəinki regional, eləcə də beynəlxalq qıobal problemləri həll etməyə qadir ölkəyə çevrilib. Onu da qeyd edək ki, Azərbaycan - Türkiyə münasibətlərinin inkşafında hər iki tərəf maraqlıdır. Türkiyə Azərbaycan üçün beynəlxalq aləmdə müttəfiq və dayaqdırsa, Azərbaycanın da güclü dövlət olması Türkiyənin dünya siyasətində gücünün və rolunun artırması deməkdir. Ona görə də bu iki dövlətin münasibətlərinin beynəlxalq hüquq normalarından irəli gələn prinsiplər əsasında inkşafı zəruridir. Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir" və Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" fikirləri həm Türkiyədə, həm də Azərbaycanda iki ölkə arasındakı münasibətlərin tarixini, bu gününü və perspektivlərini özündə dəqiq ifadə edən ən mükəmməl formul kimi qəbul edilməkdədir. Azərbaycanın Qarabağ savaşında isə bu qardaşlıq münasibti özünü daha da qabarıq büruzə verdi. Türkiyə Cumhuriyyətinin ən ali yüksək vəzifəli şəxsindən tumuş adi vətəndaşına qədər hər bir kəs birmənalı olaraq Azərbaycana dəstək verdi.
Millət vəkili Naqif Həmzəyev qeyd edib ki, hazırda dünyada Azərbaycan Türkiyə kimi bir-birinə bu qədər yaxın olan ikinci bir dövlət nümunəsi göstərmək mümkün deyil. Millət vəkili iftixarla qeyd edib ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanı tanıyan ilk dövlət Türkiyə olub: "Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan - Türkiyə əlaqələri günü-gündən möhkəmlənir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. İlk gündən Türkiyə Azərbaycanın dövlət quruculuğu yolunda atdığı addımları daim dəstəkləyib, böyük dövlətlərin iştirak etdiyi tədbirlərdə Azərbaycan naminə haqq səsini ucaldıb. Xüsusilə, bu günlər Azərbaycanın illərdir düşmən tapdağı altında qalan torpaqlarının azadlığı uğrunda mübarizəyə qalxdığı bir vaxtda Türkiyənin ölkəmizin yanında olması, haqq savaşımızı dəstəkləməsi tarixdən gələn qardaşlığımızın və dostluğumuzun ən bariz ifadəsidir. Ölkəmizin ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin həmişə Azərbaycan xalqının yanında olması böyük dostluğumuzun, qardaşlığımızın ifadəsi və həmrəyliyimizin rəmzidir. Bu gün əzəli-əbədi torparlarının haqq mübarizəsini aparan Azərbaycanın yanında Türkiyə kimi böyük dövlətin olması dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara mesajdır. Türkiyə dövlətinin başçısının, dövlət rəsmilərinin, bütün türk cəmiyyətinin Azərbaycan xalqına verdiyi mənəvi və siyasi dəstək ölkəmizin gücünü, qüdrətini daha da artırır".
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında yaranmış dostluq və qardaşlıq münasibətləri ikitərəfli əlaqələrimizin bütün sahələrdə daha da genişlənməsinə öz müstəsna töhfəsini verir: "Bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq Azərbaycanla Türkiyə arasında bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat, ticarət, humanitar, regional təhlükəsizlik, hərbi və digər sahələrdə əməkdaşlıq ən yüksək səviyyədə davam etdirilir. Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə 2017-ci ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmiryol xəttinin açılması, Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə Bakının Azadlıq Meydanında keçirilmiş hərbi parad, Türkiyədə Azərbaycan tərəfindən 6,3 milyard ABŞ dolları yatırım edilmiş "STAR" neft emalı zavodunun fəaliyyətə başlaması, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və TAP kimi enerji layihələri hər iki ölkə arasındakı birliyin, qardaşlığın möhtəşəm təntənəsidir. Bu günlərdə Türkiyə vətəndaşlarının ölkə Prezidenti İlham Əliyevə ünvanladığı məktublarda da qardaş ölkənin dəstəyinin, dostluq, qardaşlıq münasibətlərinin, birliyin əsrlərin sınağından uğurla çıxdığı, 83 milyonluq Türkiyə xalqının hər zaman öz qardaşının yanında olduğu nümayiş etdirilib. Eyni zamanda Türkiyənin İzmir şəhərində baş verən təbii fəlakət, zəlzələ hər bir azərbaycanlının dərin kədərinə səbəb oldu. Belə bir vaxtda Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətinin, Türkiyə Respublikasının keçmiş Baş Naziri, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri, millət vəkili Binəli Yıldırımın başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri qardaş ölkənin ölkəmizə ifadə etdiyi dəstəyin əyani göstəricisidir. TBMM-nin Sədri Mustafa Şentopun, Türkiyə Gənclər Fondunun, Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin nümayəndələrinin ölkəmizə və Gəncəyə səfərləri, Türkiyə parlamentində təmsil olunan 4 partiyanın Azərbaycana birmənalı dəstək verməsi iki ölkə arasındakı dostluğun bariz nümunəsidir. Azərbaycan ilə Türkiyə arasında uzun illərin sınağından çıxmış dostluq və qardaşlıq münasibətləri bir daha onu göstərir ki, iki ölkə arasındakı əlaqələr əbədidir və heç bir qüvvə Azərbaycan - Türkiyə dostluğunun, qardaşlığının qarşısını ala bilməz".
Alim